"RİA Novosti" iddia edir ki, Azərbaycan da Rusiya tərəfindən irəli sürülən bu təşəbbüsə qoşulacaq. Ölkəmizi neft hasilatçılarının görüşündə energetika naziri Natiq Əliyev təmsil edəcək. Son məlumatlara görə, OPEC-in iclasına, ümumilikdə 18 ölkə qatılacaq. Qazaxıstan daxil olmaqla, 6 ölkə dəvəti hələ təsdiqləməyib. Norveç və Liviya isə toplantıya qatılmaqdan imtina edib.
Bir neçə gündür ki, dünya bazarında neftin qiyməti artmaqdadır. Əksər ekspertlər bu artımın 17 aprel Doha görüşünə qədər davam edəcəyini bildirirlər. Bəs, görəsən neft hasilatın yanvar ayındakı səviyyədə saxlanması neftin dünya bazarındakı qiymətinə necə təsir edəcək?
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şabanın fikirincə, Doha görüşünün əsas məqsədi nefti ədalətli qiymət çərçivəsinə çatdırmaqdır. Şaban hesab edir ki, hasilatçı ölkələr ədalətli qiyməti də hazırkı şəraitdə 50-60 dollar dəhlizində görür.
"Hazırda neftin qiyməti 40 dollardan bir qədər yuxarıdır. Birinci rübdə orta qiymət isə 36 dollar olub. Yəni bu ədalətli qiymətdən çox geri qalır. Ona görə də ədalətli qiymətə çatmaq üçün variantlar axtarırlar", —deyə ekspert Sputnik-ə açıqlamasında bildirib.
Onun fikrincə, neft hasil edən ölkələr hasilatı artırmamalıdır: "Neftə olan təlabat yavaş-yavaş artmalıdır. Bunun nəticəsində isə qiymətlər qaxmalıdır. Məntiqlə düzgün addımdır. Toplantıya qatılan ölkələrin əksəriyyətinin iqtisadiyyatı neft üzərində qurulub. Əlbəttə ki, onlar son il yarımda itirdiklərini müəyyən qədər kompensasiya etmək ümidindədir. Bu iki ayda gedən danışıqların məğzi bundan ibarətdir. Ortada başqa bir məsələ yoxdur".
Toplantıya qoşulmayan ölkələrə gəlincə isə, İ. Şaban bildirib ki, digər ölkələrin hasilatı azaltdığı bir məqamda İran itirdiyi mövqeləri bərpa etmək niyyətindədir. Avropanın ən böyük neft hasilatçısı olan Norveç isə bazara süni müdaxilələrin əleyhinədir. Ekspert düşünür ki, bazara müdaxilələrlə hər hansı periodda nəsə əldə etmək olsa da, bunu uzun müddət davam etdirmək mümkün görünmür.
İqtisadçı ekspert Qubad İbadoğlu isə düşünür ki, indiki halda iqtisadi situasiya bütövlükdə dünya bazarında neftin qiymətinin ciddi şəkildə bahalaşmasına əsaslar yaratmır: "Elə məhz bu narahatçılıqdandır ki, neft ixrac edən ölkələr tez-tez görüşür. Çünki neftin qiymətinin baha olması onların marağındadır. Əgər iqtisadi situasiya bunu təmin edərdisə, onlar buna siyasi təsir etmək üçün toplaşmazdılar".
"Bu toplantının neftin qiymətlərinə hansısa bir təsirləri olacaqsa, mənə elə gəlir ki, bu təsirlər cüzi ola bilər. Müəyyən müddətdən sonra qiymətlər yenə əvvəlki səviyyəyə qayıdacaq. Yəni aşağı olan səviyyədə sabitləşəcək", —deyə iqtisadçı vurğulayıb.
Onun qənaətinə görə, ciddi qiymət artımı olmadan valyuta gəlirlərini artırmaq olmayacaq: "Çünki iqtisadiyyatda həm neft hasilatının xərcləri artıb, həm də bötüvlükdə hasilatın özü aşağı düşüb. Bax bu iki faktor isə neftdən əldə olunan gəlirlərə azaldıcı təsir göstərir".
Qeyd edək ki, neft hasilatçıları Doha görüşündən vəziyyətin müsbətə doğru dəyişməsinə təkan verəcək qərar gözləyirlər.