BAKI, 18 apr — Sputnik. Havalar isindikcə, istirahət üçün Dənizkənarı Milli Parka üz tutan paytaxt sakinlərinin sayı artır. Bəs bulvar yeni yay sezonuna necə hazırlaşır? Restoranlar, əyləncə məkanları, kafe və çayxanalarda hansı qiymətlərlə üzləşəcəyik? Keçən ilki kimi, bu il də süni, şişirdilmiş qiymətlər tətbiq olunacaqmı?
Bu kimi suallara yerində cavab tapmaq üçün, Dənizkənarı Milli Parka yollandıq. Baxmayaraq ki, hələ yay gəlməyib, kafe və restoran qiymətləri artıq indidən "od tutub yanır". Bunu həm özümüz müşahidə etdik, həm də gəzintiyə çıxan sakinlərdən eşitdik.
Bulvarda məşhur "saat"ın yanında yerləşən "Rast" kafesindən öz həyat yoldaşı ilə çıxan Eynar Mirzəyev, Sputnik-in əməkdaşı ilə söhbətində deyib: "Balakəndən 2 gündür gəlmişik. Yoldaşım beş il öncə BDU-nu bitirib və Bakı üçün darıxdığını dedi. Mən də xahişini yerə vurmadım və işdən 1 həftəlik icazə alıb yola çıxdıq. Amma düşünürəm, 3 gündən artıq burda qala bilməyəcəyik. Yoxsa qayıtmağa pulumuz qalmayacaq".
Çaya görə 15 manat ödədiklərini söyləyən Mirzəyev, "buralara yad olduğum üçün, kafeyə girəndə çayın nə cür, hansı qiymətlə verildiyini soruşmadım. Ofisiant sadə çay əvəzinə bizə dəstgah gətirdi. Etiraz edib sadə çay istəsək də, bunun mümkün olmadığı bildirildi. Ya dəstgahı qəbul etməli, ya da kafedən çıxmalı idik. Biz də məcburən onların dediyi ilə razılaşdıq", — deyə əlavə edib.
Balakənli qonaqların dedikləri doğru imiş. "Rast" kafedə sadə çay vermirlər. Mütləq yanında mürəbbə yeməlisən. Sadə dillə desək, cibində ən azı 15 manatın yoxdursa, bu kafeyə girmə. Yoxsa…
Digər kafe və restoranlara da baş çəkdik. Misal üçün, bulvarın Azneft meydanı yaxınlığında yerləşən, üzəri yaşıl şüşəli "Günəşli" kafesində də sadə çay verilmir. Bu məkanda da "çay+mürəbbə qanunu" tətbiq olunur. Qiyməti 7 manat. Öncəkinə nisbətən insaflı qiymətdir.
Təsəvvür edin, 3 il öncə 5 manatlıq çaya şikayət etdiyimiz halda bu gün 7 manata insaflı deyirik. Deməli məkan sahibləri qiymət strategiyasını xalqa qəbul elətdirə bilib.
"Kukla" teatrının yanındakı "Lalə" kafesində menyu normal hesab edilə bilər. 1 çaynik çay burda 2 manata verilir. Demək olar, şəhərlə eyni qiymətə. Amma yemək qiymətləri nisbətən baha idi. 1 pors yemək 5 manatdan başlayır.
"Bulvar" biznes mərkəzinin dənizə baxan hissəsində fəaliyyət göstərən kafedə isə çay fincan formasında təqdim olunur. 1 fincan çay 1 manat. Bu məkanda ən ucuz pivə isə 3 manatdır.
Məşhur "Mirvari", "Delfin" kafelərində çay hələlik 2 manata verilir. Lakin sakinlərdən eşitdiyimizə görə, yayda çayın qiyməti 3 manat olacaq.
Dənizkənarı Milli Parkda ən bahalı restoran "Sahil" kafesidir. "Pasifico, Tosca" da adlanan bu restorana girmək üçün cibinizdə ən azı 25 manat olmalıdır. Əldə etdiyimiz məlumata görə, burada çay dəstgah formasında verilir və qiyməti 25 manatdır.
Bulvarda təkcə kafe və restoranlar yox, köşklər də od tutub alışır. Uşaqları ilə bulvar gəzintisinə çıxan paytaxt sakini Əli Əliyev, köşklərdən aralı gəzməyə çalışdığını deyib: "Özünüz də görürsünüz, uşaqların yaşı azdır. Hər gördükləri şeyi istəyirlər. Onlar haradan bilsinlər ki, qiymətlər bahadır. Şəhərdə 50 qəpiyə, 1 manata olan şirəli içkilər, şirniyyatlar bulvarda 2 manata, 3 manata satılır. Məcbur olub alırıq. Amma bu formada bahaçılıq doğru deyil".
Sakinlər heç də haqsız deyillər. Çünki dənizkənarı milli parkda qiymətlər astronomikdir. Əhali bura sanki istirahət üçün yox, soyulmaq üçün gəlir.