Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Vətəni sevmək sizə görə deyil!

© Sputnik / Hikmet Orhunİki şəhid zabit – baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun dəfn mərasimi
İki şəhid zabit – baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda özünə bu 4 gündə kifayət qədər reklam yığmağı bacaran bu "kişicik"lər, sabah müharibə olsa, ölkdən ilk qaçanlar arasında olacaqlar

BAKI, 13 apr — Sputnik. Aprelin 2-5-də cəbhə bölgəsində erməni tərəfinin törətdiyi təxribat Azərbaycan ordusunu hərəkətə keçirdi. Əsgərimiz düşmən tapdağı altında olan torpaqları geri almaq üçün yenidən ayağa qalxdı.

4 günlük savaş 31 əsgərimizi əlimizdən aldı. onlarla ev oğulsuz, atasız, başsız qaldı. Bu 4 gündə oğulları cəbhə bölgəsində olan analar sabahı diri gözlə açarkən, qapısına oğlunun cənazəsi gələn ana saçlarını yolub balasına ağı deyərkən, bəzi vətənşüvənlər də hər zamankı vərdişlərindən əl çəkmədilər.

Şəhid Mahir Mirzəyevin son mənzilə yola salınması - Sputnik Azərbaycan
Şəhid əsgərimiz son mənzilə yola salındı

Kimi Ermənistan ordusuna qızların cəlb edilməsinə sevinərək, "Azərbaycan əsgəri bundan sonra daha həvəslə döyüşəcək" deyə rişxənd etdi. Kimi də hələ alınmamış torpaqlarda yer mənimsədi. Hələ isti kabinetində oturub, hər gün bir şəhidin şəklini paylaşıb, "Şəhidlər ölməz, Vətən bölünməz", "Azərbaycan Əsgəri, irəli" kükrəyənləri demirəm.

Hərbidə olanlar əsgərlik şəkillərini paylaşdı, olmayanlar kimdənsə "kirayə" götürüb hərbi geyim geyindi ki, bircə hərbi geyimdə şəkil çəkdirib "Facebook"da paylaşsın… Ki, bəlkə daha çox "Like" yığa. Hə bir də Şəhid ailələrinə gedib oradan selfi edənlər də var idi ki, onlara sözüm yox. Amma bununla bitmədi…

Hərbidə olmayanlar, Azərbaycanın bölgələrinə qazan dibi yalamağa gedənlər, bu gün işğaldan azad olunmuş torpağı öpür, göz yaşı tökür. Hamısı da reklam xatirinə, reytinq xatirinə. Desinlər ki, "halal olsun filankəsə, torpağa görə ağladısa, bizm də halımıza ağlayar".

Bir başqası isə, Biləcəridən kənara çıxmadığı halda, efirdən çıxıb ağız dolusu "Canım Azərbaycanım, sənə canım qurban, Vətənim" deyib hayqırır.

Bakıda özünə bu 4 gündə kifayət qədər reklam yığmağı bacaran bu "kişicik"lər, sabah müharibə olsa, ölkdən ilk qaçanlar arasında olacaqlar. Ya da biri "yararsızlıq" sənədini gətirəcək, biri ailəsini, uşaqlarını gözə soxacaq, bir başqası da yaşının çox olduğunu bahənə edəcək.

İnanın Allaha, bu 4 gündə, bu "dörd günlük müharibədə" özünü sənət adamı adlandıran, özünü xalqın halına yanan aparıcı kimi tanıdan, özünü tanınmış qəzet redaktoru hesab edən şəxslər özlərini o qədər reklam etdilər ki, ömürlərinin sonuna kimi torpaqlar işğal altında qalsa da, "uff" deməzlər.

Mən heç kimi tənqid etmirəm. Sadəcə olaraq, hər əsgər şəhid düşəndə bir günlük də olsa düşünün ki, balanız ölüb. Balanıza yas saxlayın. Özünüzü şəhid analarının, atalarının yerinə qoyun. Bir də Vətəndən, torpaqların işğalından danışanda əvvəlcə özünüzü düşünün, özünüzə sual verin: "Bəs mən hərbi xidmətdə olmuşammı? Ya ölən əsgərin yerində mən olsaydım, ya kimsə mənim yasıma selfi çəkdirməyə gəlsəydi, ya kimsə reklam xatirinə mənim şəklimi paylaşıb "Sağ olsun Vətən" yazsaydı… Mənim sümüklərim sızlamazdımı ki, mən bu adamlara görə şəhid olmuşam? Mənim qanımın üstündən keçib erməni qızları ilə macəralar yaşamaq arzusunda olanlara görə canımdan keçmişəm?".

Şəhid Cabbarxan Hacıyev - Sputnik Azərbaycan
Anasına şəhid olacağını dedi və sözünü tutdu...

Əlbəttə, şəhidlər ölməz, Vətən bölünməz. Amma gedin, özünüzü başqa yerdə, başqa vəziyyətdə reklam edin, sizə qazan dibi yalamaq, təlxəklik etmək yaraşır, Vətəni sevmək sizlik deyil! Buraxın, Şəhid ailələri övladlarının yasını saxlasın. Sizin kimilər üçün övladları öldü deyə, ürəkləri sızlamasın.

Sonda… Dərdin dərdimdir, Şəhid anası! Üzülmə, sənin oğlun şərəfi ilə, namusu ilə dünyasını dəyişdi. Sənin oğlun üçün tək sənin ürəyin yanmadı. Ağlama Şəhid anası! Qoy, sənin dərdinlə özünü reklam edənlər ağlasın, çünki onlar öləndə arxalarından ağlayan olmayacaq. Başın sağ olsun, Şəhid anası!!!

Xəbər lenti
0