Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Bilirsiniz, mən bığsız Budyonnı olmaqdan qorxuram"

© Sputnik / Murad OrujovƏli Məmmədov, əməkdar artist
Əli Məmmədov, əməkdar artist - Sputnik Azərbaycan
Abunə olmaq
Əməkdar artist Əli Məmmədov: "Milyonların sevgisinə çevrilmək hər adama nəsib olmur. Bizim heç birimiz o zirvəyə çata bilmədik"

BAKI, 12 apr — Sputnik. SSRİ xalqlarını 70 illik bir tarix, oxşar talelər birləşdirir. Onları birləşdirən şeylərdən biri də, uzun illər bu nəhəng derjavanın informasiya məkanını yaratmış və ona nəzarət etmiş Sovet Məlumat Bürosudur (SMB). Təsadüfi deyil ki, bu gün belə, keçmiş Sovetlər Birliyində yaşamış adamlar üçün SMB və onun əfsanəvi diktoru Yuri Levitan öz doğmalığını qoruyub saxlayır. 

SMB-nin 75 illik yubileyinin qeyd olunduğu günlərdə Sputnik-in əməkdaşı sovetlərin bir parçası olmuş Azərbaycanın tanınmış informasiya adamları ilə əlaqə saxlayıb. Onlardan biri də, Azərbaycan radiosunun baş diktoru olmuş əməkdar artist Əli Məmmədovdur. Onunla SMB və Levitanla bağlı müsahibəni təqdim edirik.

Diktor Yuri Levitan - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Gebbels Levitanın səsini eşidəndə başını tuturmuş"

- Əli müəllim, bu il 75 yaşını qeyd edən Sovet Məlumat Bürosu, qısaca "Sovinformbüro" dediyimiz o qurum sovet dövrünün parlaq diktorlarından biri olaraq sizin üçün nə demək idi? Onun təcrübəsi sizə və sizin nəsildən olan diktorlara nə vermişdi?

— Onun təcrübəsi bizə çox böyük təsir edib. O vaxt Moskvanın iki televiziyası vardı və bizə translyasiya olunurdu. Biri indiki ORT idi, onda "Ostankino" deyirdilər, bir də RTR — ictimai televiziya funksiyasını yerinə yetirirdi. O vaxtlar biz öz diktorlarımızdan çox onlara qulaq asırdıq. O vaxt orada elə diktorlar işləyirdilər ki, hərəsi bir əfsanə idi. Cavanı da vardı, yaşlısı da. Moskva televiziyasında ən cavan diktorun həmişə azı 35-40 yaşı olurdu. Cavan uşağa dövlət adından olan məlumatları oxumağa vermirdilər. Bəlkə də bu, düz siyasət idi. O vaxt hansına baxırdın, hərəsi bir məktəb idi.

O vaxt bir dənə Azərbaycan kanalı vardı. Sonralar Azərbaycanın ikinci kanalı da yaradıldı. Amma biz daha çox Moskvaya baxırdıq və oranın diktorlarından öyrənməyə üstünlük verirdik. Bizim əsas xəbərlərimiz Sovinformbürodan gəlirdi. Rəhmətlik Valid Sənani, Tofiq Rüstəmov tezdən televiziyaya gəlirdilər, qəzetlərin xülasəsini verirdilər. Sonra kaseti qoyurdular maqnitofona, Moskva radiosuna qulaq asırdılar. Oradakı xəbərləri lentə yazıb həmin saatdaca tərcümə edirdilər və bizim efirə verirdilər. Qalan xəbərləri "Azadinform", bir də bölgələrdəki xüsusi müxbirlər verirdilər.

Şəmistan Əlizamanlı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Levitanı Azərbaycanda coşquyla qarşılayıb, ayağının altında qoyun kəsdilər

Amma əsas və ən təzə xəbərləri Sovinformbürodan alırdıq, gündə təqribən 9-13 xəbər. Elə dünya xəbərlərini də bizə o verirdi. Sovinformbüronun çox xidmətləri olub. O, təkcə informasiyanı hazırlayıb yaymaqla məşğul deyildi. O, həm də SSRİ-nin informasiya müharibəsini aparırdı, ölkə daxilində informasiya təhlükəsizliyini təmin edirdi, hansı informasiyanın necə yayılması ilə bağlı siyasəti müəyyənləşdirirdi. Ona sadəcə bir KİV kimi baxmaq doğru deyildi. O, görüb-götürmək üçün də bir məktəb idi. İndi çox heyfslənirəm ki, o cür dövlət, o cür sistem dağıldı. Pis quruluş deyildi. Bütün quruluşların yaxşı və pis cəhətləri olur. SSRİ-nin üstünlüyü onda idi ki, orada bir nizam-intizam, qanunçuluq, məsuliyyət, qorxu hissi var idi. Qorxunu pis mənada demirəm. İnsanların daxilində bir senzura var idi ki, bunu etsəm, filan nəticələr doğurar, bunu desəm, belə olar. Yəni insanlar öz hərəkətlərində, danışıqlarında son dərəcə məsuliyyətli idilər.

- Bir də Sovinformbüronun əfsanəvi diktoru var idi — Yuri Levitan. Onunla bağlı hansısa xatirələriniz var?

— Levitanla bağlı mənim eşitdiklərim və gördüklərim var. Onlardan bir neçəsini sizə danışım. Levitan mətnləri pafosla, həddən artıq ruh yüksəkliyi ilə oxuyurdu. Müharibədəki vəziyyəti çox yüksək səviyyədə çatdırırdı. Hitler demişdi ki, SSRİ-ni alan kimi ilk işim Levitanı ağzından atmaq olacaq. Qətiyyən şişirtmirəm, Böyük Vətən Müharibəsində qələbə çalmağımızda, sovet ordusu qədər Levitanın da təsiri olub. İstər xalqa, istər cəbhəyə, istərsə də əsgərlərə. Deyim ki, sovet dövründə bizim radionun işçiləri tez-tez Moskvaya ezamiyyətə, təcrübə mübadiləsinə gedirdilər. Rəhmətlik diktor Aydın Qaradağlı deyirdi ki, bir dəfə ezamiyyətə gedəndə Moskvada Levitanla rastlaşıb. Orada Aydın müəllim Levitana irad bildirib ki, "Yuri Borisoviç, belə oxumaq olmaz". Deməli, SSRİ ABŞ-a nota veribmiş. Levitan onu elə tərzdə oxuyub ki, Aydın müəllim də deyib, bu tonda oxumaq düzgün deyil. O soruşub ki, niyə? Bu da deyib ki, birdən Amerika SSRİ-yə nota verdi, onda onu necə oxuyacaqsız? Onda Levitan fikirləşib və deyib ki, "да, это надо подумать" (hə, bunu fikirləşmək lazımdır). Aydın müəllim deyirdi, sonra Levitanın həqiqətən də belə bir halla rastlaşdığının şahidi olub və ürəyində gülüb ki, "görürsən, gəlib mənim dediyimə çıxdın".

Карета скорой помощи в Баку - Sputnik Azərbaycan
SƏHİYYƏ
Diktor Sabir Ələsgərov xəstəxanaya yerləşdirilib

Bir xatirəni də diktor Sabir Ələsgərovdan eşitmişəm. Sabir Ələsgərov getmişdi Moskvaya təcrübə toplamağa. O, danışırdı ki, təcrübə zamanı radionun bir rejissoru onlara Levitandan danışıb. O rejissor nəyinsə üzərində işləyirmiş. Levitan da hansısa fərmanı, yaxud qərarı oxuyurmuş. O, bir neçə dəfə oxuyub, montaj ediblər, qulaq asıblar. Levitan soruşub ki, "ну, как?". Rejissor da deyib, "как всегда". Onda Levitan tutub rejissorun yaxasından ki, sən mənim oxumağımdan narazı qalmısan, de görüm nədir məndə çatışmayan? Onda rejissor deyib ki, "Yuri Borisoviç, zaman o zaman deyil, o zaman keçdi. O cür pafosla, o cür təmtəraqla oxumaq düzgün deyil. Bunu bir az sadə, xalqa daha yaxın dildə oxumaq lazımdır". Onda Levitan deyib ki, "да, я подумаю". İki-üç gündən sonra gəlib rejissora deyib ki, "знаете, я боюсь быть Будённым без усов" (bilirsiz, mən bığsız Budyonnı olmaqdan qorxuram). Rejissor deyib, ondan sonra hamıya xəbərdarlıq elədik ki, Levitana bir də heç bir söz deyilməsin. O nə oxuyur, yazılsın. Bir muzey kimi, bir eksponat kimi, ona heç bir irad tutulmasın, qoy necə istəyir, elə oxusun.

- Bəs siz nə vaxtsa Levitanla şəxsən qarşılaşmısız?

— Mən gözümlə gördüyümü danışım. 1976-cı ildə Azərbaycan radiosunun yaranmasının 50 illiyini qeyd edirdik. Lenin adına sarayda (indiki Heydər Əliyev Sarayı —red.) oturmuşduq. Orkestr radio marşını çaldı, pərdə bağlandı. Gördük ki, dolu bədənli, bəstəboy, eynəkli bir kişi səhnə boyu pərdənin qabağı ilə addımlaya-addımlaya gəlib mikrofonun qabağında dayandı. Səsini də çıxarmır, zala göz gəzdirir, başı ilə zala salam verirmiş kimi işarə edir. Hələ yerdən 1-2 nəfər zarafatla buna söz də atdılar, bu kimdir. Adam mikrofunun qabağında nəfəsini dərib ikicə kəlmə dedi: Внимание, внимание! Bu səsi eşidən kimi zaldan bir alqış qopdu ki, siz onu təsəvvür edə bilməzsiz. Mənim 74 yaşım var, bu vaxta qədər elə alqış eşitməmişəm. Ən azı beş dəqiqə ayaq üstə ona əl çaldılar. O, dəfələrlə başı ilə təşəkkür elədi, "spasibo, spasibo" dedi, ondan sonra təbrikə başladı. Bu, Levitanın Bakıya ilk gəlişi idi.

A statue of Sergo Ordzhonikidze, a close associate of Stalin, standing at the eponymous resort - Sputnik Azərbaycan
Stalin geri qayıdır

İkinci dəfə Levitan Bakıya gələndə 80-ci illərin əvvəlləri idi. O vaxt bizdə sədr Qurban Yusifzadə idi. Mən də onda radionun baş diktoru idim. Onlar bir yerdə gəzməyə getmişdilər, çoxlu şəkillər çəkdirmişdilər. Sonra Qurban müəllim məni çağırdı, şəkilləri verdi, dedi ki, qonaqlar Moskva mehmanxanasında qalırlar, bunları Yuri Borisoviçə çatdırarsan. Mən o paketi götürüb getdim Moskva mehmanxanasına. Özümü təqdim elədim və dedim ki, mənə Levitan lazımdır. Dedilər, Levitan qrupla birlikdə ekskursiyaya gedib. Dedim, bəs məndə ona çatacaq paket var, necə edim? Dedilər, otağını açaq, qoyun ora. Otağı açdılar, gördüm ikiotaqlı lüks bir nömrədir. Konverti otağa qoydum, amma təəssüf ki, onunla üzbəüz görüşmək imkanım olmadı. İndi təəssüf edirəm ki, niyə ikinci dəfə getmədim, özünü görərdim, ya da o şəkillər xatirə olaraq məndə qalardı.

Səhv etmirəmsə, Levitan özü Aydın müəllimə bu əhvalatı danışmışdı: "45-ci ildə, müharibənin axır günləri idi. Studiyada nəsə oxuyurdum. Onda gördüm ki, çiynimə bir əl qoyuldu, yavaşca işarə elədi ki, sən oxu, davam elə. Mən sövq-təbii hiss elədim ki, bu, kimin əlidir. Canlı studiyaya ancaq Stalin girə bilərdi. Mən bir minvalla əlimdəki mətni oxuyub qurtardım, mikrofonu söndürdüm, dönüb gördüm ki, bu, İosif Vissarionoviçdir. Durmaq istədim, yenə çiynimdən basdı ki, otur. Bir əl yazısı çıxardı və dedi ki, bax və oxu. Deyir, mətnə baxdım, gördüm ki, bu, qələbə xəbəridir. Stalin soruşdu ki, baxdın? Dedim, bəli. Dedi ki, elə isə oxu. Mən mətni oxuya-oxuya Stalin studiyadan çıxdı. Oxuyub qurtardım və vərəqi gizlicə qatlayıb cibimə qoydum. Çöldəkilər tez cumdular içəri ki, kağızı ver. Dedim ki, kağızı özü ilə apardı, məndə kağız yoxdur. Dedilər, yox, səndədir. Məni götürdülər, başı aşağı tutub silkələdilər, onda kağız yan cibimdən düşdü. Dedilər ki, bu kağız sənlik deyil, muzeylikdir".

- Sizcə, Azərbaycanda kimin səsi və ifa tərzi onunkuna oxşayır? Fikir var ki, Şəmistan Əlizamanlının səsi oxşayır. Amma Qulu Məhərrəmli deyir ki, Aydın Qaradağlının səsi və ifa tərzi ona daha yaxındır.

— Aydın müəllimin səsi çox yumşaq səs idi. Levitanın səsi baritondur, Aydın müəllimin səsi isə tenordur. Aydın müəllimin səsi daha çox bədii verilişlərə, şeirə, poeziyaya, nağıla uyğun idi. Amma o, siyasi materialları da yaxşı oxuyurdu. Mən o nəsil diktorların hamısı ilə bir evli kimi olmuşam. Hərəsi bir məktəb idi. Amma onların hamısı boyunlarına alırdılar ki, Aydın müəllim hamımızdan bir baş üstündür. Qadınlardan da Fatma Cabbarova. Biz hamımız çalışırdıq ki, yaxşı oxuyaq. Amma onlarda bu, Allah vergisi idi. Ağızlarını açan kimi, başa düşürdün ki, bu adamlar diktor doğulublar. Şəmistan Əlizamanlının səsi bir balaca Levitanın səsinə yaxındır. Mən eşitdiyimə görə, bizdə bir şair var idi, Tələt Əyyubov, onun sözlərinə mahnılar yazılıb, o, vaxtilə bizim radioda diktor işləyib, özü özü haqqında deyirmiş ki, mən Azərbaycanın Levitanıyam. Oxşatmaq olar, məsələn Ramiz müəllimin səsi oxşayırdı, pafosa görə Sabutay Quliyevi oxşatmaq olardı. Amma bu faktı heç kəs dana bilməz ki, Levitanın səsi kimi səs yoxdur, o, bir dənə idi. O, bizim nəsil üçün əfsanə idi. Sovet diktorluq sənəti Levitanla doğulmuşdu. O, sovet diktorluq sənətinin siması idi. Biz — bütün sovet diktorları çox istəyərdik ki, onun kimi olaq. Amma o, orijinal idi. Və heç kəs də onu təkrarlaya bilmədi. Bizə sadəcə ona qibtə etmək qaldı. Milyonların sevgisinə çevrilmək hər adama nəsib olmur. Sovet diktorlardan heç biri Levitanın çatdığı o zirvəyə çata bilmədi…

Xəbər lenti
0