BAKI, 23 fev-Sputnik. Müharibə təkcə oxşar taleli insanları doğurmur. O həm də oxşar xarakterli və oxşar səsləri, tərzləri olan insanları doğurur, onları haradasa kəsişdirir. Bu gün, Sovet Ordusu və Hərbi Dəniz Donanmasının yaradılmasından 98 il ötdüyü bir vaxtda, Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı ilə sovet hərb tarixinə adını qızıl hərflərlə yazdırmış bir insandan danışdıq. Bu, sovet ordusunun şanlı zəfər çaldığı Böyük Vətən müharibəsi dövrünün əfsanəvi hərbi diktoru Yuri Levitan idi. Söhbət üçün Şəmistan Əlizamanlını seçməyimizin səbəblərindən biri də bu iki insanın səsindəki və taleyindəki bəzi oxşar məqamlar idi. Söhbət Levitanla müqayisədən düşüncə o, "Bizim fərqimiz o idi ki, bizim müharibənin miqyası coğrafi baxımdan kiçik idi." — dedi. Sputnik-in oxucularına Şəmistan Əlizamanlı ilə müsahibəni təqdim edirik.
- Sizi Yuri Levitanla müqayisə edirlər və adətən səsinizi onun səsinə bənzədirlər. Bəs siz özünüz necə, özünüzdə Levitana oxşayan nəsə görürsüz?
— 1986-cı ildə mən Moskvada SSRİ Dövlət Teleradio Verilişləri Komitəsində ixtisasartırma kursunda oxuyanda Levitanın həyatı ilə çox maraqlanmışam. Onda Levitan həyatda yox idi. Radioda diktor otağının qabağında onun bir portreti var idi: orta boylu, arıq, qalın eynəkdə. Mühəndisə oxşayırdı. Düşünürdün ki, görəsən bu görkəmdəki adam necə o boyda Sovet İttifaqını öz səsi ilə səfərbər edə bilib?! Çünki o, nəbzi tuta bilib. Mən sizə bir sirr açım. Levitan ömrü boyu bir barmağını qulağına tutub oxuyub. Belədə səs köklənir. Biz orada oxuyanda kursun rəhbəri İlya Prudovski idi. Arıq kişi idi, amma əzəmətli səsi vardı. O, daha çox Levitan haqqında danışırdı. Onun xarakterindən danışanda deyirdi, Levitan o qədər məsuliyyətli idi ki, baxmayaraq, onu radionun kabinetində heç kəs görmürdü, o, həmişə efirə çıxanda üst-başını səliqəyə salırdı, saçını darayırdı. Prudovski bunu deyəndə, mən qeyri-ixtiyari olaraq təəccübləndim. O soruşdu ki, sizə nə olub? Dedim ki, heç nə, mən də radioda efirə çıxmazdan öncə üst-başımı səliqəyə salıb, saçımı darayırdım. Sən demə Levitan da elə edirmiş. Levitanla oxşarlığım budur.
Mən aktyorluq fakültəsini bitirmişəm. İlya Prudovski hamının səsini yazırdı. Ona görə yazırdı ki, qulaq assın görək kimdə nə çatmır, 2 ay ərzində onu düzəldək. Biz 16 nəfər idik, Azərbaycanı mən təmsil edirdim. Orada hamının səsini yazdılar. Sonra bir-bir qulaq asıb, fikirlərini bildirirdilər. Hərəyə bir irad tutdular. Orada hamı 3,5,15 ilin diktorları idi. Mənsə cəmi 3 aylıq diktor-təcrübəçi kimi getmişdim. Orada demişdilər ki, hər kəs öz dilində rəsmi qəzetlər gətirsin. Amma tərcüməsini əvvəlcədən deyirdin. Hansı dildə oxuyursan oxu, mətnə münasibət eynidir. Mənim səsimi verəndə, utandığımdan qulaqlarımı tutdum. Amma gördüm ki, hamı diqqətlə səsimə qulaq asır. Bilmirəm həyəcandanmı, ya nədənsə, mənim səsim elə çıxmışdı ki…heyf ki, o lenti gətirmədim. Səsim elə çıxmışdı ki, hər şey yerli-yerində. Heç belə gözləmirdim. Prudovski mənə dedi ki, siz nə vaxtdan işləyirsiniz? Dedim ki, cəmi 3 aydır. Dedi: cəmi 3 ay? Siz bura niyə gəlmisiz? Dedim ki, öyrənməyə. Dedi ki, sizdə hər şey qaydasındadır, öyrənməyə ehtiyac yoxdur. Orada daxilimdən bir qürur hissi keçdi ki, mən Azərbaycanı təmsil edirəm. Bəlkə də aktyorluq fakültəsini bitirməyim mənə köməyi elədi.
- Siz aktyor olmalı idiniz. Bəs necə oldu ki, diktorluğa üz tutdunuz?
— Mən İncəsənət İnstitutunun Aktyorluq fakültəsini bitirmişdim. Kinorejissor Tofiq İsmayılov bizə dərs deyirdi, mənə diktorluq sənətinin arxasınca getməyi məsləhət gördü. Mən artıq 2-ci kursdan radiotamaşalarda baş rolları oynayırdım. O dövrün məşhur aktyorları ilə birlikdə çıxış edirdik. O qədər həvəsim var idi ki, mikrofonla səsimi yazdırıb gəlib evdə qulaq asırdım. Yəni mən mikrofonla tələbəlik illərindən tanış oldum.
- Bəs Levitanla qiyabi tanışlığınız nə vaxt olub?
— Moskvada kursda olanda bizi dörd qrupa bölmüşdülər. Mən də Panfilovun qrupunda idim. O, Levitanla yaxın dost olmuşdu. Mən Levitan haqqında hər şeyi öyrənmək, bilmək istəyirdim. Buna görə də o qədər sual verirdim ki, Panfilov suallarımdan yorulurdu. Hətta zarafatyana deyirdi ki: bəsdir, Levitan haqqında nə qədər sual vermək olar? Çünki Levitan sovet hərb tarixində böyük iz qoymuş insan idi. Yeganə diktor idi ki, ona SSRİ Xalq artisti adı verilmişdi. İndi Levitanın nəvəsi vilayət radiolarının birində diktordur.
- Müharibədən sonra Levitan məktəbini davam etdirməyə ehtiyac qalmışdımı?
— Əlbəttə ki, davam etdirməyə ehtiyac yox idi. Xüsusi olaraq kimisə hazırlamaq ki, get Levitan kimi oxu, bu normal bir şey deyil. Zamanında özü yetişir, o səsi tapırsan. Levitan da elə idi. O da təsadüfən tapılmışdı. Radionun diktoru idi. Stalin əmr vermişdi ki, elə bir diktor tapın ki, mənim əvəzimdən "Pravda" qəzetindəki çıxışlarımı radioda oxusun. Əvvəl Stalin özü radioda canlı olaraq çıxış edirmiş. Onlar Levitanı tapdılar. Panfilov deyirdi ki, Radio Komitəsinin sədri Levitanın səsini gətirib Stalinin köməkçisinə verir. Sonra sədrə bildiriblər ki, Stalin deyir ki, elə budur! Buna kimi Levitanın evi də yox idi. Ondan sonra ona ev, xidməti maşın veriblər. Hətta ona cangüdən də ayırıblar. Levitan xüsusi qorumaya keçib. Sonra Levitan Panfilova danışıb ki, mənim həyatda ən qorxulu anım müharibə başlayanda canlı efirdə ilk dəfə Stalinə söz verməyim olub. Deyirmiş ki, "mən mikrofona yaxınlaşdım və Stalinin çıxış edəcəyini elan etdim. Sonra çəkilirəm geri, Stalin mikrafona yaxınlaşır. Stalinə söz verəndən sonra geri çəkilərək yerimdə farağat vəziyyətini aldım. Çünki tapşırıq belə idi. Beriya da sağ tərəfimdə dayandığından məni qorxu hissi bürümüşdü. Mən gözümü aşağı dikərkən Stalinin deşilmiş çəkmələri gözümə sataşdı. Stalin sadə, xalq stilində geyinməyi xoşlayırdı".
- Sizcə milyonların sevimlisinə çevrilən Yuri Levitanı xoşbəxt adam saymaq olardımı?
— Müharibə başlayandan sonra onun gecəsi-gündüzü olmayıb. Gecə vaxtı elə bir informasiya olurdu ki, onu yuxudan oyadıb həmin informasiyanı oxutdururdular. Almanlar Radio Evinin binasını bombalayanda, binanın şüşələri qırıldı, amma Levitana heç nə olmamışdı. Bütün Almaniya küçələrə çıxıb bayram edirmiş ki, Levitan ölüb. Çünki Almaniya artıq dərk etmişdi ki, 2 şəxs var: Stalin və Levitan. İkisindən biri ölsə, sovet xalqının ruhu qırılacaq, o ruh məhv olacaq. Kadrlar var ki, alman xalqı küçələrə çıxıb Levitanın ölümünü bayram edir. Sonra Levitan o binanı tərk edib, yaxınlıqdakı binaya köçüb. Orada elan edib ki, "Danışır Moskva". Onda da Almanlar şoka düşdülər ki, Levitan ölməyib. Sonra radionu Yekaterinburqa köçürüb, gizli şəraitdə fəaliyyətə başladılar.
Mən indi danışdıqca, həyəcanlanıram. Bir insan kimi ona böyük hörmətim var. Azərbaycanın xalq artisti, görkəmli diktorumuz rəhmətlik Ramiz Mustafayev Levitanla dostluq edib. Levitan onun dəvətilə Azərbaycana qonaq gəlib. Hətta Ramiz müəllimin doğulub boya-başa çatdığı Ağdaş rayonuna gediblər. Orada xalq Levitanı böyük coşquyla qarşılayıb, ayağının altında qoyun kəsiblər. Mən həmin anların fotolarını görmüşəm. Ağdaşın katibi onu qarşılayıb, məktəbdə onunla görüş keçirilib. Ramiz müəllimin Qala tərəfdə bağı vardı. Levitan orda da olub. Ramiz müəllimin yoldaşı astma xəstəsi idi. Vəziyyəti ağır olduğundan, onu Moskvaya aparmalı olublar. Ramiz müəllim deyirdi ki, Levitana zəng edib, o da düz təyyarənin qabağına gəlib, özü ilə təcili yardım da gətirib, xəstəni Kreml xəstəxanasına aparıb müalicə elətdiriblər. Yəni bu adam o qədər gözəl xüsusiyyətlərə malik, mərd adam olub. Ramiz müəllim də Moskvada Levitangilə gələndə də Levitan Ramiz müəllimə bir diplomat, içində də qalstuk hədiyyə edib. Ramiz müəllim deyirdi, görüşdük, ayrıldıq, məni taksi ilə yola saldı, gəlib təyyarədə oturanda bildim ki, diplomat taksidə qalıb…