Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bizim sənət fədailərimiz kimlərdir?

© Photo : KorradeAktyor və səhnə
Aktyor və səhnə - Sputnik Azərbaycan
Abunə olmaq
Zavallı aktyorlar mətn əzbərləyir, səhərdən axşamacan məşq edirlər, günlərlə ard-arda tamaşaçı qabağında çıxış edirlər və hər gün üçün onlara ikicə paket ucuz siqaretin pulu ödənilir...

BAKI, 24 mart — Sputnik. Bu yaxınlarda teleaparıcı İradə İsaq öz sosial şəbəkə dostlarına sual ünvanlamışdı ki, bizim sənət fədailərimiz varmı? İradə xanımın bu sualına çox az adam həqiqətə uyğun cavab versə də, əksəriyyət qəzəbli nidalarla "indi sənət üçün heç nə etmirlər", "indi sənət fədaimiz yoxdur" kimi cümlələr yazırdı. Bunu deyənlərin bəlkə də heç sənət adamlarından xəbəri yoxdur. Amma rəhmətlik İlhamə Quliyevanın dili desəm, iş baltalamağa gələndə hamısı hazırdır.

Cavanşır Məhərrəmov, Bakı Uşaq Teatrının aktyoru - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı aktyor böyrəyini satışa çıxardı

Çoxları elə düşünür ki, "sənət fədaisi" ifadəsi ancaq bizim lüğətimizdə var. Əslində, dünyanın hər yerində və hər dövrdə özünü sənətə fəda edən saysız-hesabsız insanlar olub və var. Hollivud aktyorlarının dəbdəbəli həyatına, son model maşınlarına, lüks evlərinə, bahalı geyimlərinə baxıb düşünürlər ki, sənət fədaisi belə olmaz. Özünü sənətə fəda edən adam gərək ki, bizim aktyorlarımız, aktrisalarımız kimi, ac-yalavac, nimdaş geyimli, xəstələnəndə müalicə almaq üçün imkanlı şəxslərə yalvaran, ancaq tamaşalarda gülə bilən biri olsun. Bədbəxt, kimsəsiz, yoxsul və xəstə deyilsənsə, sən necə sənət adamısan axı? Amma sizi əmin edim ki, Hallivudun da, Ballivudun da, lap elə Türkiyənin də dəbdəbəli həyat yaşayan sənət adamlarının içində kifayət qədər sənət fədailəri var. Növbəti yazılarda sizi həmin sənət fədialəri ilə tanış edəcəyəm.

İndi isə İradə xanımın sualına cavab axtaraq: bizim sənət fədailərimiz kimlərdir?

Məlumunuzdur ki, müsəlman coğrafiyasında, eləcə də Azərbaycanda ən böyük əziyyəti çəkənlər aktrisalardır. Qadının səhnəyə çıxması Şərqin əsrlərdən bu günə qədər gəlib çıxan tabularından biridir. Günümüzdə bir çox aktrisaları, müğənni xanımları yarıçılpaq geyimlərdə, açıq-saçıq səhnələrdə görənlər elə düşünür ki, həmin tabu artıq məhv olub. Amma gözümüzü mavi ekrandan ayırıb bir anlıq ətrafımıza baxsaq, qızının, bacısının, yoldaşının səhnəyə çıxmasına əxlaqsızlıq, namussuzluq kimi baxan kifayət qədər adam görərik.

Məhz belə bir şəraitdə öz sənət sevgisindən imtina etməyib səhnəyə çıxan Azərbaycan aktrisaları sənət fədaisi deyillərmi? Bilə-bilə ki, ataları, qardaşları onlardan üz döndərəcək, qapılarına heç kəs elçi gəlməyəcək, ən yaxşı halda öz həmkarlarına ərə gedər, ya da bir kişiyə pul ödəyib saxta nigaha girərlər, amma bunları gözə alıb səhnəyə çıxar və alqış səslərindən xoşbəxt olub bütün dərdlərini unudarlar.

Sevilən aktrisalarımızdan bir neçəsinin məşəqqətli həyatı Azərbaycandə səhnəyə çıxan qadının əsl sənət fadaisi olmasının sübutudur. Ayrı-ayrılıqda hər birinin həyatı ən az "Cinayət və cəza" kimi böyük romandır. Burda Dostoyevskinin əsərindən fərqli olaraq, cinayət səhnəyə çıxmaqdır, cəza isə sevdiklərin tərəfindən tərk edilmək, kimsəsiz qalmaq, yoxsulluq və xəstəlik içində ölümə gün saymaqdır.

Aktyorların işi aktrisalara nisbətən asan görünə bilər. Kişidirlər. Onlara pozğun deyən yox, səhnəyə çıxdıqları üçün evdə qalanı yox. Di gəl ki, bu zavallı aktyorların dərdi də az deyil. Ataları onların həkim, mühəndis olmasını istəyər, onlar isə ağvalideyn olub səhnəyə çıxarlar. Universitet oxuyarlar, təcrübə toplayarlar. Qohumlar, dost-tanışlar mütrüb deyər. Axırda da hansısa teatrda uzağı 200 manat müqabilində aktyor işləyərlər.

Valideyn üçün əmanət kassasısan. Səni böyüdənə qədər sənin üçün xərclədiklərini sən onlara qaytarmalısan. Onlar nəvə istəyər, sənin də bir sevdiyin olar, ailə qurmaq zamanı gələr. Hələ bunun gündəlik tələbatları, xeyir-şəri də var. 200 manat maaşlamı edəcəksən bütün bunları?

Çox uzağa getməyək. Elə bu yaxınlarda keçirilən Novruz şənliklərində aktyorlar etiraz edirdilər ki, onlara hər gün üçün 5 manat pul ödənilir. Təsəvvür edin, bu zavallı aktyorlar mətn əzbərləyir, səhərdən axşamacan məşq edirlər, günlərlə ard-arda tamaşaçı qabağında çıxış edirlər və hər gün üçün onlara ikicə paket ucuz siqaretin pulu ödənilir. Buna rəğmən, həmin aktyorlar jurnalistlərə tapşırmışdılar ki, onların etirazları mediada yayımlanarkən, adları məxfi qalsın.

Sizcə, onlar nəyə görə adlarının məxfi qalmasını istəyirdilər? Məncə, səhnəni itirməkdən qorxurdular. Bəli, bir aktyor üçün, aktrisa üçün bundan böyük qorxu yoxdur. İndi İradə xanımın sualına vicdanla cavab verin. Bizim sənət fədailərimiz varmı?

Xəbər lenti
0