Bu proses Mədəniyyət və Turizm Nazirliyində davam etdirilib. Martın 29-da Prezidentin imzaladığı sərəncamla nazirliyin rayon şöbələri ləğv edilərək, əvəzində regional idarələr yaradılıb.
Ekspertlərin fikrincə, oxşar proseslər Təhsil Nazirliyində də həyata keçirilə bilər. Dəyişiklik təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, eləcə də, təhsil sistemində hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərə xidmət etməlidir. Bəs rayon təhsil şöbələrinin ləğvi təhsilimizə nə verəcək?
Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev hesab edir ki, bu struktur islahatının çox böyük əhəmiyyəti var. Onun sözlərinə görə, təhsil şöbələri ləğv edilməli və regional təhsil idarələri yaradılmalıdır.
"Yəni əvvəllər hər bir rayonda bir təhsil şöbəsi vardırsa, indi 4-5 rayon birləşir və təhsil idarəsi yaranır. Bunun da çox böyük əhəmiyyəti var — təhsilə müstəqillik verilir. Digər tərəfdən də, müəllimlərin əmək haqqları artırılır, amma idarəetmədə struktur dəyişikliyi gedir. Müəyyən ixtisarlar olur ki, bu da maliyyə baxımından faydalıdır", —deyə professor Sputnik-ə açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, bununla təhsil sisteminə olan bütün müdaxilələr aradan qaldırılacaq: "Təhsil idarələri mobil bir təşkilat olaraq formalaşacaq, oraya təhsil sahəsində işləməyən vəzifəli şəxslərin müdaxiləsi sıradan çıxacaq. Məsələn, hansısa icra başçısı təhsil şöbəsini öz xidmətçisi hesab edir və hasar çəkilməsi və digər xərc çəkilən işləri ona tapşırır. O da naçar qalır. Nə etsin? Valideynlərdən və kimlərdənsə bunun üçün məbləğ toplanır və bu iş görülür. Daha belə olmayacaq. İndi təhsil idarələri birbaşa Təhsil Nazirliyindən təlimatı, göstərişləri alıb yerinə yetirəcək. Digər müdaxilələr də sıradan çıxacaq".
Azad Müəllimlər Birliyinin (AMB) sədri Məlahət Mürşüdlünün sözlərinə görə isə, prezident İlham Əliyev "Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" sərəncam imzalasa da, onun icrası həyata keçirilmir: "Elə söhbətlər var idi, lakin sonra onun icrası dayandırıldı".
İstisna edilmir ki, struktur islahatları zamanı müəyyən sayda adamlar iş yerlərini itirə bilərlər. Ekspertlərin fikrincə, bunun qarşısını almaq üçün təkliflər hazırlanmalıdır.
Martın 30-da Salyan rayonunda vətəndaşları qəbul edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, görüş əsnasında nazirliyin strukturunun təkmilləşdirilməsi haqqında Prezident sərəncamına da toxunub. O, bildirib ki, islahatların həyata keçirilməsi işçilərin ixtisar olunmasına gətirib çıxarmayacaq.