İcra başçılarının “təhsil” kisəsi bağlanır

© Sputnik / Grigoriy Vasilenko / Mediabanka keçidKiev school
Kiev school - Sputnik Azərbaycan
Abunə olmaq
Regional təhsil idarələrinin yaradılması ilk növbədə rayon icra hakimiyyətlərinin təhsilə qeyri-peşəkar müdaxiləsinin qarşısını alacaq

İcra başçılarının “təhsil” kisəsi bağlanır
Təhsil Nazirliyi Prezident İlham Əliyevin “Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 iyul 2014-cü il tarixli sərəncamını icra etməyə başlayıb.

Sərəncama əsasən, təhsildə şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və ölkənin təhsil sahəsinin təkmilləşdirilməsi nəzərdə tutulur. Struktur islahatları təhsil keyfiyyətinin yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, eləcə də, təhsil sistemində hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərə xidmət etməlidir.

Qeyd edək ki, ötən il bu məsələ gündəmə gələndə və qeyri-müəyyən vaxta təxirə salınanda heç də birmənalı qarşılanmamışdı və ayrı-ayrı ekspertlər tərəfindən müxtəlif şəkildə yozulurdu. Bəziləri bunu müsbət hal kimi qiymətləndirsələr də, bir çoxları bunun təhsilimizə yeni nəsə verə biləcəyinə inamsızlıqlarını bildirmişdilər. Bəs rayon təhsil şöbələrinin ləğvi təhsilin idarə edilməsinə necə təsir edəcək?

Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev hesab edir ki, bu struktur islahatı təhsilə müstəqillik verəcək:

“Təhsil şöbələri ləğv edilir amma regional təhsil idarələri yaranır. Yəni əvvəllər hər bir rayonda bir təhsil şöbəsi vardırsa, indi 4-5 rayon birləşir və təhsil idarəsi yaranır. Bunun da çox böyük əhəmiyyəti var – təhsilə müstəqillik verilir. Digər tərəfdən də, müəllimlərin əmək haqqları artırılır, amma idarəetmədə struktur dəyişikliyi gedir. Müəyyən ixtisarlar olur ki, bu da maliyyə baxımından faydalıdır”.

Təhsil üzrə ekspert Asif Cahangirov da bu addımın təhsilin xeyirinə olacağını bildirib:

“Birbaşa Təhsil Nazirliyinə tabe olan regional təhsil şöbələri yaranacaq. Bu maraqlı yanaşmadır. İlk növbədə rayon icra hakimiyyətlərinin təhsil məsələlərinə qeyri-peşəkar müdaxilələrinin qarşısını alacaq. Əlbəttə ki, idealda yaxşı olardı ki, rayon təhsil şöbələri qalsın. Lakin biz görürük, rayonlarda real vəziyyət budur ki, təhsil şöbələri müstəqil şəkildə kadrların seçilib yerləşdirilməsi ilə məşğul ola bilmir, bütün məsələləri icra hakimiyyəti ilə razılaşdırmalıdır. Düşünürəm ki, bunun nəticəsi təhsilin xeyirinə olar”.

Əjdər Ağayev onu da əlavə edib ki, bununla təhsil sisteminə olan bütün müdaxilələr aradan qaldırılacaq:

“Təhsil idarələri mobil bir təşkilat olaraq formalaşacaq, oraya təhsil sahəsində işləməyən vəzifəli şəxslərin müdaxiləsi sıradan çıxacaq. Məsələn, hansısa icra başçısı təhsil şöbəsini öz xidmətçisi hesab edir və hasar çəkilməsi və digər xərc çəkilən işləri ona tapşırır. O da naçar qalır, nə etsin? Valideynlərdən və kimlərdənsə bunun üçün məbləğ toplanır və bu iş görülür. Daha belə olmayacaq. İndi təhsil idarələri birbaşa Təhsil Nazirliyindən təlimatı göstərişləri alıb yerinə yetirəcək. Digər müdaxilələr də sıradan çıxacaq”.

Ekspertlər onu da bildiriblər ki, regional idarələrin yaradılması təhsil sahəsində ixtisarların aparılmasına səbəb ola bilər. Yəni, rayon təhsil şöbələrinin müdir, müavin, metodist və bu kimi digər ştat işçilərinin hamısını müvaiq vəzifələrlə təmin etmək mümkün olmayacaq. Onların bir qisminə orta məktəblərdə müəllim işi təklif oluna bilər. Mühasib və digər vəzifə sahiblərinin isə çoxunun işsiz qalacağı gözlənilir.

Xəbər lenti
0