Azərbaycanda yeni teatrların yaranma xəbərləri son günlərin sevindirici hadisələrinə çevirilib. Yeni tamaşalarla teatrsevənlərin qarşısına çıxacaq yeni kollektivlər, oturuşmuş teatrlar üçün ciddi rəqibə çevrilə biləcəkmi? Sputnik əməkdaşı bu və digər mövzular ətrafında, Gənc Tamaşaçılar Teatrının rejissor və aktyoru Nicat Kazımovla həmsöhbət olub.
- Nicat bəy, Azərbaycanda yeni dövlət və özəl teatrlar fəaliyyətə başlayır. Bu proses öz sözünü demiş teatrlara necə təsir göstərəcək. Bu teatrlar sizin inkişafınıza təkan verəcək, yoxsa tamaşaçılarınızı əlinizdən alacaq?
— Yeni teatrların yaradılması mütləqdir. Təki həmin teatrlar teatr kimi fəaliyyət göstərsin. Yalnız adı kağız üzərində qalmasın. Yeniliklər edəcəklərsə, teatr sahəsinə yeni nəfəs verəcəklərsə, niyə də olmasın? Məsələn 90-cı illərdə teatr sahəsində boşluq var idi. Yuğ teatrı, Pantomima, Kamera tetarları yaradıldı və uğurlu nəticələr əldə olundu. Elə indi də eyni vəziyyətdir. Yeni teatrların yaranmasına şərait var. Təki yaxşı teatr olsun. Aydın məsələdir ki, yaxşı tamaşa olsa, tamaşaçılar gedəcək ora. Hətta keyfiyyətli və maraqlı tamaşalar olarsa, mən özüm də qonaq qismində tamaşalara gedə bilərəm. Onu da qeyd edim ki, mən özüm də teatr açmaq istərdim. Ruhuma yaxın, düşüncəmə uyğun aktyorları bir araya yığıb yeni tamaşalar hazırlayardım.
- Yeni teatr açsanız, hansı üslubda tamaşalar səhnələşdirərsiniz?
— Bilirsiniz üslub, janr tamaşadan-tamaşaya dəyişir. Hər bir pyes özü-özlüyündə fərqlilik tələb edir. Mən yaratmaq istədiyim teatrda, arzusunda olduğum, səhnələşdirmək istədiyim tamaşaları tamaşaçılara nümayiş etdirərdim. Bu, hələ ki, arzudur.
- Azərbaycanda tetarlara tamaşaçı axını zəifdir. Teatr rejissoru ve aktyoru kimi necə düşünürsünüz, yeni teatrlar tamaşaçı cəlb edə biləcək?
— Bu, prodüser işindən asılıdır. Reklamın nəticəsindən asılıdır. Doğrudur, kinoteatrlara baxanda, teatrlarda tamaşaçı azdır, amma yenə də gələnlər var. Kinoteatrlarda bir film 5-6 ay göstərilir, sonra göstərilmir, amma teatrda elə tamaşalar var ki, illərlə göstərilir. Bir vəziyyəti də qeyd edim. Elə vaxtlar olur ki, teatra tamaşaçı axını az olur, bu da bayramlarla, işlərlə bağlı olur. Bir sözlə, yeni teatrlar yaxşı iş görəcəksə, tamaşaçı qıtlığı yaşamayacaq.