Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Fariz Əliyev: Teatra yeni yumor baxışı gətirmək istəyirik

© Из личного архиваFariz Əliyev
Fariz Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik-in əməkdaşı bir neçə gün öncə Bakı Estrada teatrına müdir təyin olunan Fariz Əliyevlə teatrda baş verəcək yeniliklər haqqında söhbət edib.

BAKI, 27 mar — Sputnik. 27 mart Beynəlxalq Teatr günüdür. Sputnik- in əməkdaşı bir neçə gün öncə uzun müddətdir fəaliyyəti dayandırılmış Bakı Estrada teatrına müdir təyin olunan Fariz Əliyevlə yeni qurulmuş teatrda baş verəcək yeniliklər haqqında söhbət edib. Müsahibəni təqdim edirik. 

- Çoxdandır fəaliyyət göstərməyən Bakı Estrada Teatrı yenidən fəaliyyətə başlayır və Siz həmin teatra müdir təyin olunmusuz. Bu təklif necə gəldi?

— Estrada teatrı əvvəllər fəaliyyət göstərib. Amma uzun müddətdir ki, fəaliyyətini dayandırmışdı. Bir müddət əvvəl Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar bəylə görüşdük. Mən teatr haqqında öz planlarımı söylədim. Vüqar bəy də mənim Estrada Teatrına rəhbərlik edə biləcəyimə inandığını dedi. Beləliklə, mənə teatra rəhbərlik etmək təklif olundu və mən də bu təklifi böyük məmnuniyyətlə qəbul etdim. Mən uzun illər "KVN"də işləmişəm, teatrın və konsertlərin kommersiya sirlərini bilirəm. Ona görə də bu işdə iddialıyam.

- Görünür, teatra yeni nəfəs vermək iddiasındasız. Bunu necə edəcəksiz?

— Tam fəqrli janrda, tamam ayrı ssenarili tamaşalarla tamaşaçıların qarşısına çıxacağıq. Mən özüm də ssenaristəm və digər ssenaristlərlə də birlikdə işləyərək yeni tamaşalar təqdim edə biləcəyik. 

- Demək həm teatra rəhbərlik edəcək, həm də ssenariləri yazacaqsız?

— Teatrda əsas ssenaridir. Bizim üstünlüyümüz odur ki, bizdə ssenari qıtlığı olmayacaq. Mən həm seriallara, həm də filmlərə ssenari yazıram. Amma televiziya qaydaları məni çərçivəyə salır və istədiyim ssenarini yaza bilmirəm. Burada elə olmayacaq. Teatrda istədiyimiz ssenarini tamaşaçılara çatdıra biləcəyik. Biz yeni yumor baxışı gətirmək istəyirik. Gözlənilən yumorlardan uzaq olacağıq. Sadəcə çox işləyib uğur qazanmağa çalışmalıyıq.

- Teatra bina ayrılıb?

— Bir neçə yerdə bina təklif ediblər. Amma hələ ki, məqsədimiz ilk konsertin verilməsidir. Yeni binaya köçməmiz yay aylarına təsadüf edəcək. Ondan sonra yeni mövsümdə yeni binadan işlərimizi davam etdirməyi planlaşdırırıq.

- Bu yaxında tamaşaçıları hansı yeniliklər gözləyir?

— Bir neçə gün öncə Heydər Əliyev sarayının müdiri Fərhad Babayevlə görüşdük və may ayında Bakı Estrada teatrının ilk  konserti olacaq. Bizdə ya bir tamaşa, ya da bir neçə hissəli tamaşa nümayiş etdiriləcək. Hələ ki, ssenarilər yazılır. Sadəcə onu deyə bilərəm ki, tamaşaçıları möhtəşəm konsert gözləyir. 

Yeni mövsümdən teatrın televiziya verlişləri də planlaşdırılır. Məqsədimiz odur ki, tamaşalarda aktyorların istadadı bilinsin və tamaşaya baxan rejissor özünün çəkəcəyi filmə uyğun aktyoru elə səhnədəcə kəşf edə bilsin. Türkiyədə buna "mutfak ekibi", yəni mətbəx kollektivi deyirlər. Bir sözlə, peşəkarlar kollektivi yaratmaq istəyirəm. Bu bir fabrik olacaq. İstəyirəm ki, konsertimizə sponsorlar, tv rəhbərləri, rejissorlar gəlsin və onlar elə ilk tamaşadaca onlara çəkilişlər üçün lazım olan aktyorları kəşf edə bilsin. 

- Bakı Estrada Teatrının yeni kollektivində hansı aktyorları görə biləcəyik?

— İlkin Misgərli, İslam Mehrəliyev, Müşviq Şahverdiyev, Kəmalə Piriyeva, Əlibəy Məmmədli, Elcan Rəsulov, Vüsal Hacıqədir. Bir neçə aktyor da var ki, onlara təklif göndərməyi düşünürük. Alınacaqsa, bizimlə işləyəcəklər. Bizdə iki heyət olacaq. Birinci əsas heyət və ikinci heyət. Tezliklə kastinglərə başlayıb hər iki heyəti quracağıq. Sual verə bilərsiz ki, niyə məhz iki heyət? Ona görə ki, iki heyət arasında sağlam rəqabət getsin və hər aktyor öz üzərində işləsin. Axı ikinci heyətdəkilər birinci heyətə düşməyə can atacaq, birinci heyətdəkilər də öz yerlərini qorumağa çalışacaqlar. Teatrın ən azı 30 nəfərlik aktyor heyəti olacaq.

- Teatr gələcəkdə hansı ölkələrdə tamaşaları göstərməyi planlaşdırır?

— Hələlik ilk hədəfimiz Bakı və regionlardır. Bundan sonra Türkiyə, Rusiya və MDB ölkələrinə getməyi düşünürük. Hələlik aktyorların xarici dil səviyyələrini dəqiq bilmədiyimdən, Avropa ölkələrinə gedib-getməyəcəyimizi indidən deyə bilmərəm. Gələcəyə dair planlar çoxdur və yavaş-yavaş reallaşdırmağa çalışacağıq. 

- Bəzi teatrlarda 18+ tamaşalar göstərilir. Bakı Estrada Teatrında da belə tamaşalar göstəriləcək?

— Yox, qətiyyən. Bizim teatrın ab-havası başqadır. Burada 18+ tamaşalar göstərilməz və əksinə balacaların da gəlib rahat tamaşalara baxmasına şərait yaradılacaq.

- Tamaşalar həftəlik olacaq?

— Xeyr. Bizdə ən yaxşı halda ayda bir dəfə tamaşa göstəriləcək və hər dəfə də yeni tamaşaya üstünlük veriləcək. Mövzulara gəlincə, cəmiyyətdəki aktual problemləri canlandıracağıq.

Xəbər lenti
0