Hikmət Orhun, Sputnik Azərbaycan
Xalqımızın qədim adət-ənənələrindən olan Novruz bayramı Azərbaycanın hər bölgəsində özünəməxsus şəkildə keçirilir. Demək olar, təxminən hər yerdə eyni cür qeyd edilsə də, hər rayonda, hər kənddə, hər şəhərdə insanlar iddia edirlər ki, "biz yazın gəlişini, təbiətin oyanışını daha gözəl qarşılayır, daha gözəl naz-nemətlər tökürük süfrəmizin üstünə".
Son dövrlərdə o qədər hiss olunmasa da, dədə-babadan adət belədir ki, ömründə bir adama qapı açmayan adamlar belə, Novruz olanda, çiçəklərin burnu çırtlayanda, günəş doğanda qonaqpərvərliyini nümayiş etdirir, bir növ biri-biriləri ilə yarışa girirlər. Sözsüz, hər kəsə öz adət-ənənəsi, doğmalarının başına yığıldığı yurd-yuva daha maraqlı, daha xoşdur.
Rayonlar var ki, dirilər bir çürük qozla da anılmaz. Amma Novruzu hər zaman özünəməxsus şəkildə qeyd edən Qazax rayonunun Çaylı kəndində ölülərə də bu bayramdan pay düşür.
Səhər erkəndən qapı-qapı dolaşan kənd sakinləri gün boyu il ərzində rəhmətə gedən adamların ailəsinə başsalığı verir, bir növ ölü sahibinin dərdinə şərik olduqlarını göstərir, yasdan çıxarırlar. Ölü sahibləri isə ayaqüstü qapısına baş çəkib, dərdini bölüşən insanlara şirinlik paylayırlar.
"Qara bayram" deyilən Yel çərşənbəsində min ilin ölüləri ziyarət olunur, məzar daşları təmizlənir, evdə bişən şirniyyatdan sovqat aparılır, "Quran" oxudulur. Şahidi olanlar bilirlər ki, həmin gün qəbiristanlıqda insan əlindən tərpənmək olmur, az təminatlı ailələrdən və əsasən qaraçı tayfalarından olan uşaqlar qəbirlərin üzərinə düzülən şir-şirniyyatları yığırlar.
Qazax rayonunun Yuxarı Salahlı kəndi isə bayramın qeyd ediləməsi baxımından daha unikal bölgədir. Hələ sovet rejiminin adət-ənənələrimizə qadağalar qoyduğu dövrlərdə belə, öz adət-ənənələrinə sadiq qalan kənd sakinləri müstəqillik dövründən daha canlı, daha maraqlı keçirib Novruzu.
Bu kənddə keçirilən bayram ölkənin dörd tərəfinə səs salıb. Kənd sakinlərinin dediyinə görə, bir neçə ildir, əvvəlki kimi keçirilməsə də, müəyyən qayda-qanunlar yenə də qalır.
Martın 21-i Yuxarı Salahlıda hər kəsin qapı-bacası açıq olur. Kənd əhli günortadan, fəxri-fəxarəti olan xalq şairi Səməd Vurğunun doğum gününü qeyd edir, şairin muzeyinə yığılan insanları şeirlə, sazla qarşılayıb, yola salır. Hava qaralandan sonra isə axşam keçiriləcək bayram şənliyinə tədarük görür, ocaq çatır. Zurna, nağara çağırır, məclis qurur.
Maraqlı bayramı izləmək, onun iştirakçısı olmaq üçün qonşu rayonlardan, hətta paytaxtdan da bura gələnlər olur. Kəndlilər bu özfəaliyyəti "Salahlı karnavalı" adlandırırlar.
Gənc oğlanlar müxtəlif qadın paltarları geyinib, evlərə getməklə həm ev sahiblərini əyləndirir, həm də öz sevdikləri qızları yaxından görə bilirlər. Kəndin hər tərəfində alovlanan bayram tonqalları isə xüsusi gözəllik verir. Səhər saatlarına qədər davam edən "Salahlı karnavalı" görənləri təəccübləndirir.