Sürətli texnologiyalar əsri, müasir elektron dünya, virtual aləm. Hamısı çox dəbdəbəli səslənir. Amma dünyada heç nə təbiətin rəngləri, səsləri, gözəllikləri ilə əvəz oluna bilməz.
Gündəlik iş, tixaclarda itirdiyimiz saatlar, dözülməz olan əsəbi münasibətlər, qarşılıqlı canlı ünsiyyətdən qaçıb kompüter və telefonların arxasında keçirdiyimiz ömür bizi təbiətin gözəlliklərinə bir an belə vaxt ayırmaq imkanı vermir.
Amma biz həm də canlı insanıq. Bizim təbiətlə ünsiyyətə, gözəlliklərə zaman ayırmağa ehtiyacımız var. Biz təbiətin bizə bəxş etdiyinin əvəzini heç olmasa ona tamaşa etməklə ödəməliyik.
Sizə Azərbaycanın dilbər guşələrindən biri olan Zaqataladan bahar çiçəklərini təqdim edirik. Novruzgülü, bənövşə, qardələn, ərik, şaftalı, alça və başqa ağacların təzəcə açmış çiçəkləri, rəngləri — qüsursuzluqları ilə bizi valeh edən ana təbiət. Siz də baxın, gözünüz dincəlsin, könlünüz təzələnsin!