BAKI, 23 mart — Sputnik. "20 ildən çoxdur, mən bu şəhərə köçmüşəm. Əgər bura şəhər demək olarsa. Yollar bərbad, kanalizasiya xətləri işləmir, yağış yağanda hər yer göl olur. Bir Allahın qulu gəlib şəhərə yiyə durmur. Yəni, bu şəhərin yiyəsi yoxdur".
Bu sözləri Xırdalan şəhər sakini Ələsgər Məmmədov Sputnik-in əməkdaşı ilə söhbətində deyib. Xırdalana 90-cı illərin ortalarında Qazaxdan köçdüyünü deyən Məmmədov, şəhər bələdiyyəsini və icra hakimiyyətini sərt tənqid edib.
"Bizim icra orqanları arasına dəb düşüb. Bir şəhərin girəcəyini düzəldirlər, bir də mərkəzdə hansısa muzeyin qarşısını. Qalan bütün yerlər zibilliyi xatırladır. İstər yollar olsun, istərsə də küçələr. Bu şəhərin ən görməli yeri İcra Hakimiyyəti binasının qabağıdır. Deməli bu adamlar ancaq özlərini fikirləşir, xalq onların vecinə də deyil", —deyir narazı sakin.
Həqiqətən də gördüyümüz mənzərə deyilənləri təsdiq edirdi. Paytaxtdan cəmi 3-4 km aralıda yerləşən Xırdalanın girəcəyindən savayı bütün yollar kələ-kötür, uçuq halda idi. Yağışın yağması, kanalizasiya xətlərinin xarab olması da əlavə sıxıntı yaşadır şəhərə.
Özünü İncəsənət Universitetinin 3-cü kurs tələbəsi kimi təqdim edən Elvin Səmidov adlı şəxs, Mehdi Hüseynzadə küçəsinin Masazıra tərəfə gedən hissəsində ilboyu gölməçələr olduğunu söylədi: "3 ildir ki, burda kirayədə yaşayıram. Dərsə Xırdalandan gedib-gəlirəm. Mən hələ bu küçənin quru vaxtını görmədim. İstər qışda olsun, istərsə də yayda".
Keçirdiyimiz sorğudan belə qənaətə gəlmək olar ki, Xırdalan şəhərinin yol infrastrukturu hələ uzun müddət düzələnə oxşamır.