İlham MUSTAFA, Sputnik Azərbaycan
Gəncə şəhəri Vəli Xuluflu küçəsinin sakinlərinə gözəllik qurbanı desək, yanılmarıq. Gəncə çayın sahilində gözəl bulvar massivinin salınması ilə qarşı tərəfdə yaşayan sakinlərin çətin günləri başlayıb. Belə ki, yağış və qurunt sularının küçə və evlərə dolmaması üçün ərazidən çaya uzanan xəttlər "Passaj" adlanan ərazidə aparılan yenidənqurma işləri zamanı ləğv edilib. Əvəzində isə heç bir alternativ çıxış verilməyib.
Bu səbəbdən də son günlər yağan yağış və çayda suyun səviyyəsinin qalxması sözün əsl mənasında küçəni gölə döndərib. Bir çox evlərin isə birinci mərtəbəsinə və zirzəmisinə dolub.
Küçənin 116A mənzilində yaşayan Samir Novruzov gecə saatlarında çayın bir qolunun küçəyə axdığını evə dolmaması üçün isə soyuqda suyun içində nə qədər çalışsa da, qarşısını ala bilmədiyini bildirdi.
"Gecə neçə dəfə 112-yə zəng eləmişəm, Fövqaladə Hallara zəng eləmişəm. Hər zəng vuranda dedilər ki, "gəlirik". Səhər saat 10-a zorla gəlib çıxdılar. Evə dolan suyu nasosla çəkdilər. Bir nəfər də şəkillərini çəkdi və o gedən getdi", — Sputnik-in bölgə müxbirinə danışan S. Novruzov bildirir.
Səbuhi Kərimov da durumdan əziyyət çəkən sakinlərdəndir. O, hadisə baş verməmişdən əvvəl icra hakimiyyətinə ərizə ilə müraciət etdiklərini, bir dəfə isə sakinlərin yığışaraq şikayətə getdiklərini, lakin heç bir nəticənin olmadığını deyir.
Evinin zirzəmisinə su dolan digər sakin Rafiq Haqverdiyev də şəhərin ən mərkəz yerində Bayraq Meydanının yüz addımlığında bu cür yaşayışdan əziyyət çəkdiklərini bildirir.
Məsələ ilə bağlı Gəncə Su Kanal İdarəsi ilə əlaqə saxladıq. Telefona cavab verən Azər Süleymanov sözügedən küçədə kanalizasiya xəttinin əvvələr çaya axdığını, sonradan ərazidə abadlıq işləri aparılan zaman bu xəttlərin ləğv edildiyini bildirdi. Və hazırda küçəyə yeni kanalizasiya xəttinin çəkilməsi üçün lahiyənin olmadığını qeyd etdi.
İdarə rəsmisinin vəziyyətdən çıxış yolu üçün məsləhəti isə çox maraqlı oldu. Azər müəllim hər kəsin öz həyətində quyu qazmasını və bu yolla qurunt sularından qismən qoruna biləcəklərini bildirdi.