BAKI, 11 mart — Sputnik. Gəncə şəhəri Əziz Əliyev küçəsinin sakinləri kanalizaya xəttinin dağılması və nəticədə kanalizasya sularının əraziyə axmasından şikayətçidirlər. Sputnik-in bölgə müxbirinə danışan sakinlər, hələ yeni xəttin çəkişinin başa çatmadığını və işlər gedərkən köhnə xəttin zədələndiyini bildirirlər.
"Bu səbəbdən əraziyə kəskin üfunət iyi hakimdir. İyi-qoxudan boğuluruq. Hər yeri çirkab suları basıb. Bura başdan-ayağa xəstəlik mənbəyidir", —deyirlər sakinlər.
Havaların istiləşməsi ilə tullantı sularının ərazidə hər hansı bir xəstəliyə yol açması sakinlərdə narahatçılıq yaradır. Həmçinin avtomobillərin keçidində də böyük çətinliklər yaranıb.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin Gəncə Su Kanal İdarəsi ilə əlaqə saxladıq. İdarədən Sputnik-ə məsələdən xəbərdar olduqlarını dedilər. Həmçinin köhnə xəttlərin istifadə müddəti bitdiyindən, qəzaların baş verdiyi bildirildi.
"Hazırda köhnə xəttlərin yenisi ilə əvəz edilməsi işləri aparılır. Yaxın zamanda problem həllini tapacaq", —deyə İdarədən vurğuladılar.