“Yes Travel, Azerbaijan” şirkətin direktor müavini Sərxan Abdullayev bildirdi ki, Novruzla əlaqədar bayram tur-paketləri təşkil olunub. Onun sözlərinə görə, ölkədaxili və xaricə səfərlər təşkil olunur: “Biz çalışırıq ki, müştərilərimizə ən minimal qiymətlər təklif edək. Bir nəfərin Qubada iki günlük istirahəti 58 manata başa gəlir. Ölkə daxili proqramlar əsasən, Şamaxı-Pirqulu, Quba, Şəki, Qəbələ və İsmayıllı rayonlarına ediləcək turist səfərləridir ki, burada paket-turlar 1-2 günlük nəzərdə tutulub”.
Ölkə daxilində ən bahalı tur Göygöl-Şəmkir- Gədəbəy turudur, bu turun bahalı olmasında yol xərcləri və otel qiymətləti əsas rol oynayır. Belə ki, digərlərindən fərqli olaraq bu istiqanəti seçənlərə 5 ulduzlu oteldə gecəyirlər.
Bəs vətəndaşlar bayramda nə planlaşdırır və tur-paketlərdən istifadə edəcəklərmi?
Siyavuş Məmmədov deyir ki, özəl müəssisədə çalışdığından, onun tətili heç də 9 gün olmayacaq: “4 günlük tətilim var. Bu zaman da rayonlara getmək mümkün olmayacaq. Yəqin ki, elə Bakıda keçirəcəm. Ən yaxşı halda dostlarımla vaxt keçirəcəm. Ümid edirəm ki, gəzinti üçün hava yaxşı olacaq”.
Tələbə Lalə Camallı isə tətili rayonda ailəsi ilə birlikdə keçirməyə üstünlük verdiyini deyir.
Rəyini soruşduğumuz Gülnurə Əliyeva ofis işçisidir. O, yerli tur-paketlərdənsə tətilini xaricdə keçirməyə üstünlük verdiyini deyir. Gülnarənini sözlərinə görə maddi baxımdan yaxın xaric ölkələrindən birinə getmək onun büdcəsi üçün daha sərfəlidir.
43 yaşlı Aqil Nuriyev bayram tətilini ailəsi ilə birlikdə keçirməyə önəm verir, lakin heç bir yerə getməyəcək: “Hazırda elə vəziyyətdir ki, gündəlik problemləri həll edə bilmirik, o ki, qala harasa istirahətə gedək”.
Qeyd edək ki, Novruz bayramı ərəfəsində Azərbaycana da turist gəlir. Onlar daha çox qonşu İran İslam Respublikasının vətəndaşlarıdır.