Prezident ardınca deyib ki, İran-Azərbaycan əlaqələrinin tarixi kökləri var, bizim xalqlarımız əsrlərdir birlikdə yaşayır: “İran-Azərbaycan əlaqələrinin tarixi kökləri var, bizim xalqlarımız əsrlərdir birlikdə yaşayır”.
Prezident Xəzər dənizinin resurslarının ümumi istifadəsi ilə bağlı da faydalı danışıqların aparıldığını vurğulayıb. O, həmçinin deyib ki, qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar var. Prezidentin sözlərinə görə, bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. “Birliyimiz nə qədər güclü olsa, təhlükəsizlik bir o qədər yüksək səviyyədə qorunacaq”- ölkə başçısı qeyd edib.
“Biz regional problemlərin hərbi yolla deyil, siyasi yollarla həllinə inanırıq. Regionda sülh, stabillik və təhlükəsizliyin olmasını istəyirik. Biz gücümüzü birləşdirdikcə bir sıra regional problemlərlə daha yaxşı mübarizə apara bilərik”. Bunu isə birgə mətbuat konfransında Həsən Ruhani bildirib. H.Ruhani qeyd edib ki, Azərbaycan prezidenti ilə görüş zamanı vacib siyasi məsələlər, habelə iqtisadi və mədəni sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu “Sputnik”ə açıqlamasında bildirib ki, cənubla şimalı birləşdirən Astara-Astara tranzit dəhlizinin gələcəyi hər iki dövlətin hökümətlərindən asılı məsələdir. Ərəstun Oruclunun fikrincə, qonşu dövlətlər arasında nəqliyyat şəbəkəsinin inkişafı çox yaxşı haldır. Ona görə bu haqda anlaşma alqışlanılası bir anlaşmadır. Politoloq hər iki ölkənin regional problemlərlə bağlı birgə mübarizə apara bilmək ehtimalını da istisna etmir:
“Bir çox məsələlərdə, xüsusilə regional məsələlərin həllində mövqelərdə bir yaxınlıq var. Azərbaycan İran münasibətlərində müəyyən ənənəvi stereotiplər aradan qalxmalıdır. Yəni bilirsiniz, İranda bir sıra dairələr var ki, onlar Azərbaycanı müstəqil dövlət kimi qəbul etmək istəmirlər. Hətta, Azərbyacanı İran torpaqları, beynəlxalq siyonizmin dayaq nöqtəsi adlanırırlar. Bu cür bəyanatlarla Azərbaycan İran münasibətlərinə gölgə salırlar. Digər tərəfdən Azərbaycanda da Şimallı, Cənublu Azərbaycan məsələsini tez-tez gündəmə gətirməklə İranın parçalanması mələsini qabardanlar var. Ancaq, bildiyiniz kimi bu kimi məsələlərdə əsas mövqe hökümətlərin mövqeyidir. Bu məsələlər nəzərə alınmazsa, düşünrəm ki, iki ölkə arasında tərəfdaşlıq mümkündür. Mən hesab edirəm ki, Azərbaycanın Suriya prosesinə qatılması Azərbaycan üçün riskli bir məsələdir və buna ehtiyyac da yoxdur. Prinsipcə eyni mövqedən də İran çıxış edir. Əgər qarşılıqlı surətdə biri-birinin suverənliyinə hörmət, biri-birinin daxili işlərinə qarışmamaq olacaqsa mən düşünürəm ki, Azərbaycan İran münasibətlərinin prespektivi var”.
Politoloq İlqar Vəlizadə isə deyib ki, Azərbaycan —İran münasibətləri möhkəm təməllər əsasında qurulub oan görə də ayrı-ayrı vaxtlarda olan çətinliklər ümumi münasibətlərə xələl gətirməyib. Politoloqun sözlərinə görə, İran hazırda dünyaya çıxmaq üçün yeni imkanlar axtarırır:
“Bu siyasətə isə ilk növbədə qonşu ölkələr ilə münasibətlərin inkişafı yardım göstərə bilər. Azərbaycan isə İran üçün şimal və şimal-qərb istiqamətində tranzit yük daşımalarda xüsusilə önəmli rol oynayır. O cümlədən regionda mühüm rol oynayan ölkələrlə münasibətlərdə Azərbaycan İran üçün əlverişli tərəfdaşdır. Ölkəmiz tək İran Azərbaycan münasibətləri üçün önəmli rol oynamır. Hətta üç tərəfli formatda: misal üçün Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Gürcüstan-İran, Azərbaycan-Türkmənistan-İran formatlarında Azərbaycanın rolu çox vacibdir. Bu rolu möhkəmləndirmək üçün İran da öz tərfindən lazımlı addımları atmağa hazır görünür”.
Qeyd edək ki, prezident İlham Əliyev İrana həmkarı Həsən Ruhaninin dəvəti ilə səfər edib.