BAKI, 19 fev — Sputnik. Qida təhlükəsizliyi anlayışına dar çərçivədən baxıldığında, qidaların nəzərdə tutulan istifadəsinə uyğun olaraq hazırlanması və istehlakçılara zərər verməməsi mənasında istifadə edilən bir anlayış başa düşülür. Bu anlayışın daha geniş mənası da var.
Qida — qaynaqlı xəstəliklərə səbəb olan bioloji, fiziki və kimyəvi amillərin qarşısını alacaq şəkildə qidaların işlənməsi, hazırlanması, saxlanılması və istehlakçıya təqdim edilməsini təyin edən elmi bir sistemdir. Təhlükəsiz qida isə — hər cür təhrif və yoluxmaya gətirib çıxaran faktordan təmizlənərək istehlaka uyğun hala gətirilmiş qidadır.
HACCP sistemi
Bu gün dünyada qida təhlükəsizliyi ilə bağlı Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP — Hazard Analysis ana Critical Control Points) adlanan sistematik və məntiqi bir yanaşma mövcuddur. HACCP qida müəssisələrində sağlam qida istehsalı üçün lazımlı olan gigiyena şərtlərinin (personal gigiyenası, avadanlıq gigiyenası, xammal gigiyenası, mühit gigiyenası, və s.) təyin olunaraq, bu şərtlərin təmin edilməsi, istehsal və xidmət mərhələsində istehlakçı baxımından sağlamlıq risqi meydana gətirə biləcək səbəblərin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması təməlinə söykənən bir məhsul etibarlılığı sistemidir. HACCP sistemi qida təhlükəsizliyinə təsir edən təhlükələrin əvvəldən təyin olunması və nəzarət altına alınmasını təmin edən sistematik bir yanaşmadır.
HACCP ilk olaraq 1960-cı illərdə ABŞ-da PILLSBURY firması tərəfindən, ABŞ ordusu və NASA üçün məhsul istehsalında "sıfır səhv" məqsədi ilə istifadə edilib. Daha sonra 1970-ci illərdən başlayaraq FDA (Food and Drug Administration — ABŞ Qida və Dərman Dairəsi) tərəfindən istifadə edilməyə başlanıb.
Əvvəl yalnız ABŞ-da tətbiq olunan HACCP sistemi, başda Avropa Birliyi olmaqla digər ölkələrin də diqqətini çəkib və 14 iyun 1993-cü il tarixli 93/43/EEC "Qida maddələrinin Gigiyena" Direktivi ilə Avropa Birliyi içindəki bütün ərzaq məhsullarına HACCP sistemi tətbiq edilib.
Bizim ərzaq təhlükəsizliyimiz necə təmin olunur?
Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində vəziyyət necədir? Ölkəyə gətirilən məhsulların keyfiyyətinə necə nəzarət edilir?
"Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov Sputnik-ə açıqlamasında deyib ki, bu sahədə ölkəmizdə vəziyyət yaxşı deyil: "Ölkədə qida təhlükəsizliyi haqqında qanun yoxdur. Baxmayaraq ki, beynəlxalq təşkilatlar təşəbbüs göstərib qanun layihəsi hazırlayıb veriblər. Hökumət qurumları arasında müzakirə olunur. Lakin, məsələ hələ də qalıb".
"Həmin qanun layihəsində ekspertizanın müstəqilliyi, sertifikat verən orqanın müstəqilliyi və s. nəzərdə tutulub. Bu gün ölkədə təhlükəli ərzaq malları var. Ölkədə normal və müstəqil ekspertiza yoxdur", —deyə E. Hüseynov bildirib.
"Yoxlamalarımızdan sahibkarların özlərinin də xəbəri olmur"
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Sputnik-ə açıqlamasında deyib ki, ölkəyə gətirilən ərzaq məhsullarının keyfiyyətinə nəzarət mexanizmi ilə bağlı hər bir qurumun özünün vəzifə funksiyaları var. Onun sözlərinə görə, SMPDK Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin, texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələri üzrə dövlət siyasətini həyata keçirir.
F. Talıblı bildirib ki, məhsulların standartlara uyğunluğuna nəzarət funksiyası da var idi, ancaq Azərbaycanda yeni qanunvericiliyə əsasən sahibkarlıq sahəsində yoxlamalar 2 il müddətinə dayandırılıb: "Bu, sahibkarlığın inkişafı üçün münbit şərait yaradır. Amma, məhsulların keyfiyyətinə, təhlükəsizliyinə nəzarətin daha müasir, beynəlxalq tələblər səviyyəsində qurulmasını həyata keçiririk. Belə ki, sahibkarların xəbəri olmadan məhsullar satış məntəqələrindən alınır və laboratoriyaya təqdim edilir, orada sınaqlar həyata keçirilir. Əgər xoşagəlməyən faktlar, nöqsanlar aşkar olunursa, qanunvericiliyn tələblərinə əsasən müvafiq tədbirlər görülür".
"Belə faktlar da ara-sıra olur. Məhsulların tərkibinin standarta uyğun olmaması faktları aşkarlanır. Hətta bu yaxınlarda alkoqolsuz içki, yəni bir limonadı satışdan götürüb, sınaqlarını həyata keçirdik. Limonadın tərkibində insan orqanizminə ciddi ziyan olan mikroorqanizmlər, bağırsaq çöpü qrupundan olan bakteriyalar və s. aşkar edildi. Bununla bağlı müvafiq qurumlara da məlumat verildi", —deyə Komitə sözçüsü bildirib.
Zərərli orqanizmlər aşkarlanmışdı…
Xatırladaq ki, fevralın 16-da İran İslam Respublikasından Azərbaycana daxil olan və hər birində 24 ton olmaqla, ümumilikdə cəmi 48 ton ərzaqlıq kartof məhsulu daşıyan iki yük avtomobilindən nümunələr götürülüb. Götürülmüş nümunələr Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyasında karantin ekspertizasına təqdim edilib.
Ekspertiza zamanı hər iki yükdə karantin tətbiq edilən zərərli orqanizm — kartof güvəsi (Phthorimaea operculella Zell.) və gövdə nematodu (Ditylenchus dipsaci Filipjev) aşkar edilib. Aşkar edilən gövdə nematodunun zərərsizləşdirilməsi mümkün olmadığı üçün, 48 ton kartof məhsulunun ixracatçı ölkəyə geri qaytarılması üçün ilkin sənədlər Dövlət Gömrük Komitəsinə təqdim edilib.