BAKI, 18 fev — Sputnik. Fevralın 16-da İran İslam Respublikasından Azərbaycana daxil olan və hər birində 24 ton olmaqla, ümumilikdə cəmi 48 ton ərzaqlıq kartof məhsulu daşıyan iki yük avtomobilindən nümunələr götürülüb. Götürülmüş nümunələr Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyasında karantin ekspertizasına təqdim edilib.
Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, ekspertiza zamanı hər iki yükdə karantin tətbiq edilən zərərli orqanizm — kartof güvəsi (Phthorimaea operculella Zell.) və gövdə nematodu (Ditylenchus dipsaci Filipjev) aşkar edilib. Aşkar edilən gövdə nematodunun zərərsizləşdirilməsi mümkün olmadığı üçün, 48 ton kartof məhsulunun ixracatçı ölkəyə geri qaytarılması üçün ilkin sənədlər Dövlət Gömrük Komitəsinə təqdim edilib.
"Məhsulun geri qaytarılmasında əsas məqsəd, bu növlərin respublikamızın ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınmasıdır. Artıq bu haqda İran İslam Respublikasının Milli Bitki Mühafizəsi təşkilatına da məlumat verilib", —deyə nazirlikdən bildirilib.
Kartof güvəsi kartof, badımcan, tütün və quş üzümü fəsiləsinə aid digər mədəni və yabanı bitkilər üçün təhlükəli zərərveridir. Daha çox kartofa ziyan vuran güvə kütləvi çoxaldıqda sahədə və ya anbarlarda saxlanılan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici hətta 25-80% məhsul itkisinə səbəb olur.