Politoloq Elxan Şahinoğlu Sputnik-ə açıqlamasında bildirib ki, bu terror hadisəsi Türkiyənin Suriyada quru əməliyyatlarına başlamasına təsir edə bilər: "Türkiyə həm ölkə daxilində mübarizə aparır, həm də Suriyadakı terrorçuları neytrallaşdırmağa çalışır. Əgər təstiq olunsa ki, terror hadisəsi Suriyada planlaşdırılıb və birbaşa oradakı terror qruplaşmalarının bu işdə əli var, Türkiyə Suriyadakı proseslərdə daha fəal rol oynaya bilər. Hərbi müdaxilə də aktuallaşa bilər. Ən azı Türkiyə ordusunun Suriya ərazisində silahlı terrorçuların məntəqələrini bombalaması reallaşa bilər".
Politoloq Şahin Cəfərli isə qeyd edib ki, Türkiyə beynəlxalq terrorla mübarizədə yeni addımlar ata bilər. Onun sözlərinə görə, yaxın günlərdə Türkiyənin Suriya ərazisinə müdaxiləsi istisna edilmir: "Türkiyə son vaxtlar öz ərazisindən Suriya ərazisindəki PYD mövqelərini artilleriya atəşinə tutur, lakin bunlar hələlik kifayət etmir. Artıq Türkiyənin Suriya ərazisinə hərbi müdaxilə etməsi məsələsi gündəmə gəlir. Təsadüfi deyil ki, Ankarada baş verən terroru da Türkiyə rəhbərliyi PKK və PYD ilə əlaqələndirdi. Məncə, bu özü Türkiyənin Suriya ərazisinə müdaxilə etməsi üçün əsas yaratmaq məqsədilə verilən bəyanatdır".
"Elə Ərdoğanın bəyanatlarında Türkiyənin özünümüdafiə hüququna malik olduğunu xüsusi vurğulaması da təsadüfü deyil. Məncə, yaxın günlərdə Türkiyə özünümüdafiə hüququndan istifadə edərək Suriyanın şimalına, yəni PYD-nin nəzarətində olan ərazilərə hərbi müdaxilə edə bilər", —deyə ekspert bildirib.
Ş. Cəfərli əlavə olaraq deyib ki, dövlətlərin özünümüdafiə hüququ BMT Nizamnaməsinin 51-ci maddəsində öz əksini tapıb: "Həmin maddədə hücuma məruz qalan dövlətin fərdi və kollektiv özünümüdafiə hüququ təsbit edilib. Özünümüdafiə hüququndan istifadə ölkə hüdudlarından kənarda da mümkün sayılır. PYD-yə qarşı hərbi müdaxilə böyük ehtimalla 51-ci maddə çərçivəsində əsaslandırılacaq".
Keçən il noyabrın 13-də Fransanın paytaxtı Parisdə də dəhşətli terror aktları törədilmişdi. O zaman bütün dünya sarsıntı içində idi. Maraqlıdır, Ankaradakı terror hadisəsi də Parisdəki hadisə kimi beynəlxalq reaksiya doğura bildimi?
Politoloq Mübariz Əhmədoğlu deyir ki, Qərb həmişə Türkiyəyə qarşı ədalətsiz və təmannalı mövqe sərgiləyib: "Türkiyəyə NATO və Qərb üzrə müttəfiqləri lazım olan dəstəyi vermir, lakin deyirlər ki, Türkiyə bizə dəstək olsun. Ona görə mən düşünmürəm ki, onlar Türkiyəyə lazım olan qədər dəstək verəcəklər. Onlar sadəcə başsağlığı verəcəklər, ola bilər, bir-iki həssas fikir yazsınlar. Yəni başsağlığından başqa, terrorizmi pisləməkdən başqa heç nə baş verməyəcək. Qərb sonadək nə İŞİD-in, nə PKK-nın sıradan çıxmasında maraqlıdır".
Qeyd edək ki, fevralın 17-də Ankarada baş vermiş terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.