Bunu Sputnik Beynəlxalq Mətbuat Mərkəzində "Cənubi Qafqaz" politoloqları diskussiya klubunun 41-ci iclasında iştirak edən rusiyalı politoloq Stanislav Pritçin deyib. Onun sözlərinə görə, Suriyadakı münaqişnin başlanması və fikir ayrılıqları bu iki ölkənin münasibətlərinə mənfi təsir edib.
"Son 10-12 il ərzində Rusiya və Türkiyə arasında olan pozitiv münasibət getdikcə əksinə çevrilir. Hazırda regional siyasətdə qəliz durum yaranıb, müxtəlif çağırışlar mövcuddur", —deyə Pritçin vurğulayıb.
Politoloq Fikrət Sadıxov isə qeyd edib ki, hazırda İŞİD-i məhv etmək məqsədi ikinci plana keçib: "Yaxın Şərqdə vəziyyət çox gərgindir, burada bir çox oyunçular yaranıb. Elə təəssürat yaranır ki, onlar əsas təhlükədən yan keçirlər. Birinci yerdə Rusiya, ABŞ, İran, Səudiyyə Ərəbistanı və Avropa ölkələrinin maraqları dayanıb. Müzakirələr isə İŞİD-i məhv etmək haqda deyil, digər daha az önəmli məsələlər ətrafında gedir. Məsələn, Bəşər Əsəd hakimiyyətdə qalmalıdırmı, yaxud Rusiya və ABŞ arasında müaribə olacaqmı?. Əsas məqsədi — İŞİD-i məhv etmək, onu zərərsəzləşdirmək məqsədini unutmaq olmaz".
Rusiya-Türkiyə arasındakı gərginlik haqda fikir bildirən politoloq Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan bu iki dövlət arasında vasitəçi rolunu oynaya bilərdi, lakin vəziyyət o qədər ağırdı ki, heç vasitəçi haqda düşünməyə dəyməz: "Mən dünən Türkiyənin baş naziri Əhməd Davudoğlunun çıxışını dinlədim. Hələ onun tərəfindən Rusiyaya qarşı belə sərt çıxış dinləməmişdim. O öz çıxışında Rusiyanı bombardmanla bağlı tənqid edirdi".
Tənqidlərin hər iki tərəfdən səsləndiyini qeyd edən ekspertlər bildiriblər ki, hazırki halda vəziyyəti nəzərə alaraq ona uyğun çıxış yolları tapmaq lazımdır.