Prezident İlham Əliyev 2011-ci il noyabrın 29-da "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı sərəncam imzalayıb. 2015-ci ilin sonuna qədər bu istiqamətdə bütün işlər problemsiz davam edirdi. Lakin neft qiymətlərindəki kəskin ucuzlaşma bu konsepsiyanın reallaşmasını sual altına saldı. Çünki konsepsiyanın həyata keçirilməsi üçün neftin qiymətinin ən azı 60-100 dollar arasında olması lazımdır. Bu gün isə neftin qiyməti 30 dollara qədər ucuzlaşıb.
Ölkə rəhbəri Münhen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı bu qədər ucuzlaşma gözləmədiklərini açıq etiraf etmişdi. Lakin İlham Əliyev, hər şeyə rəğmən, islahatların davam edəcəyini, hətta əvvəlkindən daha sürətli olacağını bəyan edib.
"Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının aqibəti necə olacaq? Neftin qiymətinin ucuzlaşması davam edərsə, yaxud qalxması məsələsi bağlanarsa, ölkə nələrlə üzləşəcək? Sputnik bu və digər suallarla millət vəkili, Böyül Quruluş Partiyasının sədri Fazil Mustafaya müraciət edib.
- Fazil bəy, "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallaşması artıq sual doğurur. Gələcəyimiz necə görünür?
— Azərbaycan düşüncəsində, təfəkküründə "gələcəyə baxış" anlayışı xəyali bir termin olaraq işlənilir. Yəni bizdə gələcəyə baxış deyilən yanaşma bir çox inkişaf etmiş millətlərdən fərqli olaraq instinktiv bir hal deyil. Biz daha çox günlə yaşayan və keçmişə aludə olan cəmiyyətik. Ona görə də istər evimizi tikəndə, istər şəhərimizi salanda, istər neftimizi çıxaranda "gələcəyə baxış" deyilən düşüncəni yaxına buraxmırıq. Günü istirmar eləməklə, günü keçirməklə vaxtımızı buna həsr eləməyə üstünlük veririk. Sözügedən Konsepsiya da günə dayanaraq, həmin günün proqnozlarından çıxış edərək atdığımız addımların bariz nümunəsidir. Bizdə hər şey "neft nə vaxt bitəcək" anlayışına düşünülmüşdü. Ancaq "dünya düzənində nələr dəyişəcək?" kimi proqnozlar yox idi. Neftin bitməsindən öncə neftin qiymətinin bitməsi problemi ilə qarşılaşdı ölkə.
- Konsepsiya necə hazırlanmalı idi? Hökumət nələri etdi, nələri etmədi?
— Əslində düşünən beyinlərin bir araya gəlib doğru konsepsiya hazırlaması lazım idi, ancaq bu, daha çox siyasi konsepsiya olaraq hazırlandı. Və bu da mövcud status-kvonun, yəni hökumətin müəyyən standartlarının qorunub saxlanmasına xidmət edirdi. "Bu gün necə hakimiyyətin möhkəmlənməsinə xidmət etməli?" anlayışı ilə yanaşılırdı hər şeyə. Yəni cəmiyyətin gələcəyini düşünən yanaşma olmadığına görə, bu gün reallıq bu konsepsiyanın həyata keçirilməsinin nə qədər çətin olduğunu ortaya qoydu.
- Bundan sonra nə etməli?
— Cəmiyyət yenidən toparlanıb gələcəklə bağlı proqnozlaşdırma aparmalıdır. Əks halda "biz bunu gözləmirdik, nəyisə bilmədik" etirafımız tarix üçün o qədər də mənalı etiraf olmayacaq. Çünki tarix başqa şey gözləyir, ibrət almağı, yanlışlardan nəticə çıxarmağı tələb edir. Amma çox təəssüf ki, hələ bunu bacarmadığımıza görə bu cür konsepsiyalar da uğurlu olmadı, yerimədi. Vaxtında qeyri-neft sektoru ilə bağlı heç bir ciddi iş görülmədiyi artıq ortadadır. Regionların inkişafı ilə bağlı lazım olmayan strukturların, binaların tikilməsinin şahidi olduq. Ona görə də bu gün işsizlik baş alıb gedir. Heç bir önləyici tədbir görülmədiyi ortadadır. Bunlar çox ciddi məsələdir. Konsepsiyaların həyata keçməsi üçün elmi reallıq əsasları olmalıdır. "2020 Gələcəyə baxış" konsepsiyası elmi reallıq əsaslarına çox da söykənmədiyi üçün realizə imkanlarını itirib.
- Bildirdiniz ki, "2020 Gələcəyə baxış" konsepsiyası uğursuz strategiya nəticəsində reallığını itirib. Bəs əlavə, alternativ konsepsiyaların Milli Məclisdə gündəmə gəlməsi gözlənilirmi?
— Milli Məclisdə nə konsepsiya gündəmə gələ bilər ki?! 3 dəqiqəlik danışıqla konsepsiya ifadə olunmur ki! Bunun üçün müzakirə mühiti olmalıdır. Bu gün heç hakimiyyətin öz içində bu mühit yoxdur. Diqqət edirsizsə, bu qədər problemin olmasına baxmayaraq, nazirlər kabineti ildə 6-7 dəfə toplana, ya toplanmaya. Ancaq fikir verirsizsə, Türkiyədə, Avropada hökumətlər 2-3 gündən bir toplanır, məsələləri müzakirə edir. Bizdə isə faktiki olaraq nəinki Milli Məclisdə, hakimiyyətin öz içində də müzakirə mühiti yoxdur. Əksər nazirlər heç proseslərdə iştirak eləmirlər. Onların yerinə Prezident Administrasiyasının şöbə müdirləri proseslərin öncülü kimi çıxış edirlər. Bunlar hamısı idarəetmə ilə bağlı müzakirə mühitinin tam şəkildə hələ formalaşmadığını göstərir. Eyni zamanda hakimiyyətlə müxalifət, siyasi qüvvələr arasında müzakirə mühiti yoxdur. Bura QHT-ləri də əlavə etmək olar.
Konsepsiyalar harada çıxır? Konsepsiyalar danışan, müzakirə edən, düşünən cəmiyyətlərdə çıxır. Təəssüf ki, bizdə yuxarıdan qəbul olunan hansısa konsepsiyanı cəmiyyətin istiqaməti kimi götürmək ənənəsi var. Bu da yerimir, cəmiyyətin alt qatlarına daxil olmur. Altdan təşəbbüs gəlmədiyinə görə konsepsiyaların faydası görünmür, ortaya çıxmır. Bax budur məsələnin kökü. Ona qalsa Milli Məclisdə dəfələrlə konstitusiya islahatları, müxtəlif islahat tezisləri ilə bağlı çıxışlar olub. Ancaq buna heç əhəmiyyət verən olmayıb. Milli Məclisin bugünkü potensialı da buna imkan vermir ki, hansısa islahatın öncüllüyünü öz üzərinə götürsün.
- Neft qiymətlərinin aşağı düşməsi konkret olaraq hansı sahələri vurub?
— Bütün sahələri, çünki bizdə hər şey neft üzərində qurulub. Hətta təhsilimiz də neft pulları üzərinə qurulub. Hətta xaricə tələbə göndərməyimiz də neftin pulu hesabına idi. Qeyri-neft sektoru inkişaf etdirilməyib. Çünki bu sektor korrupsiya, ağır vergi yükləri, idxal-ixracdakı rüşvət almalar altında əzilib və inkişaf edə bilməyib. Hökumətin başı qarışıq olub, onlar neft pullarının necə dağıdılması ilə məşğul olublar. Biz bu gün bunun fəsadlarını yaşayırıq. Adi bir qaçqın problemi də həll olunmadı. Bugün qaçqınlar yaşayan yerlərin çoxu uçuq-sökük vəziyyətdədir. Ona görə də, dediyim kimi, neftin dəyərdən düşməsi bütün sahələrə pis təsir edib.