"Biz indi yaşadığımız vəziyyəti neft hasilatının azalmağa başladığı bir dövrdə — ola bilsin, 15-20 il bundan sonra proqnozlaşdırmağa çalışırdıq. Biz bu dövrə hazır deyildik", —deyə Prezident bildirib.
İqtisad elmləri doktoru Qubad İbadoğlu öz "Facebook" səhifəsində İlham Əliyevin açıqlamasına münasibət bildirib. Onun yazdığına görə, Prezidentin bu etirafı, ilk növbədə, ölkədə dövlət orqanlarının makroiqtisadi proqnozlaşdırma və planlaşdırma işi ilə məşğul olan strukturlarının hansı vəziyyətdə olduğuna verilən ən obyektiv qiymətdir.
"Buradan çıxan ilk nəticə odur ki, ölkənin gələcək inkişaf perspektivlərinə baxış bir ssenarili və yanlış olub. Səhvin zaman miqyası isə nə az, nə də çox düz 20 ildir. Səhvin doğuracağı fəlakətlərin miqyasının isə nə qədər böyük olacağını bir Allah bilir", —deyə iqtisadçı qeyd edib.
Eksperti maraqlandıran digər məsələlərdən biri də odur ki, görəsən, İqtisadiyyat Nazirliyinin "Strateji proqnozlaşdırma və planlaşdırma", Maliyyə Nazirliyinin "Makroiqtisadi proqnozlaşdırma və iqtisadi təhlil" şöbələri, Dövlət Neft Fondunun "Büdcə proqnozlaşdırma və layihələr" departamenti, Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-prezidenti hansı işlə məşğul olub, gələcək strategiyalarını nəyin əsasında qurublar?!
Məlumdur ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası hazırlanıb. Bu konsepsiyanın məqsədi 2020-ci ilədək qeyri-neft sektorunun inkişafı idi. İqtisadçı ekspert Nicat Hacızadənin sözlərinə görə, neftin qiymətinin aşağı enməsi dövlətimizi şok vəziyyətinə salıb.
"Azərbaycanda gələcək proqnozlaşdırılma üçün "2020: Gələcəyə baxış" konsepsiyası hazırlanıb. Bu konsepsiyanın həyata keçirilməsi üçün neftin qiymətinin ən azı 60-100 dollar arasında olmasl lazım idi. Amma biz həmin konsepsiyanın həyata keçirilməsinin qarşısını alacaq neftin qiymətinin düşməsini gözləmirdik, bizim üçün bu, təsadüfi oldu. Dövlət bunu gözləmədiyi üçün müəyyən psixoloji şok effekt gördü. Belə olan halda tez və sürətli şəkildə itkilərin qabağını almaq vacib idi", —deyə iqtisadçı Sputnik-ə açıqlamasında bildirib.
Ekspert hesab edir ki, yaranmış vəziyyət "2020: Gələcəyə baxış" konsepsiyasının həyata keçirilməsinə mane olur: "Biz görürük ki, dövlət büdcəsinə neftdən daxilolmaların sayının azaldığı müddətdə və qeyri-neft sektorunun müəyyən qədər daha aşağı templə inkişaf etdiyi bir dövrdə 2020-ci il konsepsiyasının tam olaraq icrası mümkün olmayacaq. Bunun üçün yenidən neftin qiymətinin kifayət qədər yüksəyə qalxması və bunun fonunda qeyri-neft sektorunun inkişafı lazımdır, çünki bizim qeyri-neft sektorunun inkişafı sırf neftdən gələn gəlirlərin dayanması faktoruna əsaslanır. Amma belə olan halda qeyri-neft sektorunun yenidən inkişafı üçün digər planlar düzəldilməlidir".
Ekspertin fikrincə, özəlləşdirilmə proqramlarının hazırlanması, ölkədə yerli məhsulların istehsalı və dünya bazarına çıxarılması, bundan başqa makroiqtisadi sabitliyin qorunması üçün xarici investorların ölkəyə gəlməsindən vacib şərtlərdənədir.
Ekspertlər ümid edirlər ki, heç olmazsa bundan sonra müəyyən qurumlar nəticə çıxararaq bir neçə ssenarili proqnozlar hazırlamağa cəhd göstərəcəkələr.