Mətbuat üçün açıqlanmış sənəddə deyilir: “Bu manifesti yaymaqla vətəndaş cəmiyyəti adından ölkəmizin üzləşdiyi bütün problemlərdən çıxış yollarının tapılmasında iştirak etmək istəyirik. Çətin və məsuliyyətli bir tarixi dövrdə vətəndaşların səsini duyurmağa hazır olduğumuzu nümayiş etdiririk”.
“Sivil Tolum Platforması”nın yaradıcılardan olan media eksperti Ələsgər Məmmədli “Sputnik”in suallarını cavablandırır.
- Ələsgər bəy, “Sivil Toplum Platforması”nın fəaliyyət istiqamətləri və formatı barədə nə deyə bilərsiniz?
— Bu bir diskussiya platformasıdır. Eyni zamanda bu və ya digər formada cəmiyyəti maraqlandıran, narahat edən məsələlərinin müzakirə olunub konkret həlli yollarını ictimaiyyətə təqdim etmə mühitidir. Burada olan şəxslər istər iqtisadi sektor, istər hüquq sektoru, istərsə sosial və digər sferalarda kifayət qədər təcrübəli insanlardır. Onların öz araşdırmaları var, digər ölkələrin təcrübəsini bilirlər. Bənzər situasiyalarda necə davranıldığı ilə bağlı konkret resseptləri mövcuddur. Burada ziyalı insanların birarada bu məsələləri müzakirə edib topluma təqdim etməsi əsas məqsəddir. Təşkilatın strukturuna gəldikdə, dediyim kimi diskussiya platforması olduğu üçün hər hansı bir təşkilati strukturu yoxdur. Sadəcə özünün müəyyən etdiyi zamanlarda tərəflərin özünün razılığı ilə toplanma və bir arada müzakirə etmə mühitidir. Yəni bir QHT strukturu ya partiya strukturu yoxdur.
- Belə platformanı yaradılması əsasən hazırkı böhranlı vəziyyətlə əlaqələndirilir. Sizin bu vəziyyətdən çıxmaq üçün hansısa bir təkliflər paketiniz olacaqmı?
— Birmənalı olaraq son iqtisadi vəziyyətlə bağlı əlaqələndirməni tam doğru hesab etmirəm. Sadəcə bütün bunlar üst-üstə düşdü. Bizim bu ideyamız hələ 2015-ci ilin ortalarından var. Vətəndaşın problemləri çox dərinləşib və vətəndaş cəmiyyəti tamamən səssiz hala gəlib çıxıb. Bu aspektdən yanaşsaq formalaşmanının təməl səbəblərindən biri budur. Amma, bu arada böhran özü də məsələnin aktuallığını gündəmdə saxladı. Bu böhrandan çıxış yolu ilə bağlı çoxlu səbəb və arqumentlər var. Bunlar hamısı bir müsahibə söhbəti də deyil. Biz ayrı-ayrılıqda bununla bağlı mütəmadi olaraq açıqlamalarımızı verəcəyik. Təbii ki, diskussiyalardan sonra da ortaq qərarımızı elan edəcəyik. İlk növbədə mən şəxsi fikrimi deyə bilərəm ki, böhrandan çıxmaq üçün hüququn aliliyi, məhkəmə sisteminin tamamən ədalətli bir sistemə keçməsi, eyni zamanda təxirəsalınmaz tədbirlərin görülməsi, monopoliyanın aradan qaldırılması, maliyyə-kredit siyasətinin vətəndaşları əzib, bankları qoruyacaq şəkildə yox, ümumiyyətlə cəmiyyətinin mənafeyinə uyğun şəkildə həyata keçirlilməsi lazımdır. İlkin olaraq təcili addımlar atılmalıdır. Uzun və orta müddətli addımlar var ki, bunlarla bağlı bizim böyük açıqlamamız olacaq. Belə təəssürat yaranır ki, hökumət post neft dövrünə hazır deyilmiş və ortada itirilmiş uzun illər var. Bu da əlbəttə ki, tək vətəndaş cəmiyyətində yox, bütövlükdə ictimaiyyətin özündə bir ümidsizlik yaradır. Biz isə bu prosesdə ümidsizliyə ehtiyac olmadığını, cəmiyyətimizin potensialının çox yüksək olduğunu göstərməyə çalışırıq. Bu vəziyyətdən hökmən çıxış yolları var. Bu çıxış yollarını göstərənlərə qulaq asmaq lazımdır.
- Bəs Platformanın özünü maliyyələşdirməsi, həmçinin hansısa siyasi yönümə simpatiyası barədə nə deyə bilərsiniz?
— Platformanın maliyyə xərci yoxdur. Çünki, kifayət qədər tanınmış adamlar çay süfrəsi arxasında bir araya gəlib fikir mübadiləsi aparacaqlar. Yəni burada heç bir maliyyə söhbəti ola bilməz. Dediyim kimi, bizdə struktur yoxdur, katiblik yoxdur. Sadəcə toplanıb, söhbət edə bilərik. Bizim hər hansı bir ofisə də ehtiyacımız yoxdur. Burada təmsil olunan insanların da çoxu ayrı-ayrılıqda fəaliyyəti göstərir. Hərənin öz iş yeri, yaxud ofisi var.