BAKI, 16 fev-Sputnik. "Bizim ölkəyə investisiya hava-su kimi lazımdır, xarici investisiyalarsız düşdüyümüz ağır böhrandan çıxa bilməyəcəyik". Sputnik-in məlumatına görə, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli "Azərbaycanda investisiya mühiti və neft" mövzusunu şərh edərkən bildirib.
Ekspert öz "Facebook" hesabında investisiya mühiti haqqında yazıb: "Hər hansı bir xarici investor bir ölkədə yatırım qoymadan öncə öz şirkətində çalışan komandaya həmin ölkə haqqında ətraflı məlumat toplamağı tapşırır. Məlumat qovluğuna ölkənin beynəlxalq reytinqlərdə yeri, korrupsiyanın səviyyəsi, məhkəmələrin durumu, mülkiyyət toxunulmazlığının vəziyyəti, ancaq bundan sonra daxili bazarın araşdırması, işləmək istədikləri seqmentin analizi daxil olur. Bu məlumatlar toplanandan sonra investor qərar verir. Bizim ölkəyə investisiya hava-su kimi lazımdır, xarici investisiyalarsız düşdüyümüz ağır böhrandan çıxa bilməyəcəyik."
Natiq Cəfərli potensial xarici investorun "Azərbaycan qovluğunda" nələrin ola biləcəyinə belə aydınlıq gətirib: 1) Beynəlxalq reytinqimiz çox aşağıdır, 2) Korrupsiya reytinqində geridəqalmış Afrika və Asiya ölkələri ilə bir səviyyədəyik, 3) Məhkəmələr azad deyil, 4) Mülkiyyət haqlarının pozulması ilə bağlı onlarla iş Avropa İnsan Hüquqları məhkəməsindədir, 5) Daxili bazarımız kiçik və inhisar məngənəsindədir. Yəni, bu qovluğa baxan potensial investor həmən fikrindən vaz keçər, hə, ola bilər ki, investor bunlara göz yumub, uzun zamana və region ölkələrinə yayılmağı düşünərək Azərbaycanı seçsin. Az da olsa belə bir ehtimal var. Amma hər gün bu ehtimalın üzərindən hökumət qalın xətt çəkir: Bu gün prezident yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslərə, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərə, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərə münasibətdə bu barədə məlumatlar 3 gün müddətində Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim olunmalıdır.
Təsəvvür edirsinizmi ki, investor bu qədər problemlərdən sonra ölkəyə yatırım qoymağı düşünür, amma indi də məlum olur ki, ölkədə DTX-də qeydiyyata düşməlidir. Bunu bilən, duyan investor ölkənin adını belə unudar!"
Neftin qiymətləri barədə isə iqtisadçı-ekspert yazıb: "Görünən odur ki, hökumətin yeganə anti-böhran planı neftin qiymətinin qalxmasını gözləməkdir. Anlamırlar ki, ölkəmizin problemi ucuz neft deyil, qeyri-effektiv idarəetmə sistemi, qanunun aliliyinin olmamağı, azad və ədalətli mühitin məhv edilməsidir. Bu gün neft 35 dollar olub, bunun 2 səbəbi var: 1) Bloomberg agentliyi dünən gecə məlumat yaydı ki, bu gün Dohada Rusiya və Səudiyyə arasında neft bazarının stabilləşdirməsi mövzusunda gizli danışıqlar başlayıb. Bu danışıqların nəticə verəcəyi sual altındadır, çünki Səudiyyə və Rusiya indi ayrı-ayrı cəbhələrdədirlər. Həm də, İran artıq bazara aqressiv şəkildə daxil olur, dünən Avropaya 4 mln. barel neft satdı, əvvəlcədən yığdığı (gündəlik hasilatdan başqa) 70 mln. barel xam nefti tez satmağa çalışır. Hasilatı Səudiyyə və Rusiya azaltsalar (ehtimal 0-a yaxındır), o zaman onların bazar payını İran tutacaq.
Başqa bir məsələ odur ki, Rusiya hasilatı azalda bilmir, texnoloji olaraq buna hazır deyil. Digər bir məsələ də var: ABŞ-da "slans klapanı" adlı effekt neft bazarında işə düşür. Yəni, "slans neftinin" maya dəyəri artıq 15-17 dollara qədər enir. Yeni texnologiyalar gəlir, əgər qiymət qalxsa, 40 dolları keçsə, həmən 10 gün ərzində ABŞ-da yeni quyuları istefadə vermək üçün texnoloji altyapı var — qiymət qalxsa, həmən ABŞ-da hasilat da artacaq, "slans klapanı" işə düşərək, qiyməti yenə aşağı salacaq, 2) Digər səbəb isə bütün neft hasil edən ölkələrin endirimli qiymət siyasətidir. Bu gün Londonda satılan Brent markalı fyuçerslərin qiyməti ilə, real qiymət arasında 5-8% fərq var — real qiymətlər daha aşağıdır. Londona satılan Brent markası "kağız neftdir", fiziki neft deyil.
Yəni, hökumətin, "neftin qiyməti qalxacaq, yenə kef edəcəyik" yanaşması əsassız və zərərlidir, islahatları hər gün gecikdirməklə, ölkəni xaosa bir gün daha da yaxınlaşdırırlar. Təəssüf ki, real vəziyyət budur…"