BAKI, 15 yan — Sputnik. Prezidentin oktyabrda verdiyi fərmana qədər, vətəndaşlar şəxsi istehlak üçün xaricdən gətirdikləri, həcmi 1500 dollaradək olan mallara görə rüsumdan azad idilər. Ötən ilin oktyabrında verilən fərmanla bu məbləğ 10000 dollara qaldırıldı. İndi yenidən və bir az aşağı — 1000 dollara qədər endirildi.
İki ay öncə verilmiş qərarın ləğv edilməsini Sputnik-ə şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib: "Bunun səbəbi çox sadədir — ölkədən valyuta axınının qarşısını almaq. Çünki, 10 min dollar məbləğində şəxsi istehlak üçün xaricdən mal gətirmək istəyən vətəndaşlar, ölkə ərazisində nə mebel, nə də texnika alırdılar. Daha doğrusu almayacaqdılar. Xaricdən özlərinə daha ucuz qiymətə sifariş verirdilər və yaxud gətizdirirdilər. Bu da ölkədən valyuta axınını daha da artırırdı".
"İkinci səbəb odur ki, ölkə daxilində fəaliyyət göstərən ticarət şəbəkələri onsuz da çox ağır durumdadırlar. Dövriyyələri düşür və gəlirləri azalır. Bu qərar qüvvəyə minsəydi, işləsəydi, o iş yerlərinin, satış mərkəzlərinin bağlanması daha da sürətlənərdi", —deyə ekspert bildirdi.
İqtisadçı xüsusi vurğulayır ki, nə 10000 dollarlıq, nə də 1000 dollarlıq həcm ticarət məqsədilə ölkəyə gətirilən məhsullara aid deyil: "Ərzaq məhsullarından tutmuş digər məhsullara kimi, nə istəsən, ölkəyə gətirə bilərsən. Təbii ki, bu, məqbul həcmdə olmalıdır. Və yalnız şəxsi istehlak məqsədi daşımalıdır".
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sənədə əsasən, "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli fərmanının 1-ci hissəsi ləğv edilib.
Qeyd edək ki, fərmanın 1-ci hissəsi belə idi: "Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir".