BAKI, 13 yan — Sputnik. Dünya birjalarında neftin ucuzlaşması davam edir. Və bu proses neft ixracatçısı olan Azərbayacan ciddi mənfi təsirləri ilə müşayət olunur. Əgər neftin qiyməti 30 dolların altına, yaxud daha bədbin iqtisadçıların iddia etdiyi kimi, 20 dollara düşərsə, nə baş verəcək? Azərbaycan vəziyyətdən çıxa bilmək üçün hansı addımları atmalı olacaq?
Məsələni Sputnik-ə şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, neftin ucuzlaşması dünyada fərqli yansıma yaradır: "Neft istehlak edən ölkələr ancaq udurlar. Çünki, daha ucuz neft alırlar, daxildə yanacaq qiymətlərini salırlar. Ucuz yanacaq qiymətləri həmin ölkələrə daha yaxşı təsir göstərir. Ticarət dövriyyəsinin artmasında, insanların xərclərinin azalmasında, inflyasiyanın aşağı çəkilməsində müsbət rol oynayır. Ona görə də neftin qiymətinin düşməsi istehlakçı ölkələrə çox müsbət təsir göstərir".
İstehsalçı ölkələrə, o cümlədən Azərbaycana gəlincə isə, ekspert bunun əksini bildirir: "Çünki, gəlirlərimizin böyük hissəsi neftdən asılıdır. Amma istehsalçı ölkələr də iki qrupa ayrılır. Elə ölkələr var ki, ona təsiri minimum səviyyədədir. Məsələn, Norveç, Kanada, ABŞ. Onlar da neft istehsalçılardır. ABŞ neft istehsalına görə dünyada 3-cü yerdədir. Amma onlara heç bir təsir göstərmir. Çünki, çoxşaxəli iqtisadi modelə çoxdan keçiblər, normal bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərirlər, real iqtisadiyyat çox güclüdür".
N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda isə həm büdcənin, həm də ümumi daxili məhsulun formalaşmasında, əsasən də ixracatda neftin payı çox yüksəkdir: "Neftin qiymətinin düşməsi bizim iqtisadi modelə uyğun ölkələrə, o cümlədən Rusiyaya, Qazaxıstana, Azərbaycana, Venesuelaya çox pis təsir göstərir. Nəticədə gəlirlər xeyli azalır. Azərbaycanda büdcənin doldurulmasında, sosial proqramların həyata keçirilməsində getdikcə daha çox problemlər yaşanacaq".
Neftin qiymətinin haraya qədər düşəcəyi və harada dayanacağına gəldikdə, iqtisadçı bununla bağlı müxtəlif proqnozların olduğunu söylədi: "Neftin 20 dollara, bəzi beynəlxalq araşdırma mərkəzləri hətta 10 dollara düşəcəyi ehtimalını qeyd edirlər. Hesab edirəm ki, neftin qiymətində müəyyən dərəcə stabillik yaranacaq. 20 dollara qədər də düşə bilər. Amma müəyyən müddətdən sonra stabillik yaranacaq. Sadəcə anlamaq lazımdır ki, dünyada artıq yeni texnoloji era gəlir. Neftin çox vacib bir element olması dünyada artıq 2-ci plana keçir və yeni texnologiyaların inkişafı prosesi gedir. Bu da neftin qiymətlərinə çox ciddi təsir göstərir".
"Anlamaq lazımdır ki, dünyanın inkişaf trendləri var. Məsələn, obrazlı ifadə etsək, daş dövrü dünyada daş bitdiyi üçün bitmədi. Əvəzinə dəmir gəldiyi üçün bitdi. İndi neft dövrünün sonu neftin bitməsi ilə əlaqədar deyil. Yeni texnologiyaların, trendlərin yaranması ilə əlaqədardır. Bu proses getdikcə sürətlənəcək. Neftin əhəmiyyəti 20-ci əsrdə olduğu kimi, 21-ci əsrdə olmayacaq. Bu artıq dəqiqdir. Bu da neftin qiymətinin həmişə aşağı qalmasında mühüm rol oynayacaq", —deyə N.Cəfərli vurğuladı.
Neftin qiymətinin düşməsinin Azərbaycanın milli valyutasına zərbə olacağını deyən həmsöhbətimiz hesab edir ki, belə olan halda hökumət, Mərkəzi Bank manatın yenidən dəyərdən düşməsi barədə düşünməli və yeni məzənnə siyasətinə keçməli olacaq: "Çünki, ölkənin xarici ticarətinin 94 faizini neft təşkil edir. Xaricdən gələn valyuta azaldıqca, qiymət düşdükcə, daxildə valyutaya tələb artacaq. Manatın indiki məzənnəsini saxlamaq belə, çətin olacaq. Düşünürəm ki, ilk zərbə Azərbaycan manatına dəyəcək".
Çıxış yollarına gəlincə isə, "Qısa müddətdə bu vəziyyətdən çıxmaq təəssüf ki, mümkün deyil. Heç olmasa, böyük iqtisadi, siyasi, sosioloji araşdırmalar apraılandan sonra, hər bir sahə üzrə məhkəmə sistemindən tutmuş iqtisadi sahələrə qədər ciddi islahat paketləri lazımdır. Niyə məhkəmə sistemi dedim, çünki, xarici və daxili investorlar üçün normal fəaliyyət göstərən ədalətli məhkəmə sistemi çox önəmlidir. Xarici investor cəlb etmək istəyiriksə, ilk növbədə ədalətli məhkəmə sistemi qurmalıyıq. İslahatlar paralel aparılmalıdır ki, ciddi effekt versin. Sırf müəyyən iqtisadi islahatlar, addımlar ataraq indiki vəziyyətdən çıxmaq, çox təəssüf ki, artıq mümkün deyil", —deyə iqtisadçı qeyd etdi.
Qeyd edək ki, ABŞ-ın üç nüfuzlu bankının — "Morgan Stanley", "Goldman Sachs" və "Citigroup"un proqnozuna görə, tezliklə neftin qiyməti 30 dollarlıq həddən də aşağı enəcək və təxminən 20 dollar səviyyəsində dayanacaq. Analitiklər qiymətin bu cür kəskin aşağı düşməsinə dair proqnozlarını Çində iqtisadi artımın yavaşıması və neft emalının həcminin azalması ilə əsaslandırıblar.