BAKI, 27 yan — Sputnik. "AŞPA-da səsverməyə qoyulan qətnamələr hamısı gözdən pərdə asmaq və münaqişənin həllini daha da yubatmaq üçündür. Xalqların diqqətini yayındırmaq üçün arada belə qətnamələr səsverməyə qoyulur ki, xalq baxıb görsün ki, "bəli, münaqişənin həlli üçün hökumətlər ciddi çalışırlar".
Bunu Sputnik-ə açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, münaqişənin həll olunmamasının səbəblərini belə izah edib: "Erməni mətbuatı qətnamələrlə bağlı yazırdı ki, satqın Avropa deputatları Azərbaycandan rüşvət alıblar və onların əleyhinə qətnamələr hazırlayıblar".
"Səsvermə bitdikdən sonra sevinirdilər ki, qətnamələrdən biri qəbul olunmayıb. Digər qəbul olunan sənədlə bağlı isə özlərini məyus kimi aparırlar", —deyə politoloq vurğuladı.
Onun sözlərinə görə, Azərbaycanda da qəbul olunmayan qətnamənin üstündən keçib, digər qəbul edilən sənədi diplomatiyamızın uğuru kimi göstərəcəklər: "Bütün bunlar hamısı baş aldatmaqdan başqa bir şey deyil. Avropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin həllində söz sahibi deyil. Qaldı ki, Dağlıq Qarabağ münaqişəsinin AŞPA-da müzakirəyə çıxarılmasına, həmin qurumun münaqişənin həllinə zərrə qədər də müsbət təsiri yoxdur. AŞPA məşvərət hüquqlu bir qurumdur. Bir növ, Avropa demokratik dövlətlərinin klubudur".
"Həmin quruma demokratik olanlar da, olmayanlar da üzv yığılıblar ki özlərini demokrat saysınlar. AŞPA-nın zəruri qərar vermək hüququ yoxdur", — Z. Əlizadə düşünür.
Avropa Şurası Parlament Assambleyasının dünənki sessiyasında Bosniyadan olan deputat Militsa Markoviçin "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı məruzəsi qəbul edilib.
Britaniyalı deputat Robert Volter tərəfindən hazırlanmış və Siyasi Məsələlər Komitəsində qəbul edildikdən sonra, dünən təsdiq üçün Assambleyanın plenar iclasında səsverməyə çıxarılmış "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması" məruzəsi isə qəbul edilməyib. Azərbaycan tərəfi qətnamənin qəbul olunmamasına sərt reaksiya göstərərək qurumun erməni lobbisinin təsirinə məruz qaldığını bildirib.