Politoloq Fikrət Sadıxov "Sputnik"ə açıqlamasında bildirib ki, Azərbaycanın Avropa Şurasına üzv olması müsbət haldır və bunu heç vaxt unutmaq olmaz: "Avropa Şurasına bizim daxil olmağımız normal müsbət bir haldır. Çünki biz özümüz könüllü şəkildə bunu istəmişik. Burda müxtəlif qüvvələr var. Biz görürük ki, Azərbaycana qarşı çıxan qüvvələr də az deyil. Amma eyni zamanda, Azərbaycan tərəfini saxlayan, maraqlarını müdafiə edən, reallığı nəzərə alaraq həqiqəti deyən qüvvələr kifayət qədərdir. Bu da sirr deyil ki, bir neçə il ərzində Azərbaycanın xeyirinə bir neçə qətnamə qəbul olunub — Dağlıq Qarabağla bağlı bizim maraqlarımızı müdafiə edə edən bir qətnamə. Bu reallıqdır, biz bunu unutmamalıyıq".
Lakin buna baxmayaraq, qəbul olunan qətnamələr problemi tam həll etmir. Fikrət Sadıxov hesab edir ki, bu məsələdə qərəzli məqamlar da var: "Burada qərəzli fikirlər də səslənir. Müxtəlif siyasətçilər, parlament üzvləri Azərbaycana qarşı çıxış edir, ədalətsiz, qərəzli ifadələr işlədir. Hətta bir sıra hallarda ermənipərəst qüvvələrin təhriki ilə bağlı bizə qarşı açıq şəkildə siyasi döyüşlər də gedir. Biz təbii ki, onun cavabını veririk, borclu qalmırıq".
Politoloq Zərdüşt Əlizadə isə təmamilə əksini düşünür. Onun sözlərinə görə isə, Azərbaycanın Avropa Şurasına üzv olması xalqımıza heç nə qazandırmayıb:
"Bunun Qarabağın işğalına və ya Qarabağın azad olunmasına çox cüzi təsiri təsiri var. Mən düşünmürəm ki, xalqımız nəsə əldə etdi. Azərbaycanın gerçəkliyi onun həyatına Avropada baş verən hansısa hadisələrdən daha çox təsir edir", —deyə politoloq bildirdi.
Qeyd edək ki, 17 yanvar 2001-ci iltarixində Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edib. Yanvarın 25-i isə Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısındakı flaqştoka Azərbaycanın bayrağı qaldırılıb. Mərasimdə Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev iştirak edib.