BAKI, 25 yan — Sputnik. "Avropa Şurası Parlament Assambleyası bu gün Strasburqda başlamış sessiya çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə dair qətnamənin qəbul edilib-edilməməsi məsələsini həll etməlidir".
Sputnik AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında AŞPA prezidenti Ann Brasser bildirib. Ann Brasser jurnalistlərin sessiya çərçivəsində bu münaqişənin müzakirə olunmasının planlaşdırılması barədə sualına da cavab verib.
"Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində irəliləyiş yoxdur və nəsə etmək lazımdır. Bu prosesi irəli aparmağın yollarını tapmaq lazımdır", deyən Brasser AŞPA-nın bu məsələyə öz töhfəsini verməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, AŞPA üzvlərinin diqqətinə ingiltərəli deputat Robert Volterin hazırladığı "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" və bosniyalı deputat, xanım Miliça Markoviçin hazırladığı "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi" qətnamə layihələri təqdim olunacaq.