BAKI, 18 yan — Sputnik. 2016-cı ilin yay aylarında Azərbaycanda keçiriləcək Formula1 yarışları ilə bağlı Sputnik, idman sahəsinin tanınmış simalarının münasibətini öyrənməkdə davam edirik.
Vasif Namazov — Alpaqut döyüş sənətinin müəllifi, beynəlxalq dərəcəli idman ustası: "Nəinki Forumula1, istənilən beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin xeyrinədir. Ancaq bilmirəm, bu yarışın keçirilməsinə nə qədər vəsait ayrılıb və bundan ölkəmiz nə qazanacaq. Yəni hər şeyi düzgün hesablamaq lazımdır ki, dövlətimiz və xalqınmız qazanc əldə etsin.
Bildiyiniz kimi Bakı 2015 İlk Avropa Oyunları çox möhtəşəm keçdi, hətta dünya mediası da bu barədə geniş informasiyalar verdi. Təbii ki, Azərbaycan dövlətçiliyi, dövlətimizin beynəlxalq arenada tanınması nöqteyi-nəzərdən bu çox faydalı oldu.
Ancaq ölkəmizə turizm axını nöqteyi-nəzərdən bu, hesablanan kimi effekt vermədi. Düşünürəm ki, dövlətimiz artıq bu istiqamətdə bir təcrübə qazandı və yəqin ki, bu yarışın keçirilməsini düzgün hesablayıblar. Heç olmasa, ən azından çəkilən xərcə görə artıq olmasa da, başa-baş xeyr olmaldır. Bütün dünya idmana biznes gözü ilə baxır. Bu, bir gerçəklikdir. Hansı idman sahəsi olursa olsun. Hər bir dövlət öz maraqları naminə hərəkət edir. Biz də belə etməliyik".
Səxavat Qurbanov — idman jurnalisti: "Formula 1 yarışının ölkəmizdə keçirilməsi təbii ki, müsbət haldır. Bu tip yarışların Azərbaycanda keçirilməsi idmanın bu növünün Azərbaycanda daha da populyarlaşmasına zəmin yaradacaq. Sössüz ki, bu yarışı sevənlər ölkəmizdə az deyil. Formula1 hazırkı durumda ancaq və ancaq ölkəmizdə bu idman növsünün populyarlaşmasına kömək edə bilə.
Çətin dönəmdən keçən ölkəmizin tamaşaçısının bu yarışa nə dərəcədə diqqət göstərəcəyini isə, söyləmək çətindir.
Son hadisələr belə yarışları kölgədə qoyur. Əgər bir il bundan öncə bu yarış keçirilsəydi, o zaman daha ajiotajlı olardı. İstənilən halda Formula 1-in Azərbaycanda keçirilməsi sevindirici haldır və bunun müsbət tərəflərini də yaxın zamanda görəcəyik".