BAKI, 12 yan-Sputnik. 17 dekabr 2015-ci il tarixində Marşalların proqrama cəlb olunması ilə bağlı "Four Seasons" otelində keçirilmiş ilk təqdimat tədbirindən sonra Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkət nümayəndələri bu proqrama böyük maraq göstəriblər.
Sputnik-ə təşkilatçılar tərəfindən verilən məlumata görə, proqrama olan böyük rəğbəti nəzərə alan BŞH və AAF, Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışında rol almaq və 2016-cı il Avropa Qran Prisinin Marşal komandasına qoşulmaq istəyənlər üçün proqrama qeydiyyatı davam etdirir.
Maraqlananlar marshals@faa.az email adresi və (012) 404 13 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.
Kampaniyanın keçirilməsində əsas məqsəd Azərbaycan xalqına Bakının küçələrində bu möhtəşəm idman tədbirini yüksək əhval ruhiyyədə qarşılamaq və yarış həftəsonunun uğurla həyata keçirilməsində birbaşa öz töhfələrini vermək imkanını təmin etməkdir. Qeyd edək ki, Azərbaycanda və ya kənarda yaşayan və 21-dən çox yaşı olan hər kəs bu proqramda iştirak edə bilər. Özəl şirkətlərdə çalışanlar da bu proqrama qoşula bilərlər.
Formula 1 yarış həftəsonunun uğurla başa çatdıran hər bir marşal FİA-nın təsdiq etdiyi beynəlxalq lisenziyalı sertifikatla mükafatlandırılacaq. Bu sertifikat marşallara sadəcə Azərbaycanda deyil, Qran Pri yarışlarına ev sahibliyi edən digər ölkələrdə də keçiriləcək yarışlarda işləmək hüququ verəcək.
Marşal proqramına qoşulmaqla Siz Bakıda keçiriləcək Formula 1 yarış həftəsonunun təşkilatçılığında həm fərdi, həm də hər hansı bir şirkət adından kollektiv şəkildə öz töhfənizi verə bilərsiniz. Proqrama cəlb olunmuş marşallar 2016-cı il Avropa Qran Prisinin bir hissəsi olmaqla yanaşı eyni zamanda trekə ən yaxın yerdən Formula 1 yarışının həyəcanı və coşğusunu yaşamaq imkanına sahib olacaqlar.
Məlumat üçün bildirək ki, Marşal proqramı ilə bağlı dekabrda verilmiş ilk elandan bu günədək 300-ə yaxın şəxs könüllü olaraq qeydiyyatdan keçib. Bunlar arasında Bakıda yerləşən bir sıra böyük şirkətlərin, o cümlədən Pricewaterhouse Coopers, EY Azərbaycan,Deloitte & Touche, "Atəşgah" Sığorta Şirkəti, KPMG və Iteca Caspian şirkətlərinin nümayəndələri say çoxluğu etibarilə xüsusilə fərqləniblər.