SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident yanında müşavirə keçirildi

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev bildirib ki, 2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər və bu proses indi də davam edir

BAKI, 18 yan — Sputnik. Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib. Sputnik-in president.az saytına istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyev bildirib ki, 2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər və bu proses indi də davam edir.

"Son bir ildə neftin qiyməti 4 dəfə düşüb. Bu isə gəlirlərin azalmasına təsir edib. Hazırda Azərbaycan vəziyyətdən çıxmaq üçün ciddi addımlar atır. Bunun nəticəsində ölkəmiz digər neft ölkələri ilə müqayisədə ən az itki ilə üzləşib", —deyə dövlət başçısı qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Azərbaycan prezidentinin sədrliyi ilə hökumətin iclası keçirilib

Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə, Azərbaycanın çətinliklərdən asanlıqla çıxacağını deyən Prezident ölkədə islahatların dərinləşməsinin vacibliyini vurğulayıb, bununla bağlı səslənən təkliflərin artıq icra olunmağa başladığını deyib. İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılacağını deyən dövlətimizin başçısı son illərdə ölkədə həyata keçirilən işlərin insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldiyini bildirib, bu yaxınlarda pensiya və əmək haqlarının 10 faiz qaldırılmasının bu istiqamətdə atılan önəmli addım olduğunu qeyd edib.

İlham Əliyev çıxışında süni bahalaşmaya da münasibət bildirib, bu problemə qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb: "İşbazlar qiymətləri süni şəkildə bahalaşdırmağa çalışırlar. Görülən tədbirlər nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb".

Struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyən Prezident bildirib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır. Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlət başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub, Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacağını deyib.

Bundan əlavə, İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.

İlham Əliyev və xanımı Mehriban Əliyeva - Sputnik Azərbaycan
SİYASƏT
Prezident: Qiymətləri süni şəkildə qaldıranlar cəzalandırılacaqlar

Dövlət başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxunub, hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını deyib. Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını deyən dövlət başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirib, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını deyib.

"Ölkəmizin xarici borcu çox aşağı səviyyədədir və mövcud vəziyyət nəzərə alınaraq, xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər", —Prezident vurğulayıb.

Qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyini bildirən dövlət başçısı Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirib.

Ramin Quluzadə - Sputnik Azərbaycan
Prezident yeni nazir təyin etdi

Prezident İlham Əliyev çıxışında daha bir vacib məsələyə toxunub, iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verib. Bununla yanaşı, İlham Əliyev ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb.

Son 10 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu deyən Prezident bunu bütün beynəlxalq və maliyyə qurumlarının təsdiq etdiyini dedi, bu il ərzində Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problemin olmayacağına əminliyini ifadə edib. Hökumət üzvləri də müzakirələrdə çıxış ediblər.

Xəbər lenti
0