BAKI, 15 yan — Sputnik. Azərbaycanda fəaliyyət göstərən banklar filial və şöbələrindən kənarda fəaliyyət göstərən mübadilə şöbələrini bağlayıb. Bu, Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"na əsasən həyata keçirilib.
Bu Qaydanın bəndinə əsasən, mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən, bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır və Mərkəzi Bank tərəfindən verilən icazə əsasında fəaliyyət göstərir.
Sputnik-in əməkdaşı Bakıda "exchange"lərin işləyib-işləməməsi ilə əlaqədar müşahidələr aparıb. Və məlum olub ki, mübadilə şöbələri bağlanıb, fəaliyyət göstərmir. Paytaxtın bir neçə bölgəsində üz tutduğumuz 10-a yaxın valyutadəyişmə məntəqəsinin qapısı üzərinə "işləmir" lövhəsinin asıldığını gördük.
Daha sonra Azərbaycan Beynəlxalq Bankının Yasamal rayonu, Mətbuat prospektində yerləşən fifilialına gəldik. Dolların satışını soruşduqda bank işçisi dedi ki, "dolları 1.5627-dən alırıq, amma dollar satışı yoxdur".
"NBC Bank" ASC-də də təxminən eyni vəziyyət hökm sürür. Müşahidələrimiz zamanı insanların dollarda saxladıqları pulluarını manata çevirdiklərinin şahidi olduq.
Bunun da 2 səbəbi var: Birincisi bankda dolları, sadəcə alırlar, satmırlar. İkincisi isə, söhbət etdiyimiz insanların dediklərindən də bəlli olur ki, artıq əhalinin manatla olan ehtiyatları tükənib və dollara çevirərək, "qara gün naminə" yastığın altına yığdıqları vəsaiti gündəlik tələbatlarını ödəmək üçün "əritməyə" başlayıblar. "NBC Bank"da dolları 1,5700-dan alırdılar. Dolların satışı isə yoxdur.
Fakt odur ki, artıq Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində (o cümlədən mübadilə şöbələrində), eləcə də ödəniş terminallarında həyata keçirilir.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu proses AMB-nin İdarə Heyətinin təsdiqlədiyi "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları" ilə tənzimlənir: "Son zamanlar valyuta mübadilə əməliyyatların həcminin artması ilə əlaqədar kommersiya bankları tərəfindən əməliyyatlarını daha səmərəli və çevik tənzimlənməsi, əməliyyatlara nəzarət prosedurunun gücləndirilməsi məqsədilə, eləcə də xidmət şəbəkələrinin və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində aparılan işlərin davamı olaraq valyuta mübadiləsi əməliyyatlarının mübadilə şöbələrində həyata keçirilməsi məhdudlaşdırılmış, mübadilə şöbələrinin fəaliyyətinə əsasən xitam verilmişdir. Yalnız turizm xidməti göstərən obyektlərdə (xüsusilə mehmanxana və hava limanında) operativ valyuta mübadilə ehtiyaclarının qarşılanması məqsədilə bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir. Məlumat üçün bildiririk ki, hazırda əhalinin, o cümlədən sahibkarların bank xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə banklar kifayət qədər geniş xidmət infrastrukturuna malikdirlər. Bankların 914 filial və şöbəsi fəaliyyət göstərir ki, bunların da 458-i regionlarda yerləşir".
Beləliklə, bundan sonra valyuta mübadilələri yalnız bankların filial və şöbələrindən aparılacaq. Yalnız mehmanxana və hava limanları istisnadır.
Bu qərarın valyuta bazarındakı vəziyyətə nə cür təsir edəcəyi ilə bağlı proqnoz vermək çətindir. Yaxın günlər ərzində bazarda ajiotajı yaradan əsasən bankların valyuta təminatı ilə bağlı olan problem idi. Lakin bu günlərdə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa etdiyini bəyan edib.
Fondun açıqlamasında bildirilir ki, yanvarın 13-də yeni mexanizmlə — Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib: "Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə edib. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb".
Fonddan o da bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək. Görünən budur ki, bankların valyuta ilə təminatında heç bir problem yoxdur.
Bu səbəbdən "APA-Economics" banklarda valyuta mübadiləsinin aparılıb-aparılmadığını araşdırıb. Nəticədə xarici valyutanın alqı-satqısı həyata keçirən və keçirməyən bankların siyahısı müəyyənləşib.