BAKI, 14 yan — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Gürcüstana səfəri şirkətin qonşu ölkəyə təbii qaz nəqlinə dair müqavilənin şərtlərinə həm ixracın həcmi, həm də qiymət baxımından dəyişikliklərlə nəticələnə bilər. Çünki paralel olaraq Gürcüstanın Rusiyanın "Qazprom" şirkəti ilə mümkün müqaviləsi müzakirə olunur. Sputnik bu məsələ ilə bağlı ekspertlərin rəylərini öyrənib.
Azərbaycan
İdxalın şaxələndirilməsi bütün enerji resurslarına ehtiyacı olan ölkələrin arzusudur. Azərbaycanlı politoloq Rasim Ağayev bu fikirdədir. Onun sözlərinə görə, avropalılar da yalnız Rusiyadan asılı olmaq istəməyərək öz sistemlərini şaxələndirirlər. Əgər hətta avropalıların Rusiya siyasətindən ənənəvi ehtiyatlanmasını diqqətə almasaq da, təcrübə göstərir ki, bazarda bir ixracatçıdan asılı olmaq mənfi haldır.
"Əgər Gürcüstan Azərbaycandan qaz nəqlini şaxələndirmək istəyirsə, gürcüləri başa düşmək olar. Lakin məsələyə bu bucaq altında baxmaq Gürcüstanın Azərbaycan və Rusiya ilə münasibətlərindəki yaranmış problemi xeyli kiçiltmək anlamına gəlir", — deyə politoloq bildirib.
Onun sözlərinə görə, Rusiyaya gəldikdə, gürcü müxalifətinin və ictimaiyyətin hökumətin "Qazprom"dan yanacaq almaq arzusundan narazılığı məlumdur. Eyni zamanda Azərbaycan məsələsində də qazın qiyməti və keyfiyyəti ilə bağlı maneələr var. "Gürcüstanda belə bir fikir mövcuddur ki, bizim qazımız keyfiyyətinə görə Rusiya və hətta İran qazından ciddi geri qalır", — deyən ekspertin sözlərinə görə, Azərbaycan qazının nisbətən ucuz olması da elə bu amillə bağlıdır.
"Digər tərəfdən, Gürcüstanın qaza olan tələbatının əhəmiyyətli hissəsi, yəni 80%-i Azərbaycan tərəfindən təmin edilir. İndi "Qazprom"un peyda olması SOCAR üçün müəyyən dissonans yaradır. Çox mümkündür ki, sonradan İran qazı da ora gedəcək və Azərbaycanın bazardakı payı ciddi surətdə azalacaq. Bu, o deməkdir ki, SOCAR praktiki olaraq inhisarçı vəziyyətində olduğu bazarı itirir. Bu, Azərbaycan üçün rəqabət və hətta siyasi baxımdan ciddi itkidir ", — deyə ekspert vurğulayıb.
Gürcüstanla danışıqların hər şeydən əlavə həm də Azərbaycan qazının qiymətinin (hazırda o, 1000 kubmetrə görə $190-a satılır, "Qazprom"un qiyməti $210) aşağı salınmasına yönəldiyi barədə nəzəriyyəni şərh edən Ağayev bildirib ki, ilk baxışda gürcülərin belə bir siyasəti həyata keçirmələri təsəvvürü yaranır. Lakin onun sözlərinə görə, digər obyektiv amillərlə yanaşı nəzərə almaq lazımdır ki, Rusiya Gürcüstana perspektivlər vəd edir.
“Tiflis üçün baza enerji təchizatı yaratmaqla Moskva siyasi blokadanı aradan götürür”, — deyə Ağayev bildirib.
Eyni zamanda ekspert qeyd edib ki, Azərbaycan qazının qiyməti Rusiya ilə Gürcüstan arasındakı münasibətlərin olmadığı dövrdə ortaya çıxmışdı: "Həmin zaman Gürcüstanın özündə enerji baxımından çox ağır vəziyyət mövcud idi. Qonşu bazarın ələ keçirilməsi xatirinə Azərbaycan o vaxt orada şüurlu şəkildə güzəştlər etdi:
"Lakin çoxsaylı digər məqamları da yaddan çıxarmaq lazım deyil. Bu məqamlar barədə biz indi fakt kimi danışa bilmərik. "Qazprom"un Gürcüstana dəvət edilməsinin arxasında şəxsən Bidzina İvanişvili dayanır. Deyilənlərə görə, o, bu şirkətin payçılarından biridir. Ona görə də yalnız bir amilə söykənməklə biz ümumi mənzərəni tam dəqiq ifadə edə bilmərik."
Gürcüstan-Azərbaycan görüşlərinin nəticəsinə gəldikdə isə, Ağayev bildirib ki, Rövnəq Abdullayevin danışıqları necə aparmasından asılı olmayaraq, yaddan çıxarmaq lazım deyil ki, danışıqlar prosesinin arxasında yalnız SOCAR deyil, Azərbaycan prezidentinin apardığı enerji dialoqlarının bütün prosesi dayanıb.
“Azərbaycan prezidenti isə Gürcüstan bazarının ələ keçirilməsi üçün bütün diplomatik təcrübəsindən istifadə edib. Əgər Azərbaycan öz mövqelərini qoruya bilsə, bu o deməkdir ki, o, həqiqətən də aparıcı oyunçudur. Əgər Gürcüstan tərəfindən müqavilələrin çərçivəsinin daraldılması baş verirsə, demək bu ölkədə yeni oyunçuların mövqeləri güclənir və bununla hesablaşmaq lazım gələcək”, — deyə politoloq bildirib.
Ağayev yekun olaraq vurğulayıb ki, bütün yuxarıda deyilənləri nəzərə alsaq, Gürcüstanın siyasi rəhbərliyinin öz bazarına Rusiya və İran kimi yeni oyunçuları buraxacağını gözləmək olar.
Gürcüstan
Öz növbəsində gürcü politoloq Gela Vasadze qeyd edib ki, Gürcüstanda qazın çatışmazlığı barədə danışmaq hələlik tezdir. Çünki hökumətin yüzlərlə iri sənaye müəssisəsi tikmək, məşğulluğu və məhsuldarlığı artırmaq barədə planları hələlik vəd səviyyəsində qalıb.
"Uzun illər ərzində biz Azərbaycandan qaz alırdıq və belə desək, bu inhisar qarşılıqlı idi. Çünki bir tərəfdən SOCAR ölkəyə əsas qaz ixrac edən şirkətdir, digər tərəfdən isə Gürcüstanın özünün qaz ehtiyatları var. Düzdür, bu ehtiyat azdır. Üstəlik Gürcüstan "Qazprom"dan Ermənistana qaz ötürülməsinə görə 10% alır. Və ümumiyyətlə, qaz bazarlarında vəziyyət dəyişincə, hamı bu bölgüdən razı idi", — deyə politoloq bildirib.
Vasadzenin sözlərinə görə, bu dəyişikliklər çox ciddi xarakter daşıyır: “Ciddi qaz təklifləri ortaya çıxıb və təbii qazın qiyməti müvafiq olaraq düşüb, hazırda isə bazarların yenidən bölüşdürülməsi prosesi gedir”.
Onun fikrincə, belə bir vəziyyətdə energetika sahəsindəki məmurlar əlavə gəlir almaq üçün variantlar axtarırlar, özü də təkcə dövlət üçün yox. Bütün bunları nəzərə alaraq gələcəkdə söhbət Rusiya qazının Türkiyə və digər Avropa ölkələri istiqamətində nəqlindən gedə bilər.
Vasadze həmçinin qeyd edib ki, Gürcüstanda qaz anbarı tikilməsi nəzərdə tutulur. Bu anbar qazın gələcəkdə satılması üçün xab rolunu oynayacaq. "Buna əsasən siz Gürcüstan hakimiyyətinin məntiqini başa düşə bilərsiz. Həmçinin yaddan çıxarmayaq ki, "Qazprom"un səhmdarlarından biri İvanişvilidir. O isə hazırda faktiki olaraq Gürcüstanın rəhbəridir. Mənim fikrimcə, məsələ kifayət qədər aydındır", — deyə Vasadze vurğulayıb.
Qiymətlərin endirilməsinə gəlincə, Vasadze deyilən rəqəmləri fakt kimi təqdim etməyin əleyhinədir. "Məncə burada "yanıltma" əməliyyatı gedir. "Qazprom"la müqavilənin əleyhdarlarının indi iki əsas arqumentləri var. Bunun biri Moskva və Tiflisin münasibətləri, ikincisi isə SOCAR-ın daha əlverişli qiymətləridir. Mənim fikrimcə, hanısa bir məqamda "Qazprom" tərəfindən tutaq ki, $170 qiymət elan olunacaq və bu müqavilənin əleyhdarlarının arqumentləri məhv olacaq", — deyə ekspert bəyan edib.
Eyni zamanda o, proses zamanı Azərbaycanın qazın qiymətlərini daha da endirə biləcəyini istisna etməyib. Vasadze buna əsas kimi qlobal bazarda qazın qiymətinin enməsini göstərir. Gürcüstana qaz idxalı ilə bağlı qərarın nə vaxt və hansı formatda qəbul olunması məsələsi bütün maraqlı tərəflərdən asılıdır. Səbəb isə, Vasadzenin sözlərinə görə, danışıqların paralel olaraq aparmasıdır. Onun fikrincə, nəticələri əvvəlcədən bilmək çətindir, çünki "Qazprom"la müqavilə bağlanması üçün konkret səbəblər aydın şəkildə səsləndirilmir.
"O cümlədən, belə bir söhbət var idi ki, Azərbaycan kifayət qədər qaz tədarük edə bilmədiyinə görə, bizə Rusiyadan idxal lazımdır. SOCAR isə qazın həcmini artıra biləcəyini bəyan edib. Əgər dünən keçirilən görüşdə bu ehtimal təsdiqlənibsə (artıq təsdiqlənib-red.), bu, "Qazprom"dan qaz almaq tərəfdarlarını çətin vəziyyətdə qoyacaq", — deyə gürcü ekspert fikrini yekunlaşdırıb.
Rusiya
İqtisad elmləri doktoru, İtaliyanın Boloniya Universitetinin professoru Stanislav Tkaçenkonun fikrincə, Azərbaycandan gələn qazı qismən əvəz etmək üçün Gürcüstanın Rusiya tərəfi ilə mümkün müqavilə bağlaması məsələsi artıq bir neçə həftədir inkişaf etməsinə baxmayaraq bu məsələ barəsində sadəcə bir neçə təkzibedilməz faktı ortaya çıxarmaq mümkün olub:
"Rusiya-Gürcüstan müqaviləsi bazar reallıqlarına əsaslanır və onun Rusiyanın Tiflis hökumətinə iqtisadi yardımı kimi başa düşmək lazım deyil. Tiflis hökuməti son vaxtlara qədər Moskvada qeyri-dost kimi qiymətləndirilirdi. Lakin təxminən 2012-ci ildən başlayaraq ikitərəfli münasibətlərdə total antaqonizmin səviyyəsi xeyli aşağı düşüb.
Təklifin sabitliyini qarantiya altına almaq, həmçinin rəqabət mühitinin yaradılması və inhisarçılığa son qoymaq məqsədi ilə enerji idxalının şaxələndirilməsi dünyada qəbul olunmuş tendensiyadır. Bunun əsasını Avropa İttifaqı qoyub. İndi bu İttifaqa can atan Gürcüstan da eyni addımı atır. Neft və digər karbohidratların qiymətlərinin misilsiz dərəcədə düşməsi bütün xammal ixrac edən ölkələri öz ənənəvi bazarlarını daha aqressiv müdafiə etməyə və yeni bazarlara çıxmağa məcbur edir. "Qazprom"un Gürcüstan istiqamətində fəaliyyəti bunu təsdiq edir. Hələlik Rusiya qazının Gürcüstan bazarına neçəyə satılacağını demək çətindir. Əminəm ki, müqavilə bağlananda "Qazprom"un qiyməti SOCAR-ın hazırdakı $190 qiymətindən aşağı olacaq".
Tkaçenko danışıqlar ərəfəsində "Qazprom"un qiyməti ən azından $210 olacağı barədə yayılmış məlumatı da şərh edib: “Bu, o deməkdir ki, yeni müqavilə Gürcüstan üçün əlverişli olmayacaq. Bu fonda belə bir ehtimal ortaya çıxır ki, Tiflis bu hay-küylə sadəcə Azərbaycan qazının qiymətlərini endirməyə çalışır. Lakin Azərbaycan və Gürcüstanın münasibətləri SSRİ dağıldıqdan sonrakı bütün dövr ərzində Cənubi Qafqaz bölgəsində, Azərbaycan-Ermənistan-Gürcüstan üçbucağında əsas sabitləşdirici amil rolunu oynayıb. İki dövlətin münasibətləri ağır 1990-cı illərdə sınaqlardan çıxıb və iki ölkənin siyasi liderləri üçün bu möhkəm iqtisadi özülü məhv etmək böyük səhv olardı”.
Ekspertin fikrincə, Gürcüstan Azərbaycan neft və qazının öz ərazisindən dünya bazarına nəqlində çox maraqlıdır.
“Ona görə də, qonşu ölkənin enerji daşıyıcılarını daxili bazardan çıxarmaq cəhdləri qeyri-rasional və aşkar səhv xarakteri daşıyırlar", — deyə o qeyd edib.
Tkaçenkonun fikrincə, hazırkı vəziyyətdə Tiflis Bakı ilə həlledici danışıqlar ərəfəsində Azərbaycan qazının həm ev təsərrüfatları, həm də sənaye müəssisələri (onlara qaz $300-dan yuxarı satılır – red.) üçün qiymətini azaltmağa cəhd edir.
"Təbii qazın istehlakı Gürcüstanda son 5 ildə hər il 10% artır. Ona görə də bazarının həcmi artan Tiflis aldığı qazın qiymətini xeyli azaltmaqda maraqlıdır", — deyə iqtisadçı bildirib. Tkaçenkonun sözlərinə görə, bu vəziyyətdə daha bir amil var və ona yalnız toxunmaq olar, detallı təhlil etmək isə mümkün deyil. Söhbət Rusiya-Gürcüstan siyasi və diolomatik münasibətlərin normallaşdırılması perspektivindən gedir. Ekspertin fikrincə, Rusiya xarici siyasətində yeni trend ortaya çıxıb: qonşu dövlətlərlə münasibətlərdə münaqişə dərəcəsinin azaldılması.
“Pribaltika ölkələri ilə informasiya qarşıdurması tarixə qovuşur, Ukrayna ilə birbaşa dövlətlərarası dialoq bərpa olunur, Avropa Birliyinin aparıcı dövlətləri ilə əlaqələr də bərpa edilir. Bu fonda Rusiya və Gürcüstan arasında münasibətlərin olmaması anaxronizm kimi görünür. Ola bilsin ki, iki ölkə enerji münasibətlərinin genişləndirilməsi yolu ilə keçmiş əməkdaşlıq səviyyəsinin bərpa edilməsi niyyətinin ciddi olduğunu bildirmək istəyirlər. Lakin bütün bunlar sadəcə empirik məlumatlarla yoxlanılmamış mülahizələrdir", — deyə iqtisadçı fikrini yekunlaşdırıb.
Hazırda Azərbaycan Gürcüstana əsas təbii qaz ixracatçısıdır. Orta hesabla ildə bu ölkəyə 1,5 milyard kubmetr qaz ixrac edir. Bundan əlavə, 2013-cü ildə Gürcüstan hökuməti ilə SOCAR Georgia Gas arasında hazırda da qüvvədə olan Qazlaşdırma Proqramının ikinci mərhələsinin həyata keçirilməsi barədə Memorandum imzalanıb. Bu Memorandum 2017-ci ilə qədər qüvvədədir. Memoranduma əsasən, SOCAR Georgia Gas qazlaşdırma layihəsini başa çatdıranda Gürcüstan əhalisinin 75% —i təbii qazla təmin olunmalıdır.
"SOCAR Energy Georgia" törəmə şirkətinin rəhbəri Mahir Məmmədovun yanvarın 13-də verdiyi açıqlamaya görə, SOCAR Gürcüstana təbii qaz tədarükünü maksimum artıracaq.