BAKI, 13 yan — Sputnik. SOCAR Gürcüstana təbii qaz tədarükünü maksimum artıracaq. Trend-in məlumatına görə, bunu "SOCAR Energy Georgia" törəmə şirkətinin rəhbəri Mahir Məmmədov "Rustavi-2" telekanalına müsahibəsində deyib.
O, Gürcüstan rəhbərliyi ilə keçirilən görüşdən sonra bildirib: "Biz qış mövsümündə qaz verilişini müzakirə etdik. Belə ki, qış mövsümündə qaz istehlakı xeyli artır. Biz qaz tədarükünü maksimum — sutkada 7 milyon kubmetrədək artıracağıq".
M.Məmmədov qeyd edib ki, SOCAR Gürcüstana tədarük edilən qazın həcminin artırılması üçün yollar axtarır: "Xüsusilə də "Şahdəniz-1" mərhələsi çərçivəsində qış mövsümündə qazın verilişini artıracağıq".
Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, ölkənin qaz istehlakı sutkada 11 milyon kubmetri ötüb.
Hazırda SOCAR Gürcüstana 6 milyon kubmetr qaz tədarük edir ki, mövcud boru kəmərləri ilə bundan artıq almaq mümkün deyil.