BAKI, 5 noy — Sputnik. Gürcüstan son dövrlərdə Azəbaycana qarşı nankorluq etdi və bunun başında da “boz kardinal” sabiq baş nazir Bidzina İvanişvili durur.
Bunu Sputnik-ə açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, bu gün Gürcüstan ölkənin qazlaşdırılmasının şaxələndirilməsi ilə əlaqədar olaraq Rusiya, İran və Ermənistanla danışıqlar aparır. “Belə bir kritik vəziyyətdə Azərbaycan prezidentinin Gürcüstana səfəri reallaşır. Çünki Gürcüstan Azərbaycana qarşı nankor mövqe tutub. Gürcüstan Serj Sərkisyanın təlqini ilə Ermənistan üzərindən keçməklə İran qazını Gürcüstana çəkmək istiqamətində danışıqlar aparır. Bundan əlavə olaraq Ermənistan üzərindən keçməklə İran neftinin Gürcüstana çəkilişi istiqamətində də danışıqlar gedir”, — deyə politoloq əlavə etdi.
Politoloq onu da bildirdi ki, Gürcüstan və Ermənistanın belə bir layihələri reallaşdırmasının əleyhinədir və bu planla razı ola bilməz.
“Bu yolla Gürcüstan qaz şəbəkəsini şaxələndirməsi ilə bağlı baş nazir İrakli Qaribaşvili Bakıya gəlsə də o ölkəsinin bu niyyətini lazımi səviyyədə izah verə bilmədi. Ona görə də Azərbaycan prezidentinin Gürcüstana səfər etmək zərurəti yarandı. Burada söhbət ondan gedir ki, Azərbaycan Gürcüstanı lazımı səviyyədə ucuz qazla təmin edir. Hətta Rusiyanın Gürcüstana 480 dollara qaz satdığı zaman Azərbaycan 120 dollara satırdı. Bundan əlavə olaraq Azərbaycan Gürcüstana indiyədək verdiyi elektrik enerjisinin pulunu ala bilmir. Bax belə şəraitdə Gürcüstanın Azərbaycana qarşı xəyanət etməsi heç cür yolverilməzdir. Düşünürəm ki, Azərbaycan prezidenti İlham Əliyevin Tiflisə səfəri zamanı bütün bu məsələlərə son qoyulacaq”, — deyə politoloq əlavə etdi.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin bu gündən Gürcüstana rəsmi səfəri başlayıb.