BAKI, 12 yan — Sputnik. Manatın devalvasiyasından sonra xaricdən idxal edilən ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olundu. Bəs, manatın dəyər itirməsi ölkədə istehsal olunan ərzaq məhsullarının qiymətinə necə təsir edib?
"Ölkəyə istehsal vasitələri xaricdən gətirilir. Gübrə, pestisidlər, genetik və toxum materialları, texnika, texnoloji avadanlıqlar, quşçuluqda istifadə edilən yem komponentləri — bütün bunların hamısı xaricdən gətirilir", —deyə məsələni Sputnik-ə şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi.
Onun sözlərinə görə, bütün bunlar xarici valyuta ilə əldə edildiyi üçün məhsulun maya dəyərinə təsir edir: "Hətta göy-göyərtinin toxumu da xaricdən gəlir".
Qeyd edək ki, bir müddət öncə "Azersun Holding"in MMC ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov bildirmişdi ki, şirkətin Azərbaycanda istehsal etdiyi məhsulların xammalının 80-90 faizə yaxını xaricdən alınır: "Çünki, ölkədə xammal ehtiyatı formalaşmayıb. Buna görə də xammalı xaricdən valyuta ilə alırıq".
A.Səfərov qeyd edib ki, holdinq baş verən devalvasiyadan sonra məhsulları bahalaşdırmağa məcbur olub: "Nəzərə alın ki, ilin əvvəlindən 100 faizə qədər devalvasiya gedib. "Azersun Holding"in məhsulları 21 fevral devalvasiyasından sonra cəmi 5-10 faiz bahalaşmışdı. İkinci 50 faizlik devalvasiyanın qarşılığında isə 25 faizlik bahalaşma labüd idi".
Ölkənin qida sektorunda əsas şirkətlərdən olan "Veysəloğlu" MMC-nin İctimaiyyətlə əlaqələr departamenti da qiymət artımı ilə bağlı açıqlama yaymışdı. "Manatın məzənnəsinin ABŞ dollarına nisbətən növbəti dəfə aşağı düşməsi "Veysəloğlu" Şirkətinin distribyuterlik etdiyi məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcək", —deyə açıqlamada bildirilirdi.
Qeyd olunub ki, şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan, ABŞ dollarının məzənnəsinin kəskin artması şirkət üçün də bir sıra çətinliklər yaradıb: "Hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirir. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edir".