BAKI, 8 yan-Sputnik. Ötən gün dünya bazarında neftin qiyməti kəskin şəkildə ucuzlaşıb. Bakı vaxtı ilə saat 11:25-də ABŞ-ın WTI markalı neftin qiyməti 32,71 dollar/barel olub. London Fond Birjasında satışı gerçəkləşdirilən "Brent" markalı neftin qiyməti isə artıq 32,78 dollar/barelə düşüb.
2004-cü ilin aprel ayından bəri neftin bir barelinin qiyməti 34 dollardan aşağı düşməmişdi. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələrin milli valyutasına da ciddi təsir edib. Dollar isə möhkəmlənib. Bu cür vəziyyətdə neft ixracatçısı olan Azərbaycanı nə gözləyir?
Məsələni Sputnik-ə şərh edən millət vəkili Fəzail İbrahimlinin fikrincə, işin arxasında dolları gücləndirməklə Rusiyanı boğmaq strateji planı dayanır: "Ataların bir misalı var — tutaram qulağından dağı gəzdirərəm. Deyir, sən də mənimlə gəzərsən. İndi Rusiyaya qarşı OPEK-in götürdüyü bu xətt yönəlib neft istehsal edən bütün ölkələrə. Azərbaycanda da neft kifayət qədər ölkənin iqtisadi həyatına təsir edirdi. Bu da ucuzlaşır".
Deputat hesab edir ki, yaşananlar iqtisadi problem yaradacaq: "İnsanların həyat tərzi dəyişməlidir. Yorğana görə ayaq uzadılmalıdır. Başqa yol yoxdur. Hər halda insanlar ac, susuz qalmayacaq. Amma hər halda qənaət rejiminə keçid psixologiyası insanlarda formalaşmalıdır".
Azərbaycanın dünyanın bir hissəsi olduğunu deyən millət vəkilinin sözlərinə görə, bizdə neftdən gələn gəlir üstünlük təşkil etdiyi üçün, bu prosesdən daha çox ziyan çəkə bilərik: "Güman edirəm ki, bu da əzəli-əbədi ola bilməz. Dünya iqtisadiyyatı bu sürətlə çökə bilməz".
Fəzail İbrahimli daha sonra deyib: "Müəyyən şeylər var ki, məsələn, iş yerlərinin ixtisarı, yaxud müəyyən strukturların birləşməsi, bunlar şokaterapiya üsuludur. Tutaq ki, hansısa bir strukturda oturub 300-500 manat məvacib alır işləyən. Yaxşı, bunu burax taleyin ümidinə ki, mən dəyişiklik edirəm. Axı, bu nəticə deyil".
O, düşünülməmiş addımları, kimlərinsə işini itirməsini məqbul hesab etmir: "Güman ki, hökumətin anti-böhran strateji kursu olmalıdır, onu müşayət edən taktiki addımlar atılmalıdır. Güman edirəm ki, hökumət bu məsələ üzərində düşünüb-daşınır".