BAKI, 6 yan — Sputnik.Dünya bazarında neftin qiymətlərinin durmadan aşağı düşməsi, supergüclər arasında yaranmış gərgin siyasi və iqtisadi münaqişələr, Yaxın Şərqin qan çanağına dönməsi və digər amillər dünyanın istənilən nöqtəsinə öz təsirini göstərir. Son aylarda baş verən proseslər, neftin ucuzlaşması, manatın iki dəfə devalvasiyaya məzruz qalması və dollara nisbətdə 100%-ə yaxın dəyərdən düşməsi Azərbaycanı da dərin böhrana doğru sürükləməkdədir. Sputnik bu məsələləri şərh etmək üçün tarixçi-pedaqoq, böhran vəziyyətləri üzrə mütəxəssis Məcid Mehraniyə müraciət edib. Onunla müsahibəni təqdim edirik.
- Məcid müəllim, gündəlik istehlak 94 milyon bareldən az olan dünya bazarında təklif 97 milyon bareldən çoxdur. Hər gün dünya bazarında 3 milyon barel artıq neft çıxarılır. Bu isə qiymətin aşağı düşməsinin əsas iqtisadi səbəblərindədir. Sizcə OPEK ölkələri başda olmaqla, neft ixrac edən ölkələr niyə hasilatı aşağı salmır?
— Butun bunlar beynəlxalq siyasətin bir hissəsi olmaqla yanaşı, həm də hər bir dövlətin yaranmış vəziyyətdən faydalanmaq istəyini şərtləndirir. OPEK olkələri hasilatı azaltmamaqla yaranmış vəziyyətdən istifadə edərək bazara tab gətirmək imkanı zəif olan bir cox rəqiblərini bazardan çıxarmağa çalışırlar. Neft maya dəyərindən aşağı qiymətə satılarsa, bu rəqabətin iştirakçısı olmaq bir cox dövlətlərə əl verməyəcək. Neftin maya dəyəri ucuz başa gələn dövlətlər, bu halda bazardan faydalanacaqlar və s. Görünür, bu müstəvidə OPEK ölkələri nefti dünya bazarındakı mümkün maya dəyərindən daha aşağı hasil etmək imkanına malikdirlər və ona görə də hələ ki, bundan rəqiblərinə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
- Dünyanın iki neft nəhəngi, OPEK-in 2 üzvü — Səudiyyə Ərəbistanı ilə İran arasında son günlər yaranmış gərginlik neft bazarına təsir göstərəcəkmi?
— İran və Səudiyyə Ərəbistanı arasında munaqişə dərinləşərsə, sözsüz ki, bu, neftin qiymətinə təsir göstərəcək. Amma buna hadisələrdə daha böyük marağı olan ABŞ və onun tərəfdarları yol verməyəcəklər. Onlar imkan verməyəcəklər ki, bu iki ölkə arasında münaqişə daha da dərinləşsin. Yaxın Şərqdə gedən proseslərin, baş verən münaqişələrin hamısında bu və ya başqa şəkildə ABŞ-ın barmağı var. Burada məqsəd də İranı Rusiya ilə əməkdaşlıqdan, Rusiyanın himayəsi altına keçməkdən uzaqlaşdırmaqdır. Amma belə məqsədyönlü siyasət hadisələri başqa istiqamətə yönləndirə, əks nəticə verə də bilər. Bu daha çox qarşı tərəfin atacağı kontur addımlara bağlıdır.
- Rusiya dünya neft bazarında nə dərəcədə həlledici sözə sahibdir ki, ona qarşı tətbiq edilən sanksiyalar dünya neft bazarını iflic etdi, qiymətlər kəskin şəkildə aşağı düşdü?
— Neftin qiymətlərinin belə kəskin aşağı düşməsi təkcə Rusiyaya tətbiq edilən sanksiyalarla əlaqədar deyil. Əlbəttə, bu da bir faktordur ki, Rusiyanın zəiflədilməsi üçün enerjidən gələn gəlirlərin azaldılması, rus rublunun dəyərdən düşürülməsi mühüm amillərdən biridir. Həm də təsadüfi deyil ki, neftin əsas alıcılarından biri olan ABS neftin bu qədər ucuzlaşdığı bir dövrdə neft hasilatına başlayıb və neft idxal edən ölkədən neft ixrac edən ölkəyə çevrilib. O, bununla da Rusiya neftinin əsas alıcılarını özü təmin etmək niyyətindədir. Nəzərə almaq lazımdır ki, neft təkcə iqtisadi məhsul deyil, həm də strateji məhsuldur və dünya siyasətində həlledici faktorlardan biridir.
- Ötən yüzillikdə dünyada baş verən neft böhranlarından çıxmaq üçün hansı addımlar atılmışdı? Və indi dünyada hansı addımlar atılmalıdır ki, bu böhran aradan qalxsın?
— İqtisadi böhranlar zamanı həmişə nə edilibsə, indi də həmin proseslər gedir. İqtisadi böhranlar zamanı ya ölkələr arasında müharibələr gedir, ya da vətəndaş müharibələri gücləndirilir. Müəyyən zaman kəsiyində böhran dəhşətli vəziyyətdə dərinləşsə də, sonra sürətlə sona yaxınlaşır və vəziyyət dəyişməyə başlayır. Və dünya təcrübəsi göstərir ki, böhranların yaranması da, aradan qaldırılması da daha çox superdövlətlərin və supergüclərin iradəsinə bağlıdır.
- Neftin aşağı düşən qiymətləri fonunda Azərbaycanın vəziyyəti necə olacaq? Azərbaycan bu böhranlı vəziyyətdən çıxmaq üçün nə etməlidir?
— Bizdə bu vəziyyətdən çıxmaq üçün hal-hazırda rüşvətxorluq, korrupsiya, inhisarçılıqla mübarizə aparılmalıdır, özü də kəskin surətdə. Ölkəyə ərzaq mallarının gətirilməsi üçün şərtlər sadələşdirilməlidir. Bu hal inhisardan çıxarılmalıdır və hər bir iş adamına şərait yaradılmalıdır ki, o, keyfiyyət nəzərə alınmaqla ölkəni daha ucuz ərzaqla təmin edə bilsin. Oliqarxların topladıqları vəsaitlər dövlət büdcəsinin tələbatının ödənilməsinə istiqamətləndirilməlidir. İmkan verilməməlidir ki, oliqarxlar, iri məbləğdə gəlirləri olan şirkətlər, öz siyasi rıçaqlarından istifadə edərək, yüksək ranqlı "krışalar"ının dəstəyi ilə dövlət büdcəsinə vergi ödəməkdən yayınsınlar. Bunlara paralel olaraq ölkədə bütün sahələrdə təcili və sürətli islahatlar aparılmalıdır. Yerli istehsala, qeyri-neft sektorunun inkişafına diqqət artırılmalıdır. Eyni zamanda ölkəni bu böhranlı vəziyyətdən çıxarmağa yardımçı olacaq müxalif fikirləri də nəzərə almaq lazımdır. Bir çox hallarda hakimiyyətdəki insanların görmədiklərini müxalifətdəki insanlar görə və daha düzgün qiymətləndirə bilir. Belə vəziyyətdə müxalifəti küncə sıxışdırmaq vəziyyəti daha da təhlükəli edə bilər. Bu faktorlardan xaricdəki qüvvələr də məharətlə yararlana bilərlər. Ölkə kəmiyyət dəyişikliklərindən mütləq keyfiyyət dəyişikliklərinə doğru getməlidir. Şişirdilmiş rəqəmlər, gözəl obrazlı ifadələr, təriflər böhran vəziyyətində işə yaramır. Əksinə bunları eşidən insanlarda qıcıq yaradır. Yenə də təkrar edirəm ki, Azərbaycanın 3 böyük bəlası var: rüşvət, korrupsiya və inhisarçılıq. Bunlar aradan qalxsa, biz istənilən böhranı daha asanlıqla adlada bilərik.