BAKI, 7 yan — Sputnik. Bundan sonra Azərbaycan bankları nağd valyutanın alışı və satışı üzrə eyni vaxtda bir neçə məzənnə müəyyən edə biləcəklər. Sputnik Fins.az-a istinadən xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin yenicə qəbul etdiyi "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları" əsasında mümkün olacaq. Qaydalara əsasən, məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənəcək və şöbələr üzrə fərqli ola bilər.
Bundan başqa, yeni qaydalara görə, xarici valyutanın məzənnəsi gün ərzində bir neçə dəfə dəyişə bilər. Belə ki, qaydalarda nəzərdə tutulub ki, əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Əmr faks, elektron poçt və ya digər vasitələrlə şöbəyə çatdırılır.
Məzənnənin dəyişdirilməsi (dəyişmənin vaxtı və tarixi daxil olmaqla) şöbənin qeydiyyat jurnalında qeydə alınır və şöbədə quraşdırılmış lövhədə əks etdirilir. Məzənnənin müəyyən edilməsi barəsində sənəd mübadilə şöbəsində günün sənədlərinə tikilir.
Qaydalara əsasən, nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin edilir. Amma Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə banklar mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət etməlidir. Qeyd edək ki, bu yanaşma əvvəlki qaydalarda da mövcud idi.
Məsələni Sputnik-ə şərh edən iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Mərkəzi Bank məsuliyyətin bir hissəsini öz üzərindən atmaq istəyir: "Üzən məzənnə prinsipinə keçidlə əlaqədar olaraq, yəni bunu əsas gətirərək banklara müstəqil şəkildə məzənnənin müəyyən edilməsi praktikasına keçməyi düşünür. Normal inkişaf etmiş ölkələrdə valyutalararası, banklararası birjalar məzənnəni təyin edir və həmin o birjadakı məzənnəyə uyğun olaraq da banklar öz məzənnə siyasətini həyata keçirirlər. Azərbaycanda belə institutlar da yoxdur. Hər bankın özünün məzənnə təyin etməsi imkanları da yoxdur. Sadəcə yenə Mərkəzi Bankın açıqladığı rəsmi məzənnə götürüləcək. Yəni, faktiki olaraq yenə inzibati yolla tənzimlənəcək".
Onun fikrincə, burada məqsəd Mərkəzi Bankın öz üzərindən məsuliyyəti götürmək cəhdidir: "Mərkəzi Bank banklara daha çox sərbəstlik verməklə gələcəkdə hər hansı bir baş verəcək qiymət artımının günahını bölüşmək istəyir. Bankların da bu işdə rolu olduğunu cəmiyyətə çatdırmaq istəyir".
Dolların qalxıb-qalxmayacağı məsələsinə toxunan ekspert bu prosesi qaçılmaz hesab edir: "Dünya bazarlarında neftin qiymətinin 32 dollara düşməsi ölkəmizin gəlirlərinin daha çox azalmasına və ölkəyə valyuta girişinin daha da azalmasına səbəb olacaq. Ölkəyə girən valyuta azaldıqca, Azərbaycanın büdcə qarşısında öhdəlikləri artıqca, təbii ki, dolların məzənnəsinin artması da qaçılmaz olacaq".