BAKI, 27 dek — Sputnik. Paytaxt Bakıdakı valyuta mübadiləsi məntəqələrinin əksəriyyəti bazar günü, dekabrın 27-də işləməyiblər. Sputnik-in müxbirinin məlumatına görə, həmin məntəqələrdə işləyənlərin qeyri-rəsmi açıqlamalarına görə, bağlanmanın səbəbi Mərkəzi bankdan verilən xarici valyutanın azlığı ucbatından mübadilə məntəqələrində dolların çatışmazlığıdır.
Valyuta bazarında növbəti böhran yaşanır. Bu böhran dollar təklifinin azlığı və manatın kursunun bazar ertəsi növbəti dəfə kəskin şəkildə düşəcəyi barədə şayiələrlə daha da genişlənir. Təsdiq olunmamış məlumatlara əsasən, dollar sabah təxminən 2 manat olacaq.
Bakının Yasamal, Xətai rayonlarında demək olar ki, bütün valyuta mübadiləsi məntəqələri alıcıların üzünə bağlıdır. Şəhərin mərkəzindən bir qədər kənarlaşanda işləyən mübadilə məntəqəsi tapmaq çox çətindir. Belə məntəqələrin çoxunun yerləşdiyi 28 may küçəsində onların çoxu işləmir, digərlərində isə dollar almaq istəyəndə "yoxdur" cavabını almaq olar.
Əksinə, uzun illik fasilədən sonra "qara bazar" fəallaşıb, valyuta alverçiləri ənənəvi toplaşdıqları yerlərdədirlər. Söhbət 28 may küçəsinin ətrafından və Xaqani parkından (Molokan bağı) gedir. Onlar dolları orta hesabla 2 manatdan satırlar, axşama doğru bəziləri bu qiyməti 2,05 manata qaldırıblar.
Sosial şəbəkələr bş verənlərə gözlənilən formada reaksiya veriblər,bazar ertəsi Mərkəzi bankın rəsmi kursunun 1 dollara görə 2 manatadək düşəcəyi barədə fikirlər sürətlə yayılır. Müqayisə üçün, əməliyyatların keçirildiyi son gün olan cümə günü, AMB-nin kursu 1 dollara görə 1,554 AZN idi. Təsdiq olunmamış məlumatlara görə, bölgələrdə 1 dollar 2,5 manata satılır.
İqtisadçı-ekspert İlham Şaban sosial şəbəkədəki səhifəsində Azərbaycanın 1990-cı illərə qayıtdığını bildirib. "Qara bazarın əmələ gəlməsinin və milli valyutanın qiymətinin 2 manatadək düşməsinin səbəbi gələn həftədən bizi yeni devalvasiya dalğasının gözlədiyi barədə yayılan məlumatdır", deyən iqtisadçı xatırladır ki, 1990-1994-cü illərdə "qara valyuta bazarı" "Bakı" mehmanxanasının (indi sökülüb, 28 may küçəsində —red) yanında və "Molokan bağında" yerləşirdi.
Ekspert Natiq Cəfərlinin fikrincə, ölkənin valyuta bazarında mövcud olan gərginliyin səbəblərindən biri Azərbaycanın xarici ticarətində valyuta axınının disbalansıdır. Onun sözlərinə görə, ixrac əməliyyatlarından qazanılan dolların həcmi tam həcmdə qeydə alınır, çünki əməliyyatların təxminən 95%-i neft-qaz alveri sövdələşmələridir. Rəsmi statistikaya görə bu rəqəm hardasa 10 milyard dollardır. Cəfərlinin sözlərinə görə, problemlər idxalla bağlıdır.
"Rəsmi göstəricilərə görə, bu ilin 11 ayında idxal 8,2 milyard dollar təşkil edib. Lakin statistika qurumu tərəfindən bütün malların xaricdən alındıqları qiymətə qeydə alınıb-alınmadıqları məlum deyil. Söhbət dövlət rüsumunun azaldılması xatirinə gömrükdə gətirilən malın aşağı qiymətlərlə qeydə alınması ehtimalından gedir. Biznesmenlər bununla razılaşırlar və ona görə də statistikada göstərilən məbləğlərin həcmi bizə sərhədimizi keçən pulların real məbləğini göstərmir", — deyə o bildirib.
Cəfərlinin sözlərinə görə, rəsmi məlumatlara əsasən, ölkədə dollar kütləsi ilin əvvəlindən təxminən 2 milyard artmalı idi, lakin reallıqda idxal 10, 12 milyard və daha çox ola bilərdi və ona görə də manata təzyiq belə güclüdür: "İkinci devalvasiyaya baxmayaraq Mərkəzi bankın ehtuyatları ötən həftə ərzində 300 milyon dollar azalıb".
"Manatın kursunun ətrafındakı təlaşa son qoymaq üçün valyuta alverçilərini qovmaq daha düzgün deyilmi?" sulaına cavab verən ekspert bildirib ki, sovet dövründə və müstəqilliyin ilk illərində valyuta spekulyasiyaları qanunla qadağan idi, lakin "Molokan" bağında həmişə alverçiyə rast gəlmək olurdu. "Belə halları inzibati formada həll etmək olmaz. Bu adamları küçədən qovsan, internetdə qruplar yaradacaq və alverlərini bu vasitə ilə həyata keçirəcəklər. XXI əsrdə bunun qarşısını almaq mümkün deyil. Onlar biznesmendirlər, bazarı hiss edirlər və vəziyyətdən istifadə edərək hərəkət edirlər. Onların lisenziyasının olmaması başqa məsələdir, lakin bu adamlar cərimə ödəyərək işlərinə davam edə bilirlər", — deyə Cəfərli vurğulayıb.
Bazar günü yaşananları yekunlaşdırsaq, ehtimal etmək olar ki, bu gün müşahidə olunan təlaş reallıqda bazar ertəsi manatın kursunu çoxlarının artıq psixoloji cəhətdən hazır olduğu 1 dollara görə 2 manata düşürə bilər. Çünki rəsmi versiyaya görə Azərbaycan dekabrın 21-dən üzən məzənnəyə keçib və demək kursu təklif müəyyən edir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, avqustun 22-23-də də biz analoji proseslərin, düzdür valyuta alverçilərinin kütləvi küçəyə axışması olmadan, şahidi olmuşuq. O zaman Qazaxıstanda baş vermiş devalvasiyanın ardınca Bakıda manatın kursunun düşəcəyi barədə şayiələr yayıldı. Valyuta məntəqələrində kurs 1 dollara görə 1,055 manat (AMB-nin rəsmi kusuna uyğun) oldu. İstirahət günlərində nəqd xarici valyutanın satışı faktiki olaraq dayandırıldı və hər kəs bazar ertəsi manatın kursunun kəskin düşməsini gözlədi. Təlaşdan sonrakı ilk iş günü banklar tərəfindən valyutanın mübadiləsi məhdud çərçivədə həyata keçirildi. Lakin əldən iri məbləğdə valyutanı alçaq mümkün idi. Lakin Mərkəzi bankın bazar ertəsi elan etdiyi kurs cümə günü olan kursdan da aşağı oldu. Bununla da belə qənaət hasil oldu ki, həmin istirahət günü xarici valyuta alverçiləri tərəfindən yaraılmış süni ajiotajın fonunda kütləvi spekulyasiya baş verib. Ona görə də ola bilsin ki, bu gün biz qazanc götürmək məqsədi ilə yaradılmış süni təklif və spekulyasiya ilə üzləşmişik.