CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lisenziyalar ləğv olundu

© AZƏRTACİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmanı ilə bir çox məhsulların istehsalı, idxalı və satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.

BAKI, 22 dek-Sputnik. Milli valyutanın dəyərdən düşməsinin ölkə iqtisadiyyatına neqativ təsirlərini aradan qaldırmaq üçün hökumət bir sıra addımlar atmağa başlayıb. Bu addımlardan biri də, müxtəlif məhsulların istehsalı, idxalı və satışı ilə bağlı lisenziyaların ləğv olunmasıdır.

Azərbaycanda tütün məmulatının, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin) istehsalı, idxalı və satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.

Bu məsələ, Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"ndə əksini tapıb.

İndiyə qədər tütün məmulatının, etil və alkoqollu içkilərin istehsalı, idxalı və satışı üçün ayrı-ayrılıqda 5500 manat dövlət rüsumu ödənilməklə Kənd Təsərrüfatı Nazirliyindən lisenziya alınıb. Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında isə bu fəaliyyət növləri əksini tapmayıb.

Sözügedən fərmana uyğun olaraq, Azərbaycanda neft və qaz məhsullarının satışı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması da lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.

İndiyə qədər neft və qaz məhsullarının satışı üçün Energetika Nazirliyindən 5500 manat dövlət rüsumu ödənilərək lisenziya alınıb. Eyni zamanda şəhərdaxili (rayondaxili) sərnişin daşımaları, şəhərlərarası (rayonlararası) sərnişin daşımaları, beynəlxalq sərnişin daşımaları, taksi minik avtomobilləri ilə sərnişin daşımaları, ölkədaxili yük daşımaları üçün 150 manat, beynəlxalq yük daşımaları üçün isə 200 manat dövlət rüsumu ödənilərək lisenziya alınıb. Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında isə bu fəaliyyət növləri əksini tapmayıb.

Siyahıya əsasən, bundan sonra maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı üçün 1100 manat dövlət rüsumu ödənilərək İqtisadiyyat və Sənaye Nazirliyindən lisenziya alınmalıdır.

Xəbər lenti
0