Təbii ki, ona ünvanlanan ilk suallardan biri “Su-24" təyyarəsinin vurulmasından sonra Türkiyə-Rusiya münasibətlərində yaranan böhranlı durum və iki ölkənin iqtisadi əlaqələrinin perspektivi ilə bağlı olub. Putin bir daha insidentlə görə Ankaranı suçlu çıxarıb, hətta Türkiyə rəhbərliyini amerikalılara yaltaqlanmaqda ittiham edib.
Rusiyanın Türkiyə ilə onun üçün ən həssas məsələlər üzrə əməkdaşlıq etməyə hazır olduğunu söyləyən Putin qeyd edib ki, Ankaranın Suriya sərhədindəki maraqlarını mövcud əməkdaşlıq kanalları vasitəsilə müzakirə etmək üçün imkanları olsa da, bunu etməyib. “Nəyə lazım idi bunu etmək? Mən anlamıram. Bəlkə onlar düşünürdülər ki, biz oradan qaçacağıq? Əlbəttə ki, yox. Rusiya o ölkələrdən deyil”.
Bununla bağlı politoloq Fikrət Sadıxov “Sputnik”ə açıqlamasında qeyd edib ki, Rusiyanın Türkiyədən müəyyən gözləntiləri var:
“Putin çox sərt ifadələr işlətdi bu da onu göstərir ki, Rusiya yaxın gələcəkdə Türkiyə ilə münasibətləri bərpa etməyəcək. Münasibətlər artıq dərəcədə gərgindir və gərginləşməkdə də davam edir. Putin Türkiyədən nə isə gözləyir. Üzr istəmək, yaxud təzminat vermək kimi gözləntiləri var. Rusiya əgər Türkiyə kimi dövlətdən belə bir addım gözləyirsə, mənə elə gəlir ki, yanılır. Türkiyə bu addımı atmıyacaq. Amma, bu gərginlik çox davam etməməlidir. Çünki, bu gərginlik hər iki dövlətin maraqlarına zərbə vurur. Bu zərbə həm iqtisadi, həm də siyasi münasibətlərə dəyir. Ona görə mənə elə gəlir ki, bir müddət sonra bu gərginlik səngiyəcək, lakin, bunun üçün müəyyən vaxt lazımdır. Görünür bu iki ölkənin münasibətlərini yenidən əvvəlki səviyyəyə gətirmək üçün hansısa bir vasitəçi qüvvə qabağa çıxmalıdır. Düzdür bu sabahın məsələsi deyil. Amma, çox güman ki, gələcəkdə məsələ bununla yekunlaşacaq. Mənə elə gəlir ki, Azərbaycanda bu münasibətlərin bərpasında maraqlıdır”.
Politoloq İlqar Valizadənin sözlərinə görə, Putinin Türkiyə hökümətini sərt şəkildə tənqid etməsi iki ölkə arasındakı vəziyyəti daha da mürəkkəbləşdirəcək:
“Sərt çıxış gərgin olan Rusiya Türkiyə münasibətlərini daha da mürəkkəbləşdirə bilər. Çox güman ki, Türkiyə siyasi rəhbərliyi tərəfindən bu çıxışlar heç də yaxşı qarşılanmayacaq. Bu isə ölkələr arasında yaşanan böhranı pik nöqtəsinə çatdıra bilər. Müəyyən bir dövrdən sonra münasibətlərin yaxşılaşmasına dair fikirlər vardı. Putinin çıxış isə demək olar ki, bu ümidlərə son qoydu. Bu cür iki nəhəng dövlətin belə münasibətdə olması region ölkələrinə heç bir yaxşı şey vəd etmir”.
Rusiya lideri bildirib ki, Suriyadakı müharibəni biz başlamamışıq. Biz orada sadəcə ayrı-ayrı əməliyyatları həyata keçiririk. Putin qeyd edib ki, Rusiya rəhbərliyi nə etdiyini yaxşı bilir və bu barədə açıq danışır.
Moskvanın Suriya prezidenti Bəşər Əsədlə bağlı mövqeyinə gəldikdə isə Putin deyib ki, ölkədə hakimiyyəti kimin təmsil edəcəyini yalnız həmin ölkədəki xalqı müəyyən etməlidir: “Biz heç vaxt razılaşa bilmərik ki, kimsə kənardan kimin rəhbərlik edəcəyini müəyyən etsin. Biz bu barədə ABŞ-ın dövlət katibi ilə də danışmışıq. Mövqeyimiz dəyişməyib, yalnız Suriya xalqı ölkə rəhbərinin kim olacağını müəyyən etməlidir”.
Politoloq İlqar Vəlizadə bildirib ki, Bəşər Əsəd hakimiyyətinə Rusiya və İran hərbi dəstək göstərsə də, Onun höküməti Suriyada vəziyyətə tam nəzarət edə bilmir:
“Çünki, o kifayət qədər zəifləyib. Eyni zamanda onunla müharibə aparan tərəflər də həddindən artıq dərəcə də güclüdürlər. Çətin ki, Suriyada vəziyyət yaxın vaxtlarda dəyişsin. Putin də öz çıxışında qeyd edib ki, Suriya məsələsi ilə bağlı ABŞ ilə məsləhətləşmələr aparılır və bu məsələlər ətraflı müzakirə olunub. Burada həssas optimizim yaşansa belə ciddi optimizimə hələ əsas yoxdur”.
Qonşu Gürcüstanla bağlı münasibətlərin gələcəyi ilə bağlı suala cavabında Rusiya prezidenti ölkəsinin Gürcüstanla viza rejimini ləğv etməyə hazır olduğunu deyib və hazırkı Gürcüstan rəhbərliyinin davranışlarında münasibətlərin normallaşmasına dair əlamətlər gördüyünü söyləyib.Putin ardınca qeyd edib ki, Cənubi Osetiya və Abxaziya ilə bağlı yaranmış məsələləri Tiflis onlarla danışıb razılığa gəlməlidir: “Biz istənilən razılaşmanı dəstəkləməyə hazırıq”.
Fikrət Sadıxov da Rusiya ilə Gürcüstan arasındakı münasibətlərin normallaşmağa doğru getdiyi fikrindədir:
Qeyd edək ki, Kreml rəhbəri ailə həyatından tutmuş, beynəlxalq münasibətlərdəki gərginliklərə qaədər jurnalistlərin bütün suallarını cavablandırıb. Putinin mətbuat konfransında söylədiyi fikirlər hələ də dünya mediasının diqqət mərkəzindədir.