ABŞ mətbuatının yazdığına görə, Vaşinqton Ankaraya bildirib ki, “bundan sonra onun sərhədin açıq qalan qısa bir hissəsini bağlamaqda aciz olduğuna dair bəhanələrini eşitmək istəmir”. Eyni zamanda qeyd edilib ki, bu beynəlxalq təhlükədir, bu təhlükə Suriyadan gəlir və Türkiyənin ərazisindən keçərək gəlir. ABŞ sərhədin bu hissəsinin etibarlı qapadılması üçün lazım olan qoşunun sayını da hesablayıb. Fərat çayı üzərindəki Cərablus şəhərindən Türkiyənin qərbindəki Kilis məntəqəsinədək olan xəttə 30 min əsgəri qüvvə yerləşdirilməlidir.
Ekspertlərin fikrincə isə Türkiyə ilə Suriya arasındakı 885 kilometrlik sərhədin bütünlüklə bağlanması İŞİD-ə öldürücü zərbə olardı.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlunun fikrincə, Türkiyə Suriya sərhədini bağlamaqla Avropa Birliyi ilə dialoqu bərpa edə bilər:
“Məncə, Türkiyə bu məsələyə ciddi yanaşacaq. Çünki, Amerika və Avropada belə bir istək var. Avropa Birliyi də tələb edir ki, əgər Türkiyə AB-nin üzvü olmaq və Avropa Birliyi ölkələri ilə vizasız gediş-gəliş istəyirsə miqrant axınına, terorçuların o tərəf-bu tərəfə keçməsinə ciddi nəzərət etməlidir. Ona görə bu Türkiyənin özünün də maraqlarına cavab verir. Sərhədin bağlanması terorçuların Türkiyənin özünə sızmasın, həm də Avropaya miqrant axının qarşısını alacaq ki, bu da Türkiyə ilə Avropa Birliyi arasındakı danışıqları daha da intensivləşdirəcək. Çünki təşəbbüs Avropadan gəlib, uzun müddət idi AB ilə Türkiyə arasında dialoq yoxuydu. Bu baxımdan mən düşünürəm ki, birincisi Türkiyənin hərbi qüvvə ilə sərhədi bağlamaq imkanı var”.
Şərq- Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə Türkiyə ilə Suriya arasında olan sərhədinin bağlanmasının hələlik real görünmədiyini deyir:
“Demək olar ki, sərhəd yoxdur. Deyək ki, sərhədin Türkiyə tərəfindən bağlanması mümkündür, amma bu halda da müharibədən qaçan insanların xilas olması, onların Türkiyə ərazisinə keçməsinə ciddi çətinliklər yardacaq. Həmçinin nəzərə alsaq ki, Əsəd rejimi faktiki olaraq o sərhədlərə nəzarət edə bilmir, o zaman bunun əhəmiyyəti də yoxdur. Türkiyə sərhədləri bağlasa, sərhədə böyük silahlı qüvvə yerləşdirməyə məcbur olacaq. Bu da dünyada tamam fərqli şəkildə izah olunacaq”.
Bəzi təhlilçilər isə sərhədin bu hissəsindən İŞİD-in Turkiyə bazarlarına qaçaq yolla neft və neft məhsulları çıxarıldığı qənaətnidədirlər. Rusiya qırıcı təyyarəsinin vurulmasından sonra da rəsmi Moskva oxşar iddia ilə çıxış edib.
Türkiyənin İŞİD ilə əlaqlərinin olması fikrinə gəldikdə isə Ərəstun Oruclu bunu bir az şişirdilmiş məsələ kimi qiymətləndirib. Ərəstun Oruclu hazırda dünya dövlətlərinin hərəsinin öz məqsədinə uyğun İŞİD- dən istifadə etdiyi fikrindədir. Politoloq bildirir ki, sadəcə Türkiyə İŞİD-ın hədəfinə gəlməmək üçün müəyyən dövrdə loyallıq göstərib.
Politoloq Elxan Şahinoğlu bildirir ki, Türkiyənin Suriya ərazisində müəyyən maraqları var. Türkmənlərə dəstək verir, türkmənlər isə terorçu deyil və İŞİD ilə də heç bir əlaqələri yoxdur. “Düşünürəm ki, Türkiyənin İŞİD ilə əlaqəsinin olması fikri iftiradan başqa bir şey deyil”- deyə Elxan Şahinoğlu qeyd edib:
“İŞİD Türkiyənin özündə iki teror hadisəsi törədib. Birində 100, birin də isə 30 toplam 130 nəfər ölüb bu terorlar nəticəsində. Türkiyə niyə İŞİD-ə dəstək versin? İŞİD-ə sızanların Türkiyə ərazisindən istifadə edib o tərəfə keçməsi başqa məsələdir. Bəli, ola bilsin ki, belə faktlar var. Amma, Türkiyənin düşünülmüş şəkildə, İŞİD-ə dəstək verməsi mümkün deyil. Çünki, bu Türkiyənin öz maraqlarına da zidddir. Bəzən Rusiya və Amerikada əsəbi reaksiyalar olur. Türkiyəni İŞİD ilə “əməkdaşlıq” da və neft alqı satqısında ittiham etməkdənsə, Türkiyə ilə əməkdaşlıq və dialoqu genişləndirmək lazımdır. Türkiyə bu dialoqu Rusiyaya da təklif edib. Çox təssüf ki, Parisdə Türkiyə və Rusiya prezidentlərinin görüşü də alınmaycaq. Ona görə bu məsələlərə soyuqqanlı yanaşmaq lazımdır”.
Ankaranın Suriyaya silah göndərməsi haqqında məlumatların yayılması və iki tanınmış jurnalistin həbsi Türkiyə gündəmini məşğul edən bir başqa məsələdir. Bu jurnalistləri məhkəməyə şəxsən vermiş prezident Ərdoğan isə israr edirdi ki, silahlar Əsəd rejiminə qarşı döyüşən türkman etnik azlığının döyüşçüləri üçün nəzərdə tutulmuşdu.
Xatırladaq ki, ötən həftə Fransa prezidenti Fransua Olland da Türkiyə və Suriya arasında olan sərhədin təcili bağlanmalı olduğunu bildirmişdir. O bu fikrini terror aktı törətmək istəyən terrorçuların Avropaya Türkiyə vasitəsilə gəlməsi ilə əsaslandırıb.