23:15 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0183
  • RUB0.0232
DÜNYA
Qısa URL
27320

Düşənbədə Ayvazyan öz həmkarları ilə sağollaşarkən onlara bildirib ki, Yerevana çatan kimi istefa ərizəsini yazacaq.

BAKI, 21 may — Sputnik. Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına dair sənədin imzalanacağına dair məlumatın yayılmasından sonra Ermənistan Xarici İşlər Nazirliyində gərginlik yaşanır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Qraparak" nəşri məlumat yayıb.

Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Ara Ayvazyan sənəd barədə Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirlər Şurasının iclasında olduğu zaman öyrənib.

Onun müavini Avet Adonts daha əvvəl Gorusda olduğu zaman jurnalistlərə bildirib ki, XİN-in hazırlanan sənəddən xəbəri yoxdur. Nazirlik Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın davranışından son dərəcədə narazıdır. Nəşr yazır ki, Ayvazyan və onun müavini istefa barədə düşünür.

"Qraparak"ın yazdığına görə, Düşənbədə Ayvazyan öz həmkarları ilə sağollaşarkən onlara bildirib ki, Yerevana çatan kimi istefa ərizəsini yazacaq. Ermənistan hökuməti isə onun istefasının qarşısını almağa çalışır. Paşinyanın XİN-lə bağlı son reveransları məhz buna hesablanıb. Belə ki, Paşinyan son çıxışında nazirliyin böyük diplomatik işlər gördüyünü bildirib.

"Qraparak" yazır ki, Ayvazyan sənədin hazırlanmasında iştirak etməyib, onun hazırlanması prosesinə hərbçilər cəlb olunub.

Bəzi şayiələrə görə, Nikol Paşinyan sənəd barədə danışıqları diplomatik korpusdan xəbərsiz aparıb. Danışıqlar barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan və Baş nazirinin administrasiyasının rəhbəri Arsen Torosyan xəbərdar olub.

Qeyd edək ki, ötən gün Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşır. Paşinyan Ermənistan hökumətinin iclasında bildirib ki, bu sənəd 100% Ermənistanın maraqlarına cavab verir. O bildirib ki, əgər Azərbaycan öz razılığını versə, onda o, bu sənədi imzalayacaq: "Əgər Azərbaycan bizim razılaşmalarımızı yerinə yetirsə və haqqında danışdığımız şərtləri yerinə yetirsə, mən bu sənədi imzalayacağam".

O bildirib ki, danışıqlar hələ də davam etdiyindən sənədin mətnini açıqlamır. Paşinyan deyib ki, işçi sənədi açıqlamaq düzgün deyil.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Həmçinin oxuyun:

* Bu nə cür nazirdir ki, danışıqlardan xəbəri yoxdur - Yerevanda etirazlar başladı

* Bu, Azərbaycanla imzalanacaq sənəddir - Paşinyan

* Paşinyan: "Onlar həsrətində olduqları müharibə başlamır deyə od tutub yanırlar"

* Paşinyandan sensasion açıqlama: "Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşırıq"

Əsas mövzular