BAKI, 22 fevral — Sputnik. Çinin Uhan şəhərindən yayılan koronavirus bütün dünyanı ağuşuna alır. Sputnik Azərbaycan xəbər verir ki, bu günə qədər dünyanın bir neçə ölkəsində xəstəliyə yoluxma müşahidə edilib.
İranda yeni tip koronavirus diaqnozu ilə 4 nəfər dünyasını dəyişib. İtaliyada isə koronavirusdan ilk ölüm halı faktı qeydə alınıb. Ölən şəxs Veneto əyalətində yaşayan 78 yaşlı kişi olub.
Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adhanom Çindən kənarda koronavirusa yoluxanların artmasının narahatedici olduğunu deyib. Cenevrədə açıqlama ilə çıxış edən Tedros qeyd edib ki, epidemiyanı nəzarət altına almaq üçün vaxt getdikcə azalır.
Baş katib İranda yoluxma faktının artmasına və Livanda ilk faktın qeydə alınmasına da diqqət çəkib. O, bildirib, vəziyyət çox narahatedicidir. Bununla yanaşı o, xəstəliyi nəzarət altına almağa ümid etdiklərini qeyd edib.
Bir gündə yüzdən çox ölü – Dəhşətli virusun qurbanlarının sayı artır
Tedros koronavirsla mübarizə üçün daha çox maddi yardım tələb edib. Onun sözlərinə görə, aprel ayına qədər tədbirlər görülməsi üçün tələb edilən 61,5 milyon dollardan sadəcə 1 milyon 200 min dolları təşkilata göndərilib. Bu vəsait ilə səhiyyə sistemi zəif olan ölkələrin epidemiyaya qarşı qorunması planlaşdırılır.
Çində isə yeni tip koronavirusdan ölənlərin sayı 2345 nəfərə çatıb. Ölkədə virusa yoluxanların sayı 76min 288 nəfərdir. 20 min 659 nəfər sağalıb.
Məlumata görə, xəstəliyin episentri hesab edilən Uhan şəhərində 19 müvəqqəti xəstəxana tikilir.
Xatırladaq ki, yeni tip koronavirus Çinin Uahn əyalətindən ötən ilin dekabr ayında yayılmağa başlayıb. Virus barədə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına dekabrın 31-də məlumat verib.