18:49 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
İDMAN
Qısa URL
1310

Bakı klubunun baş məşqçisi Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Dinamo”ya qarşı cavab oyunu barədə fikirləri ilə bölüşüb.

BAKI, 13 iyul – Sputnik. Bakının “Neftçi” komandasında artıq Çempionlar Liqasının birinci təsnifat mərhələsində Tbilisinin “Dinamo” klubuna qarşı cavab oyunu ətrafında ajiotajı hiss edirlər. Sputnik Azərbaycan bildirir ki, bunu “neftçilər”in baş məşqçisi Samir Abbasov oyunöncəsi mətbuat konfransında deyib.
Çərşənbə günü, iyulun 14-də Bakıda, “Baksel Arena”da Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” klubu ilə Tbilisinin “Dinamo” komandası cavab oyununa çıxacaqlar. Bir həftə öncə Tbilisidə baş tutan oyun “neftçilər”in 1:2 hesablı qələbəsi ilə bitmişdi.

Azarkeşlər “Neftçi”ni dəstəkləyəcəklər

Bakı klubunun məşqçisi ilk növbədə müvafiq strukturlara azarkeşlərin futbol meydanlarına girişinə icazə verdiklərinə görə təşəkkür edib. Qeyd edək ki, mətbuat konfransının keçirildiyi vaxta qədər 2.5 min bilet satıldığı barədə xəbər gəlib.

“Matç ərəfəsində ajiotajı hiss edirik və üzümüzə gələn oyunda bizim azarkeşlərimizin də olacağı faktı bizi sevindirməyə bilməz. Əsas çətinliyimiz isə Gürcüstan çempionatının tam gücü ilə davam etməsi və “Dinamo”nun da yaxşı formada olmasıdır. Bizdə isə əvvəlkitək oyun təcrübəsi azdır. Odur ki, bizi ağır oyun gözləyir. Təkcə nəticəyə oynamayacaq, keyfiyyətli futbol göstərməyə çalışacağıq”, - Abbasov deyib.

Mütəxəssis komandasının Tbilisidəki ilk görüşdə nəzəraçarpmayan oyun sərgiləməsini izah etməyə çalışıb.

“Komandanı bir neçə futbolçu tərk edəndən sonra bizim bəzi mövqelərimiz zəifləyib. Onların yerinə gələnlər isə hələ optimal formanı yığa bilməyiblər, ona görə də komanda elə də inamlı oynamırdı. İnanıram ki, cavab oyununda, ən azı, başqa futbol göstərəcəyik”, - Abbasov qeyd edib.

“Neftçi”ni gücləndirmək lazımdır

Bundan başqa, mütəxəssis bildirib ki, komandasının güclənməyə ehtiyacı var, xüsusilə də əgər “Neftçi” təsnifatın növbəti mərhələsinə keçərsə, bu, lazımdır. O vurğulayıb ki, bəzi mövqelərdə oynatmağa komanda futbolçu tapmır.

“İndi futbolçularla danışıq aparmaq çətindir, bunun Azərbaycana gəlmək istəməmələri, yaxud başqa amillə bağlı olduğunu da deməyə çətinlik çəkirəm. Ancaq bəzən bizim transfer barədə danışıqlar aparmağa çalışdığımız oyunçular sorğulara etinasız yanaşırlar”, - Abbasov qeyd edib.

Məşqçi klubun oyunlara hazırlığını qiymətləndirir

Mütəxəssis etiraf edib ki, komandası hazırda elə də yaxşı vəziyyətdə deyil.

“Açıq deyim, indiki “Neftçi” elə də yaxşı vəziyyətdə deyil. Bilmirəm, qrup mərhələsinə düşə biləcəyikmi. Bunlar arzulardır. Əlbəttə, bu, mümkündür, amma çətindir. Konfrans Liqasının qrup mərhələsinə düşmək daha realdır. Ancaq hər şey hansı addımları atacağımızdan asılıdır”, - Abbasov əlavə edib.

Qeyd edək ki, Bakının “Neftçi” və Tbilisinin “Dinamo” klubları arasında oyun çərşənbə günü, iyulun 14-də Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bu cütlüyün qalibi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq.

Eləcə də oxuyun: 

Teqlər:
mətbuat konfransı, Tbilisi, Bakı, "Dinamo", "Neftçi", futbol

Əsas mövzular