BAKI, 2 iyun — Sputnik. Formula 1 çempionatının "Haas" komandasının rəhbəri Günter Ştayner Bakı mərhələsində komanda qarşısında duran məsələlərdən söhbət açıb. O, nəticələrin təxminən Monakodakı səviyyədə olacağını bildirib. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən G.Ştaynerlə müsahibəni təqdim edir:
- Monakoda uik-end zamanı komanda bir neçə işgüzar tərəfdaşlarla müqavilələrin müddətini uzatdı və yeni müqavilələr bağladı. Həm "Haas" komandasının, həm Formula 1 çempionatının bütövlükdə böyük reklam qazanmağa və daha da məşhurlaşmağa can atan brendlər üçün cəlbedici kommersiya platforması olaraq qalması sizi sevindirirmi?
- Əlbəttə! Formula 1 çempionatının işgüzar əməkdaşlıq üçün əla qlobal platforma olması yaxşı məlumdur. "Haas" komandası sübut etdi ki, o, yaxşı tərəfdaş ola bilər, biz bu çempionatda hələ uzun müddət olacağıq və indi bu komanda ilə işləməyin əsl zamanıdır. Mən inanıram ki, bizim komandanı gözəl gələcək gözləyir.
- Azərbaycan Qran-Prisi Bakı şəhər halqasında artıq beşinci dəfə keçiriləcək. Bu, Formula 1 təqvimində nisbətən yeni traslardan biridir. Siz necə hesab edirsiniz, qısa tarixə baxmayaraq, o, azarkeşlərin və pilotların ürəklərinə yol tapıbmı?
- Fikrimcə, Bakı yürüşlərin keçirilməsi üçün gözəl yerdir. Bu, şəhər halqasıdır, lakin orada uzun məsafəli düz yol var və yürüş gözəl mənzərə fonunda keçir. Bu Qran-Pri bizim xoşumuza gəlir, onu öz ab-havası fərqləndirir. Şəxsən mən Bakıda olmağı sevirəm və ümidvaram ki, bu tras çempionatın təqvimində hələ uzun müddət qalacaq.
- Monte-Karlo və Bakıdakı şəhər halqaları bir-birindən çox fərqlənir. Mövsümün Azərbaycan mərhələsində komandanın pilotlarından nə gözləyirsiniz?
- Pilotların hər ikisi artıq Bakıda çıxış ediblər. Bu, mürəkkəb trasdır. Onlar bu vaxtadək gördüyü işləri davam etdirməlidirlər: gələcək yürüşlərə hazırlaşmaq üçün təcrübə toplamalı, trasın xüsusiyyətini öyrənməlidirlər. Bizim nəticələr Monte-Karlodakı nəticələrdən o qədər də fərqlənməyəcək. Lakin həmişəki kimi, biz qarşıdakı yürüşə hazırlaşırıq və sərəncamımızda olan texnikadan istifadə edərək maksimum mümkün nəticələri göstərməyə çalışacağıq.
Həmçinin oxuyun:
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin cədvəli: onlayn necə baxmaq olar
DYP-dən "Formula 1"lə bağlı növbəti xəbərdarlıq