22:54 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
11 0 0

Yaponiyanın Olimpiada və Paralimpiadanın təşkili məsələləri üzrə naziri Seyko Haşimoto bildirib ki, koronavirusun yayılması səbəbindən Yay Olimpiya və Paralimpiya Oyunları ilin sonunda keçirilə bilər

BAKI, 3 mart — Sputnik, Teymur Tuşiyev. Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları koronavirus səbəbindən ilin sonunda keçirilə bilər.

Sputnik Azərbaycan Reuters-ə istinadla xəbər verir ki, bunu Olimpiada və Paralimpiadanın təşkili məsələləri üzrə nazir Seyko Haşimoto bəyan edib.

Sabiq velosipedçi və konkisürən Haşimoto bildirib ki, Yaponiya ilə Beynəlxalq Olimpiya Komitəsi (BOK) arasında razılıq yarışın təxirə salınmasına imkan verir. Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.

"BOK-la müqavilədə Olimpiya Oyunlarının 2020-ci ildə keçirilməsi nəzərdə tutulur. Bu, Oyunları bu ilin sonunadək təxirə salmaq üçün bir fürsət kimi şərh edilə bilər", - deyə Haşimoto bildirib.

O, həmçinin qeyd edib ki, müqaviləyə əsasən Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Oyunlarını ləğv etmək hüququ var. BOK-un rəhbəri Tomas Bax əvvəllər rəhbərlik etdiyi qurumun koronavirusun dünya miqyasında yayılmasına baxmayaraq, qrafik üzrə Olimpiya Oyunlarını Tokioda keçirmək niyyətində olduğunu bildirmişdi.

Haşimoto, həmçinin Yaponiyanın Olimpiya Oyunlarını əvvəlcədən planlaşdırılan vaxtda keçirməyə qərarlı olduğunu və yarışın ləğv edilməsinin yaponlara çox ciddi maliyyə itkiləri vəd etdiyini vurğulayıb.

Əlavə edək ki, hazırda Yaponiyada bütün kütləvi tədbirlər, konsertlər ləğv edilib, təhsil müəssisələri bağlanıb. Yaponiyada 973 nəfər koronavirusa yoluxub, onlardan 705 nəfəri "Diamond Princess" laynerinin sərnişinləri və heyətidir. Ən son məlumatlara görə, bu ölkədə 12 nəfər koronavirusdan ölüb, daha 50 nəfərin vəziyyəti ağırdır.

2019-cu ilin sonunda Çin hökuməti Hubey əyalətinin Uhan şəhərində naməlum mənşəli sətəlcəm xəstəliyinin başlandığını elan edib. Xəstəliyin törədicisi olan yeni növ koronavirusa fevralın 11-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "COVID-2019" adı verilib.

Martın 2-nə olan məlumata görə, dünyada 88 948 nəfər koronavirusa yoluxub. 64 ölkədə xəstəliyin qeydə alındığı bildirilir. Xəstəlikdən ölənlərin sayı üç min nəfərə yaxınlaşır (2915).

Əsas mövzular